Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
10 il sonra ölkədə skolioz dəhşətli dərəcədə artacaq - MÜSAHİBƏ
Son dövrlərdə böyüklərlə yanaşı, məktəbli uşaqlarda da onurğanın əyilməsi çox geniş yayılıb. Bunu əsrin ən ciddi problemlərindən biri adlandırsaq, yanılmarıq. Dünya ölkələri ilə müqayisədə, bu gün Azərbaycan da bu problemlə mübarizə aparsa da, nəticə heç də ürək açan deyil.
Məsələ burasındadır ki, yerdən süfrə açıldığı, bir çox evlərdə məktəbli stollarının olmadığı bir vaxtlarda, iki bükülüb iş görən, dərs oxuyan insanlarda belə bu xəstəlik bu qədər geniş yayılmamışdı. Bəs görəsən, bu gün uşaqların əksəriyyətində skolioz xəstəliyinin olmasının əsas səbəbi nədir? Genetik faktor? Oturaq həyat tərzi? Mobil telefon və kompüterlər?
Oxu.Az-ın oxucuları maraqlandıran bu və digər suallarını fəlsəfə doktoru, həkim nevroloq, manual terapevt Vaqif Yaqubov cavablandırıb:
- Son dövrlərdə skolioz adlandırdığımız onurğa əyriliyi problemi uşaqlar arasında daha çox yayılıb. Bir balaca xəstəlik haqqında məlumat verərdiniz.
- Əslində, bədəndə istənilən assimmetriyanı skolioz kimi qəbul etmək düzgün deyil. Onurğa əyriliklərinin bir çox növü var. Ümumiyyətlə, frontal müstəvidə insan bədəninin yana əyilməsidir. Skoliozun əsl forması onurğanın fırlanması (rotasiyası) zamanı baş verir.
Digər bütün hallar isə skoliotik deformasiyalar kimi qiymətləndirilir. Bəzən qeyri-peşəkar həkimlər bir balaca əyrilik görən kimi ona skolioz diaqnozu qoyurlar. Bu, düzgün deyil. Skolioz xəstəliyi dərəcələrə görə müəyyən edilir: 10 dərəcəyə qədər birinci dərəcə skolioz, 10-25 dərəcə arası ikinci, 26-49 dərəcəyə qədər üçüncü, 50 dərəcədən yuxarı isə dördüncü dərəcə və riskli skolioz hesab edilir.
Xəstəni soyundurub, diqqətlə baxmaq lazımdır ki, çanaq əyilməsinin olub-olmaması, ayaqların uzunluğuna görə bir-birindən fərqlənməsinə görə skolioz diaqnozu şübhə altına qoyulsun və nüayinəyə göndərilsin.
- Skoliozun hansı növləri var?
- Skolioz xəstəliyi anadangəlmə və sonradan qazanılmış olaraq iki hissəyə ayrılır. Digər tərəfdən, əyriliklərin növlərinə görə isə C-vari, S-vari və Z-vari. Bunlar arasında Z-vari ən ciddi –üç tərəfə əyilmələrlə müşahidə edilən növdür ki, buna o qədər də çox rast gəlinmir. Rast gəlindikdə isə minimum dərəcə ilə müşahidə edilir. Bu gün Azərbaycanda ən çox yayılan S-varidir, daha sonra isə C-varidir.
- Bəs bu əyriliklərin yaranmasında əsas faktorlar hansılardır?
- Əgər biz anadangəlmə skoliozdan danışırıqsa, bu, birbaşa hamiləlik patologiyası hesab olunur və anadangəlmə qüsur sayılır. Uşaq doğulanda artıq onda hansısa sümük deformasiyaları mövcud olur. Daha sonra bu uşaqlarda ciddi problemlər yaşanır. Əslində, sağlam doğulan uşaqlarda onurğa sütunu düz olur.
Fizioloji əyrilikləri boyun və bel lordozu, döş kifozu olmur. Boyun ordozu uşaq doğulandan iki ay sonra (boynunu saxlamağa başladığı dövrdən) formalaşmağa başlayır. Daha sonra altı aydan sonra uşaq oturmağa başladıqdan sonra onda döş kifozu formalaşmağa başlayır. Nəhayət, bir yaşında - yeriməyə başladığı dövrdən bel lordozu formalaşmağa başlayır.
Üç-dörd yaşa qədər bütün bunlar formalaşır. Amma anadangəlmə skoliozla doğulan uşaqlarda bu proses norma daxilində inkişaf etmir. Qeyd edilən dövrlərdə əyriliklər daha da artır, lordozlar, kifozlar formalaşa bilmir. Belə xəstələr bəzən çox erkən yaşlarda cərrahi əməliyyatlara məruz qala bilirlər.
