Polşa hökuməti ABŞ-nin "SpaceX" şirkətindən ölkənin Avropa tarif zonasından çıxarılması ilə bağlı qərarını ləğv etməyi tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski məlumat yayıb.
"Mən "belə olmalıdır" cavabını qəbul etmirəm. Bu səbəbdən şirkətin polşalı müştəriləri üçün digər Avropa ölkələri ilə bərabər şərtlərin təcili bərpa olunması tələbi üzrə "SpaceX"ə müraciət etdim", - deyə Qavkovski "X" hesabında yazıb.
"Əgər İlon Maskın "SpaceX" şirkəti Polşa bazarında fəaliyyət göstərmək və polşalı müştərilərdən qazanc əldə etmək istəyirsə, onlara vicdanla və [digər ölkələrlə] bərabər şərtlərlə yanaşmalıdır", - deyə siyasətçi əlavə edib.
Bir neçə gün öncə "SpaceX" Polşanı 30-dan çox ölkənin daxil olduğu "Starlink" terminalları istifadəçiləri üçün nəzərdə tutulan Avropa rabitə regionundan çıxarıb. Şirkət bu qərarın səbəblərini açıqlamayıb.
Buna cavab olaraq, Polşanın xarici işlər naziri Radoslav Sikorski "SpaceX"in sahibi İlon Maska xəbərdarlıq edib ki, əgər ölkəsi Avropa rabitə regionuna qaytarılmazsa, Varşava Ukrayna üçün "Starlink" terminallarının ödənişini dayandıracaq.