Bu gün Əməkdar artist Ələsgər Məmmədoğlunun vəfatından bir il ötür.
Oxu.Az xəbər verir ki, aktyor 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.
1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb.
Ə.Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar”, Anar), Milis (“Yaşıl eynəkli adam”, V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi”, K.Haldoni) və s. kimi obrazlar yaradıb.
“Mozalan” satirik kinojurnalının 20-yə yaxın sujetinə çəkilən Ələsgər Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları” (Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər) və başqa bədii filmlərdə də rol alıb. Aktyor son dəfə “Xoxan” filminə çəkilib.
Ələsgər Məmmədoğlu uzun müddət qaraciyər xərçəngi, qan təzyiqi və öd kisəsində yaranmış problemlərdən əziyyət çəkib. O, 21 dekabr 2015-ci ildə vəfat edib.
Aytən Sadıqzadə
www.oxu.az