Amma sonradan qazanılmış skolioz, demək olar ki, çox ciddi həyati problemdir. Kompüter əsrində, hər kəsin oturaq iş sistemində çalışması, nəqliyyatdan çox tez-tez istifadə etməsi bu xəstəliyin genişlənməsinə zəmin yaradır. Əvvəllər nəqliyyat vasitələri çox deyildi, insanlar daha çox gəzirdilər, idman hərəkətləri edirdilər, daim fiziki iş rejimində olurdular. Amma bugünkü dövrdə bir insanın gündəlik həyat tərzində 24 saatın 80 faizini oturması və uzanması aparır.
Bunun nəticəsində onurğada əzələ zəifliyi başlayır. Statistikaya görə, hərəkət stereotiplərinin 80 faizi əzələlərə, 20 faiz ağırlıq isə sümüklərin üzərinə düşür. Amma əzələ boşaldıqda vətərlər bu ağırlığı öz üzərinə götürə bilmədiyi üçün yük düşür onurğa sütunun üstünə. Bu isə xəstəliyin müxtəlif dərəcələrinin yaranmasına şərait yaradır.
- Hansı yaş aralığında bu problemlərə daha çox rast gəlinir?
- Mən deyərdim ki, birinci sinif uşaqlarında skolioz əlamətlərinin yaranması və yayılması daha çoxdur. Çünki evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqların düzgün oturuş qaydalarına, riayət etmirlər. Bundan başqa, niyə məktəblilərdə bu xəstəlik bu qədər artıb, deyim sizə.
Məktəbli çantalarının qəti şəkildə düzgün seçilməməsi və ağırlığın çiyinə birtərəfli düşməsi. Bəli, bu məsələdən dəfələrlə danışılsa da, nəticə dəyişmir. Buna statik vəziyyət deyilir. Uşaq əyilir və o şəkildə yazı yazmağa, oturmağa başlayır. Daha sonra birinci təkan yeddi yaşda müşahidə edilir, ikinci təkan isə artıq 12-14 yaşda baş verir. Nə zaman ki cinsi hormonlar inkişaf etməyə başlayır, bu zaman skolioz da artır.
- Məktəblərdə, bağçalarda uşaqların qeyri-standart tərzdə hazırlanmış stol-stullardan istifadəsi təsir edirmi?
- Bəli, partaların hündürlüyü, stolların standartlara uyğun hazırlanması önəmlidir. Uşaqlar neçə saat bu şəraitdə oturur. Bu, yaxın gələcəkdə - 10 il ərzində faciəli nəticələr gətirəcək. Qamətin düzgün saxlanılması üçün bu xırdalıqlara əməl olunmalıdır.
- Bu problemin aradan qaldırılması üçün tövsiyyələrinizi bölüşün.
- Bilirsiniz, bu, birbaşa insanın özündən asılıdır. Sizə maraqlı bir eksperiment deyim. Ukraynada 10 il bundan qabaq birinci sinif uşaqları üzərində eksperiment aparıblar. 45 uşaq əvvəl müayinədən keçirilib və hər birində olan əyrilik dərəcələri qeyd edilib. Daha sonra onların hər biri üçün kiçik, içərisi duz ilə dolu kisələr tikilib. Uşaqlar bunu evdə, məktəbdə başlarının üzərində düz saxlamaqla yazı yazırdılar. Bir il davam edən bu metodun nəticəsində isə uşaqlarda 48 faiz skolioz əyriliklərinin bərpası müşahidə edilib.
Onlardan bəzilərində hətta tamamilə əyrilik düzəlib. Bu kimi üsullardan istifadə edə bilərlər. Xəstələrə spesifik olaraq xüsusi idman hərəkətləri, özümün müəllifi olduğum müalicə metodları tətbiq edirəm. Üzgüçülük və digər idman növləri ilə məşğul olmalarını tövsiyə edirəm.
- Skolioz ağrılı olurmu? Onun ilkin simptomlarını necə müəyyən etmək olar?
- Ağrılı skoliozlar var, bəli. Amma buna uşaq yaşlarında, demək olar ki, rast gəlinmir. Böyüklərdə isə az rast gəlinir. Ümumilikdə, 10 faiz təşkil edir. Əsasən, bu xəstəlik gizli gedən prosesdir. Əslində, ağrı verən skolioz deyil, əzələlər olur. Əzələlər gərginləşir, miofassial fibroz toxumalar düyünlənir. Ağrı olanda valideynlər daha çox qorxur. Onlara deyəndə ki, məsuliyyətsizdirlər., xoşlarına gəlmir. Amma müalicə metodlarına olduqca məsuliyyətsiz, qeyri-ciddi yanaşırlar. Hərdən onları başa düşə bilmirəm.
- Bütün valideynlər bu barədə məlumatlı olmaya bilir. Uşaqlarda bu problemin ilkin simptomlarını necə görmək olar?
- Yuyundurmazdan qabaq tam şəkildə uşaqların bədəninə baxmaq lazımdır. Ən azı uşağı üzü aşağı uzadıb, iki ayağını birləşdirib əvvəl pəncələrinə baxmaq lazımdır ki fərq var, yoxsa yox. Daha sonra vizual olaraq çiyinlərdə fərq hiss olunur. Ola bilər ki, çiyinlərindən biri yuxarıdır, digəri isə aşağı. Bel-çanaq büküşündən də bu problemin ilkin əlamətlərini müəyyən etmək olar.
