Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıxanovların 93 yaşlı nümayəndəsi: "Dedilər, evinizdən İran şahının məktubları çıxıb"
"Bir gün Üzeyir bəy atamdan soruşur ki, sənin neçə övladın var? Atam da deyir, üç. Üzeyir bəy qayıdır ki, Əhmədxan, bizdə xalq çalğı alətlərində ifa edənlər çoxdur, amma Avropa alətlərində çalan yoxdur. Bizə lazımdır ki, gələcəyi fikirləşək. Gəlsənə sən üç övladının birini pianinoya, birini skripkaya, birini isə violonçelə qoyasan? Atam razılaşır. O vaxt konservatoriyanın nəzdində "İstedadlı şagirdlər" məktəbi vardı, hazırda Bülbül adına məktəb adlanır, Üzeyir bəyin təşəbbüsü ilə məni o məktəbin skripka sinfinə qəbul etdilər".
Bunu Oxu.Az-a videomüsahibəsində Xalq artisti, "Şöhrət" ordenli bəstəkar Tofiq Bakıxanov deyib.
- Bizim ailə musiqiçilər ailəsidir. Ulu babamız Abbasqulu Ağa Bakıxanov olub. Nəslimizdə dörd general olub, polkovniklər olub. Onlardan sonra gələn nəslin davamçılarından Əhməd Bakıxanov Məmədrza bəyin oğlu olub. Üç qardaş, bir bacı olublar. İki qardaş tarzən olub. Əhməd Bakıxanov respublikanın Xalq artisti, qardaşı Məmmədxan Bakıxanov isə Azərbaycan Dövlət Filarmoniyasının solisti, Əməkdar artist idi. Beləcə, bu ailədə dünyaya gələnlər musiqiçi oldular, o cümlədən də mən. Ən böyük xoşbəxtliyimiz onda idi ki, biz yaşadığımız Zərgərpalan küçəsində, qonşuluqda dahi bəstəkar Üzeyir Hacıbəyov yaşayırdı.
- Tofiq müəllim, siz opera yazmamısınız. Bunun səbəbi nədir?
- Təkcə operadan başqa bütün janrlarda yazmışam.
- Səbəb nə idi?
- Bilirsiniz, opera yazmaq çox əziyyətli işdir. Mən bir dəfə simfoniya yazmışdım, Moskva Bəstəkarlar İttifaqının sifarişi ilə. Onu yazandan sonra Moskvanın televiziya və radiosunun orkestri lentə aldı. O lenti gətirdim Qara müəllimin (bəstəkar Qara Qarayev - red.) yanına, dedim, Qara müəllim, xahiş edirəm, qulaq asasınız. Qulaq asdı, çox xoşuna gəldi. Dedi, Tofiq, bu, balet musiqisinə yaxındır, balet yaz.
Mən də o vaxt bir balet yazdım - "Xəzər balladası". Bu balet mənim üçün çox uğurlu oldu. Heç bir bəstəkara belə bir uğur rast gəlməyib. Onun tamaşadan əvvəlki baxışında ovaxtkı mədəniyyət naziri, bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyev mənə dedi ki, Tofiq, sənin tamaşanın baxışına xaricdən böyük bir qrup gəlib. Beynəlxalq festival üçün tamaşa axtarırlar. Bütün SSRİ-ni axtarıblar, 14 respublikanın hər birinə gediblər, tapmayıblar. Gələcəklər buraya.
Həmin qrup gəldi, qulaq asandan sonra bir də gördüm, ayaq üstə əl çaldılar. Dedilər ki, bizə bu əsər lazımdır, bunu biz festivalda göstərməliyik. 1969-cu ilin dekabr ayında biz 18 nəfər nümayəndə ilə yola düşdük beynəlxalq festivala. Nümayəndə heyətinin rəhbəri də Qara Qarayev idi.
Mənim beş tamaşam Parisdə, 30 tamaşam Fransanın digər şəhərlərində nümayiş olundu. Ondan sonra Lüksemburqda, Monte-Karloda, qayıdandan sonra Moskvada Qurultaylar Sarayında iki dəfə, həmçinin Sankt-Peterburqda, Kiyevdə göstərildi. Bu tamaşa mənə böyük uğur gətirdi.
Bundan həvəslənib ikinci bir balet yazdım - "Şərq poeması". Rus şairi Sergey Yeseninin yazdığı İran-fars motivləri əsasında. O da uğurlu oldu. Axırıncı isə Nizaminin 850 illiyi üçün müsabiqə elan olundu. Yenə də tamaşa-əsər yazdım - balet və bu müsabiqədə mükafat aldım. Mənim üç tamaşam Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında var idi.
