Sentyabr ayının 18-də, premyeraya 3 gün qalmış “Park Cinema IMAX”-da “Kingsman:Qızıl dairə” filminin eksklüziv nümayişi baş tutub. Tədbirdə tanınmış jurnalist, bloqer, rejissor və özəl şirkət nümayəndələri iştirak ediblər.
Oxu.Az xəbər verir ki, filmin 2015-ci ildə ekranlara çıxan birinci hissəsi kino sahəsində böyük nailiyyətlərə və müsbət rəylərə səbəb olub. İkinci hissə də rejissor Metyu Von tərəfindən çəkilib.
Müsahibələrinin birində o, filmin davamının çəkilməsinə ehtiyacın olub-olmamasında şübhə duyduğunu etiraf etmişdi: “Bu filmi çəkmək istədiyimi dəqiq bilmirdim. Caniyə görə narahat idim, çünki casus filmlərində müvəffəqiyyət daha çox canidən asılıdır. Lakin səhərlərin birində oyanıb, necə bir hekayə və hansı caninin mənə lazım olduğunu anladım”.
Filmin süjet xətti belədir: “Kingsman” məxfi xidmət agentliyinin qərargahı məhv edildikdə və bütün dünya naməlumların əsirinə çevriləndə, britaniyalı superagentlər aşkarlayırlar ki, onların təşkilatları ilə eyni gündə “Statesman” amerikan kəşfiyyatı da təsis edilmişdi. İndi isə bu iki xüsusi xidmət bir araya gəlməli və dünyanı xilas etmək üçün ortaq qəddar düşmənlə mübarizəyə girməlidirlər, yəni Eqqsi üçün adət halına çevriləcək işlə məşğul olmalıdırlar.
Film haqqında maraqlı məqamlardan biri də odur ki, "Statesman" təşkilatının üzvlərinin təxəllüsləri spirtli içkilərin adlarından götürülüb. Baş rolları Teron Ecerton, Culiana Mur, Mark Strong, Edvard Holkroft və digərləri canlandırıblar.
Film 21 sentyabrdan etibərən “Park Cinema” kinoteatrlar şəbəkəsinin ekranlarında nümayiş olunacaq. Biletlər parkcinema.az saytı və kinoteatrın kassalarında artıq satışdadır.
A.S.
www.oxu.az