- Xəstəliyin müəyyən dərəcələrini saydıq. Bu dərəcələrdən hansında cərrahi əməliyyat qaçınılmazdır?
- Bilirsiniz, əslində, dördüncü dərəcəyə qədər skoliozlarda, vaxtında həkimə müraciət edilərsə, müalicə üsulu ilə aradan qaldırmaq olur. Cərrahi müalicə o zaman təyin edilir ki, bu proses proqressiv şəkildə artır. Uşaqlarda 45 dərəcə (üçüncülü skolioz) əyrilik varsa və üç il müddətinə həkim nəzarətində bu prosesin 5-7 dərəcəyə qədər artımı müşahidə edilirsə, buna mütləq cərrahi yollarla müdaxilə etmək lazımdır. Yox, əgər pisləşmə yoxdursa, düzgün müalicə ilə problem aradan qaldırmaq olar.
- Skolioz daxili orqanlara təsir edirmi? Özü ilə bərabər orqanizmdə daha hansı problemlər yarada bilir?
- Onurğa sütununun içərisində onurğa beyni yerləşir. Əyilmə prosesi zamanı onurğa beyni kökcükləri sıxılır. Bu halda xəstələr əməliyyata göndərilir. Daha sonra xarici görünüşlərdə yaranan ciddi deformasiyalar, estetik görünüşün bərpa edilməsi üçün cərrahi prosedurlar tətbiq edilir. Onurğa sütunu əyildikcə digər orqanlara da təsir edə bilir.
Döş qəfəsində əyrilik varsa, bu, ağciyərlərə də təsir edir. Ürəyin forması və yeri dəyişə bilir. Daxili orqanlara çox ciddi təsir etdiyinə dair faktla rastlaşmamışam. Biz deyə bilmərik ki, onurğanı bu istiqamətdən sıxanda hər hansı bir orqana ağrı verir. Çünki hər bir daxili orqanla bir neçə onurğa seqmenti arasında bağlar var.
Hər bir fəqərə arasından gedən sinir bir neçə orqana gedir. Ona görə buna nisbətən təsir edir.
- Müalicə prosedurları haqqında danışardınız.
- Dünyada skoliozun müalicəsində qəbul edilmiş iki ən önəmli üsul var. Bunlar korsetləşmə və cərrahi üsuldur. Digər eşitdiyimiz, gördüyümüz bütün yollar həkimlərin özləri tərəfindən tətbiq edilən müxtəlif effektiv və ya qeyri-effekiv əlavə üsullardır. Bəzən bunlar ciddi qəbul olunmur.Sırf skolioz üçün Azərbaycanda tətbiq edilən müalicəvi massaj, fizioterapiya, fərdi olaraq hər xəstəyə uyğun idman hərəkətləridir.
İynə batırma (akupunktura üsulu) tətbiq edilir. Bu istiqamətdə mənim özümün müəllifi olduğum üsullar var ki, onlardan yüksək nəticələr əldə etmişəm.
- Normalda bütün insanların altı aydan bir həkim müayinəsindən keçməsi tövsiyə edilir. Bu problemin erkən mərhələlərdə müəyyən edilməsi üçün neçə aydan bir həkim yoxlamalarına gəlinməlidir?
- Yaxşı olar ki, altı aydan bir həkim müayinəsindən keçilsin. Amma əgər mən uşaqda hər hansı problem aşkarlayıramsa, onu hər üç və ya altı aydan bir yoxlanışa gətirmələrini tapşırıram.
- Yataqlar prosesin irəliləməsinə təsir edirmi?
- Bəli. Yataq ortepedik olmalıdır. Onun üzərində bədən formasını götürən xüsusi örtüklər olur. Bərk yerdə yatılmalıdır, taxta üstündə uzanmaq lazımdır kimi fikirlər doğru deyil.
- Genetik faktor nə qədər rol oynayır?
- Genetik faktor önəmlidir. Çox şahidi oluruq ki, valideynin bədən quruluşu övladına keçir.
- Hamilə qadınlarda bu problem müşahidə edilir?
- Hamilə qadınlarda bu problem dünyaya gələcək övladlarına təsir edə də bilər, etməyə də. Belə ki, dediyimiz genetik faktor mövcuddursa, özünü büruzə verə bilər. Amma üç uşaq dünyaya gətirən xanım tanıyram ki, heç bir problem olmayıb. Uşaqlar da sağlam dünyaya gəlib. Artıq üçüncü doğuşdan sonra bizə müraciət edib. Onurğa sütununda kifayət qədər əyilmələr olduğu üçün cərrahi əməliyyata ehtiyac var idi.
Könül Cəfərli
FOTO: Ramil Zeynalov
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
- "Haber Global": COP29-da Türkiyənin təqdim etdiyi "Sıfır tullantı" stendi böyük diqqət çəkir
Rəylər