- Musiqili komediya da yazmısınız...
- Bəli, üç musiqili komediya yazmışam, Nəriman Məmmədovla şərikli. "Altı qızın biri Pəri" - burada Nəsibə (Xalq artisti Nəsibə Zeynalova - red.), "Məmmədəli kurorta gedir" komediyamda Lütfəli Abdullayev və axırıncı, "Qız görüşə tələsir" komediyamda Arif Quliyev oynayıblar.
Bunu deməkdə məqsədim odur ki, bir dəfə mənim üçün libretto gətirdilər - Aşıq Ələsgər barədə. Librettonu müəllimimə göstərəndə onu göndərdi ovaxtkı Mərkəzi Komitədə katib Cəfər Cəfərova. Cəfərov özü teatrşünas idi. Librettoya baxanda dedi ki, yox, məsləhət deyil. Ondan sonra mən opera yazmadım, amma əvəzinə üç balet, üç musiqili komediya və başqa bütün janrlarda yazdım.
- Bayaq qeyd etdiniz ki, "Xəzər balladası" baletiniz sizə böyük uğur gətirdi. Amma bildiyimiz qədər, o balet Azərbaycanda birmənalı qarşılanmayıb və hətta adını çəkdiyiniz Mərkəzi Komitənin katibi Cəfər Cəfərova şikayət də ediblər. Nə məsələ idi o?
- Bilirsiniz, ad çəkmək istəmirəm, çünki o adamlar artıq həyatda yoxdurlar. Elə adamlar vardı ki, o əsərdə dirijorluq etmək istəyirdilər - icazə vermədilər. Ondan sonra ara bir az soyudu. Onlar bir qrup şəklində Qara Qarayevə qarşı çıxdılar ki, necə olur, üç balet Qara Qarayevin tələbələrinin əsəridir - Rauf Hacıyev "Azərbaycan suitası" və yaxud "Ləzginka", Fərəc Qarayev "Qobustan kölgələri", Tofiq Bakıxanov "Xəzər balladası" yazıb. Bir az paxıllıq var idi. Gözügötürməzlik olduğuna görə belə oldu, yoxsa başqa bir şey yox idi.
- Cəfər Cəfərovun şikayətə münasibəti necə oldu bəs?
- Bilirsiniz, o, bir az sərt adam idi. Yenə də ad çəkmirəm, böyük yazıçılardan birinin oğlu mahnı yazmışdı. O vaxt "Komsomol mükafatı"na mənim baletimi təqdim etmişdilər, "Azərnəşr", başqa idarələr təqdimat vermişdilər. Həmin o yazıçı Cəfər Cəfərovla dost olduğu üçün onun oğluna bir dənə mahnıya görə mükafat verildi, mənin böyük tamaşama verilmədi.
- Tofiq müəllim, deyirlər ki, Üzeyir Hacıbəyov o vaxt Mircəfər Bağırovdan sizin atanızın və əminizin həbsdən azad olunması ilə bağlı xahiş edib. Bu doğrudurmu, doğrudursa, niyə həbs olunmuşdular?
- Elə o da gözügötürməzlikdən oldu. Atam 1928-ci ildə Müslüm Maqomayevin təşəbbüsü ilə Azərbaycan Xalq Çalğı Alətləri Ansamblını yaratdı. O ansamblda ən yaxşı, güclü ifaçılar iştirak edirdilər. 1939-cu ilin dekabrında Moskvada ongünlük (dekada - red.) olmalı idi. Atam da oraya hazırlaşırdı. Amma günlərin bir günü atamla əmimi həbs etdilər. Belə motiv verdilər ki, guya Əhməd və Məmmədxan Bakıxanovlar İran muğamını təbliğ edirlər. İran muğamı nə ola bilər? "Bayatı-Şiraz"? Dedilər ki, Əhməd Bakıxanov bizi Şiraza çəkir, "Bayatı-Kür" - Kürdüstana çəkir. Yəni belə boş ittihamlarla həbs olundular. O vaxt gəlib akt yazmışdılar, evdə heç nə yox idi. İki otaqda yaşayırdıq, evdə kitablar, bir də alətlər vardı. Başqa heç nə yox idi.
Sonra anam rəhmətlik gedir Üzeyir bəyin yanına, deyir ki, heç bir təqsirləri olmaya-olmaya, bunlar siyasətlə məşğul olmayıblar, ancaq musiqidir işləri, bunları niyə tutsunlar?
Üzeyir bəy də anama deyir ki, qızım, sən birinci növbədə de görüm, sizə NKVD-dən gəlib baxanda akt yazıblar? Anam deyir, yazıblar. Çıxarıb aktı verir Üzeyir bəyə. Aktda da heç nə yoxdur, bomboş.
