Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva rəhbərlik etdiyi musiqi məktəbinin tələbələri ilə birlikdə 4 noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, konsertin aparıcısı Lətafət Ələkbərova Fidan xanımın ikiqatlı sevincli və həyəcanlı olduğunu vurğulayıb. O qeyd edib ki, bir il bundan əvvəl - 2016-cı il mayın 1-də açılışı olmuş “Fidan Hacıyeva Musiqi Mərkəzi” artıq rəsmi dövlət qeydiyyatından keçərək “Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi” statusunu alıb. Bildirilib ki, məktəbdə təhsil alan tələbələr arasında yaşı 7 və 50-dən yuxarı olanlar da var.
Konsert Fidan Hacıyevanın ifasında ona Azərbaycan və dünya səhnəsində uğur gətirən “Karmen” operasından “Habanera” adlı əsərlə açıq elan olunub. Daha sonra Vokal Musiqi Məktəbinin tələbələri öz istedadlarını nümayiş etdiriblər. Eyni zamanda, F.Hacıyeva tələbələri ilə birlikdə duet də səsləndirib.
Konsert proqramı dünya şöhrətli Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.
Aytən Sadıqzadə
www.oxu.az