Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qəzəlxan Əliağa Vahidin doğum günüdür
Fevralın 17-si Azərbaycan şairi, qəzəlxan və meyxanaçı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Əliağa Vahidin doğum günüdür.
Oxu.Az xatırladır ki, Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1895-ci ildə Bakı şəhərində anadan olub.
Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şerlər yazıb. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.
Vahid "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
44 günlük Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısının sözləri də Əliağa Vahidə məxsusdur.
Əliağa Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırıb, ona 1951-ci ildə ikiotaqlı mənzil verib.
O, 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.
Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulub, daha sonra təmir zamanı İçərişəhərə köçürülüb.
Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.