Anam deyir, ar olsun o qara əllərə ki, haqqımızda şayiə yayıblar. Guya İran şahının məktubları çıxıb, evdən silah çıxıb, kisələrlə azuqə çıxıb - baxın, heç nə yoxdur.
Üzeyir bəy deyir, qızım, nigaran qalma, mən Azərbaycanda Mərkəzi Komitənin rəhbərliyi ilə Moskvaya yola düşürəm, onlarla bir vaqonda olacağam. Mən çatdıraram bunu Mərkəzi Komitənin birinci katibinə.
Beləcə, bunlar yola düşəndə Üzeyir Hacıbəyov üzünü tutur birinci katibə, deyir ki, bəs bizim konservatoriyanın iki müəllimini həbs ediblər. Bağırov soruşur ki, kimlərdir? Deyir, Bakıxanov qardaşları.
Mircəfər Bağırov özü qubalı idi axı. Deyir, Bakıxanovların bütün nəslinin tarixini mən əzbər bilirəm. Köməkçisinə deyir, yaz, qayıdanda bu işlə özüm məşğul olacağam...
Dekada çox uğurlu keçir. Eşitdiyimə görə, İ.Stalin heç bir tamaşaya iki dəfə baxmayıb, amma "Koroğlu" o qədər xoşuna gəlir ki, ona iki dəfə baxır, sonra "Arşın mal alan" operettasına da iki dəfə baxır. Bunlara baxandan sonra atamla əmimi azad edir. Bir həftə sonra Üzeyir bəy bizə zəng edir ki, gözünüz aydın, Əhmədxanla Məmmədxanı həbsdən azad edirlər. Bu olub 1939-cu ildə.
- Tofiq müəllim, sizin cavanlığınız 37-ci illərə düşüb. Biz tarixdən oxumuşuq ki, çox ağır illər olub, repressiya dövrü olub. Necə xatırlayırsınız o illəri?
- Bizim evimizə yığışanların əksəriyyəti yazıçılar, şairlər, xanəndələr, musiqiçilər idi. Onlar hamısı yadımdadır. Eşitdiyimə görə, neçəsini həbs etmişdilər. Məsələn, Hacıağa Abbasov. İlk Azərbaycan Dram Teatrının müdiri olub, Xalq artisti idi, heç nədən tutdular. Hacıbaba Nəzərli vardı - yazıçı, onu tutdular. Yəni demək istəyirəm ki, o dövr çox ağır idi. Mənim yadıma gəlir ki, məktəbə gedəcəkdim, gördüm ki, formada gələn adamlar evi yoxlayırlar. Getdim, gördüm ki, atamgili aparıblar. Çox ağır vəziyyət idi.
Məsələn, biz Hüseyn Cavidgillə yaxın idik, evlərinə gedib-gəlirdik. Həbs etmişdilər Hüseyn Cavidi. Onun nə təqsiri ola bilər? Əsər yazan bir adamdı. Onun oğlu Ərtoğrul Cavid gəlib, mən onu görmüşəm. O da konservatoriyada bəstəkarlıq şöbəsində oxuyurdu, Üzeyir bəyin tələbəsi olmuşdu. Əfsuslar olsun ki, çox cavan yaşında ömrünü itirdi belə işlərə görə. Ağır vəziyyətdə idilər. Hətta çörəkpulları yox idi. Üzeyir Hacıbəyov onlara köməklik edirdi. O günlər getsin, gəlməsin.
- "Xeyir və Şər" baletindən sonra balet yazmısınız?
- Xeyr. Üçü bəsdir. Bilirsiniz, elə tamaşam var ki, mən o tamaşanın səhnəyə qoyulmasını 48 il gözləmişəm.
- Hansı tamaşanın?
- "Çay" poemasını yazanda opera teatrının şurası qəbul etdi, nazirliyə göndərdi, nazirlik onun qonorarını verdi, notlarını təhvil verdim, amma paxıllıqdan qoymadılar.
- Mahnı janrı, deyəsən, sizə o qədər də yaxın olmayıb.
- Mahnı yazmışam. Məsələn, "Gözəlliklər məskəni" - Tofiq Mütəllimovun sözlərinə, Süleyman Rüstəmin sözlərinə "Sevmir, qoy sevməsin", "Sevən könül", "İllərin nəğməsi", "Yaylaqlar" mahnısı. Bunları Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva, Elmira Rəhimova, Mobil Əhmədov, Rauf Adıgözəlov, Yaşar Səfərov və digərləri oxuyublar. Əfsuslar olsun ki, mənim mahnılarımı oxuyanların çoxu dünyasını dəyişib.
