Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın "silkway.uz" saytında "Човган - традиционная игра в Азербайджане" adlı məqalə verilib.
Oxu.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadla xəbərinə görə, məqalədə qeyd olunur ki, 2013-ci ildə təcili mühafizəyə ehtiyacı nəzərə alınaraq, Azərbaycanda Çövkən oyunu YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və bu oyun azərbaycanlılar, özbəklər, taciklər arasında geniş yayılıb.
Müəllif qeyd edir ki, Çövkən - Azərbaycanda ənənəvi oyun, qədim tarixə və ənənələrə malik, milli idman növüdür. Oyunun fraqmentləri Azərbaycanın qədim miniaturlarında təsvir olunmuş, qaydaları isə qədim əlyazmalarda verilib.
Məqalədə yazılır: əsrlər ərzində həm Azərbaycanda, həm də Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə bu oyun çox populyar olub, XII əsrdə Çövkən oyunu üzrə ilk beynəlxalq yarışın o vaxtkı mədəni paytaxt - Bağdad şəhərində keçirilib.
Müəllif, məqalədə qeyd edir ki, tarixi sənədləri araşdırarkən Azərbaycanın Beyləqan şəhərində XI əsrdə bu oyunun mövcudluğu faktı təsdiq olunmuş, dahi Azərbaycan şairi, klassiki Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində, həmçinin "Kitabi-dədə Qorqud" dastanında Çövkan oyununun adının hallanmasına rast gəlmək olar.
1979-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası tərəfindən "Çövkən" oyunu haqqında qısa sənədli filmin çəkildiyi, 2006-ci ildə Şəki şəhərində "Çövkən" milli atçılıq oyunu üzrə Azərbaycan Prezidentinin Kuboku uğrunda turnirin keçirildiyi məqalədə öz əksini tapıb.
Sonda Britaniyanın məşhur "The Telegraph" qəzetinin "Çövkən" qədim Azərbaycan oyunu barədə geniş material təqdim etdiyi məqalədə qeyd olunur.
Məqalələrin tam versiyası ilə http://www.silkway.uz/newsmore/5972 saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, məqalə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi "Özbək mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə "Azərbaycanın qeyri-maddi mədəni irsi" nominasiyası üzrə təqdim olunub.