Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xalq artisti Kamil Cəlilovun doğum günüdür
Bu gün tanınmış qoboy ifaçısı Kamil Cəlilovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində dünyaya gəlib. Atası Cəlil kişi İkinci Dünya Müharibəsində ayaqlarını itirib. Dülgərlik sənəti ilə məşğul olan atasının musiqiyə də marağı böyük olduğu üçün oğlunun musiqi məktəbində təhsil almasını istəyib. Hətta Kamilə bir nağara da düzəldib.
Musiqi məktəbində təhsil almağa başlayan Kamil təsadüfən eşitdiyi qoboy musiqi alətinin ifaçısı olmaq istəyir. Ancaq atası bu həvəsə qarşı çıxır. O, həmin illəri belə xatırlayır:
"Yeni çalmağa başladığım vaxtlarda atam qoboyumu sındırıb, məni döydü, sonra zirzəmiyə saldı. Atam əlil olduğuna görə ifam onun əsəblərinə toxunurdu. Hətta zirzəmidə özümə şərait yaradıb orada da qoboy çalırdım. Bu çətinliklərimi görən anam məni oradan xilas etdi".
Kamil Cəlilov Əhməd Bakıxanovun ansamblında qoşanağara çalmaqla yanaşı, qoboy dərslərinə də gedib.
Bir gün Ə.Bakıxanov onu yanına çağırır və deyir ki, eşitmişəm qoboy da çalırsan. Gənc Kamil "Bayatı-kürd"ü ifa edir və Əhməd müəllim ona heyran qalır. Bundan sonra studiyaya gedirlər və Kamil Cəlilovun ilk lent yazısı qeydə alınır.
Sənətinə çox bağlı olan Kamil Cəlilov müsahibələrinin birində deyib: "Bir gün qoboy çalmasam, ölərəm. Çörək yeməsəm, ondan yaxşıdır".
Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk sənətçi, Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.
1977-ci ildə NASA-nın "Voyager 1" peyki ilə kosmosa göndərilən qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı "Çahargah ahəngi" adlı kompozisiyası da var.
Onun ifasında "Apardı sellər Saranı", "Sarı bülbül" və bir sıra digər xalq mahnıları çox yanıqlı və kövrək səslənir. Kamil Cəlilovun ifasında Nikolay Rimski-Korsakovun "Çar Soltan haqqında nağıl" operasından "Arının uçuşu", Üzeyir Hacıbəylinin "Firuzə" operasından "Firuzənin ariyası", Fikrət Əmirovun "Mən səni araram", "Göygöl" mahnıları, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindən bir sıra fraqmentlər səslənib.
Fikrət Əmirov onun çalğısını yüksək qiymətləndirib. Niyazi isə Kamil Cəlilov çalğısına xas olan sadəlik və təbiiliyi xüsusilə vurğulayıb. Qara Qarayev "Üçüncü simfoniya"sının Dövlət Kamera Orkestrində məşqi zamanı Kamil Cəlilovun bu əsərdə texniki cəhətdən mürəkkəb qoboy partiyasını məharətlə ifa etdiyini, eləcə də onun ifasında buradakı solo epizodlara heyran qaldığını bildirib.
K.Cəlilov Aqşin Əlizadənin də bir sıra kamera əsərlərinin qoboy partiyasını ifa edib. Bəstəkar Oqtay Rəcəbov onu "qoboyun Paqaninisi" adlandırıb.
O, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Kamil Cəlilov 2022-ci il fevralın 23-də, 84 yaşında dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
Rəylər