Gənc oxuyanlara mənim meylim yoxdur. Buna baxmayaraq, mənim hər yubileyimdə Filarmoniyada Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (dirijoru da Xalq artisti Ağaverdi Paşayevdir) gənc ifaçılar bütün mahnılarımı oxuyurlar. Demək olar ki, ildə iki-üç dəfə Filarmoniyanın orkestrinin müşayiəti ilə mahnılarımı oxuyurlar.
Romans janrı ümumiyyətlə bizdə itib-batırdı. Üzeyir bəyin iki romansı - "Sevgili canan", bir də "Sənsiz" - məktəbdir bizim üçün. Onların əsasında biz həvəslənmişik, yazmışıq. Məsələn, mən 20 romans yazmışam, Abbasqulu ağa Bakıxanovun və digər şairlərimizin sözlərinə. O romanslar da dörd dəfə çap olunan kitablarımda çıxıb.
Axırıncı dəfə də hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Abbasqulu ağa Bakıxanovun 200 illiyinə aid mənim bir albomum çıxdı.
- Ulu babanız Abbasqulu ağa Bakıxanov ilk tarixçilərimizdən hesab olunur, atanız Əhməd Bakıxanov ilk dəfə Xalq Çalğı Alətləri Ansamblını yaradıb, bəs Tofiq Bakıxanov ilk olaraq nə edib?
- İlk olaraq, Azərbaycanda professional kamera musiqisi mənim yaradıcılığımla bağlıdır. Bizdə kamera musiqisində bircə olub Asəf Zeynallı, o da erkən ölüb - 23 yaşında. Tofiq Quliyev də çıxışlarında deyib ki, Tofiq Bakıxanovun kamera musiqisində böyük zəhməti var.
Mən 26 kamera musiqisi əsəri yazmışam. Onların da hərəsinin müddəti yarım saatdır. Ondan başqa, müxtəlif alətlər üçün konsertlər yazmışam. Tar üçün altı, skripka üçün səkkiz konsert, nəfəsli alətlərdən - qoboy üçün iki konsert, klarnet və fleyta üçün konsertlər. Oxumaq üçün də konsert Azərbaycanda olmayıb, onu da mən yazmışam.
- Tofiq müəllim, sizcə, bu gün musiqimizdə hər şey qaydasındadır?
- Açığı, deyə bilərəm ki, 1960-cı illərin yerini verə bilmir. O vaxt bizim adlı-sanlı bəstəkarlarımız - Üzeyir bəy başda olmaqla Qara Qarayev, Soltan Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Süleyman Ələsgərov kimi insanların adları ilə bağlıdır. O vaxt bütün konsertlər peşəkar nöqteyi-nəzərdən böyük uğurla ifa olunurdu. Mən indi onu hiss eləmirəm.
- Sizcə, səbəb nədir, niyə yetişmir?
- Səbəb odur ki, Azərbaycan televiziyasına elə şəxsləri buraxırlar ki, o adamın ixtiyarı yoxdur orada çıxış eləsin. Hansı yolla gedirlər? Bu qədər müğənni olar? Keçmişdə müğənnilərin adlarını bilirdim, indi heç birini bilmirəm. İnkubator... Başa düşürsünüz? İnkubator, yəni hamısı eyni... Yoxdur elə oxuyan.
- Bəs bəstəkarlıq sahəsində vəziyyət necədir?
- Bəstəkarlığın vəziyyəti də bir az çətinləşib. O adamlar ki bizdə vardı, indi dünyalarını dəyişiblər. Demək olar ki, o nəsildən yeganə mən qalmışam. Mənim də 94 yaşım tamam olacaq. Buna baxmayaraq, gələcəyimlə bağlı çox işlər görürəm - musiqi ilə bağlı kitablarımı yazıram, əsərlərimi çap etdirirəm. Elə bu yaxınlarda mənin üç baletim bir yerdə çap olunub. Bundan başqa, "Kamança" konserti yazmışam, onu da rəhmətlik Ədalət Vəzirova həsr etmişəm ...
- Nəvə-nəticələrinizdən yolunuzu davam etdirən var?
- Xeyr, musiqi ilə məşğul olanı yoxdur.
- Niyə?
- Belədir də. İki nəvəm İsveçdə yaşayır - Stokholmda. Qızım rəhmətə gedib, alim idi, ərəbşünas.
- Dediniz ki, 1960-cı illərdə bir yaradıcılıq bumu yaşanmışdı, bu gün isə yetişmir. Sizcə, buna səbəb övladlarının onların yolunu davam etdirməməsi ola bilərmi?
Ətraflı videomüsahibədə:
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər