Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
13 dəfə prezidentlə görüşən polkovnik: “O vaxt Heydər Əliyev Müdafiə Nazirliyinə irad tutmuşdu” -MÜSAHİBƏ+FOTO
“Hərbi xidmətdə olduğum dövrlərdə 13 dəfə Azərbaycan Respublikasının prezidenti, ulu öndər Heydər Əliyevlə görüşmüşəm. 1994-cü ildə döyüş bölgəsində xidmət edən zabitlərin rütbə artımı ilə bağlı problem var idi. Ulu öndər 9 aprel 1994-cü ildə Füzuli döyüş bölgəsində, “N” saylı hərbi hissədə zabitlərlə görüşü zamanı bunu gördü və dərhal bu məsələnin həlli istiqamətində tapşırıq verdi. Bununla bağlı Müdafiə Nazirliyinə ciddi irad bildirdi. Məsələ nə idi? Tutaq ki, baş leytenantdan kapitana qədər rütbə artımı üç il müddətinə təmin edilirdisə, Heydər Əliyevin tapşırığına əsasən, bu proses bir il beş ay ərzində təmin olunmağa başladı. Bu, yalnız döyüş bölgəsində xidmət edən zabitlərə aid idi. Bundan sonra orduda zabit kontingentinin formalaşdırılması daha sürətli və keyfiyyətli oldu”.
Bunu Oxu.Az-a müsahibəsində polkovnik Mirqiyas Rüstəmov 15 İyun - Milli Qurtuluş Gününün tarixi ilə bağlı danışarkən deyib. Müsahibəni təqdim edirik:
- 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaradılması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planına hesablanmışdı. Həmin dövrə qayıtsaq, nə baş verirdi?
- Çində belə bir deyim var, “insanlar bir-birinə qarğış edəndə deyirlər ki, görüm səni keçid dövründə yaşayasan”. Bu fikirdə, həqiqətən də, böyük bir məntiq var. Yəni həmin vaxt Azərbaycanın keçid dövrü idi. Araşdırmalar da göstərir ki, tarixin bütün dönəmlərində bir quruluşdan digər quruluşa və yaxud bir siyasi prosesdən digərinə keçən zaman çox ağır, çətin dövr yaşanır. 1990-cı illər də Azərbaycan xalqının həyatında keçid dövrü idi. Yəni totalitar rejimli sovet imperiyası süquta uğramışdı və digər xalqlar kimi, Azərbaycan xalqı da öz istiqlaliyyətini, suverenliyini əldə etmişdi. Həmin vaxt hökm sürən xaos, hakimiyyət uğrunda mübarizə, ictimai-siyasi qarşıdurmalar, bundan əlavə, xarici havadarlarının dəstəyi və köməyi ilə Azərbaycan xalqına qarşı torpaq iddiaları ilə çıxış edən dırnaqarası qonşularımız böyük bir böhranın qurucu elementləri idi.
Bəzi qüvvələr də Azərbaycanı içəridən parçalamağa, ölkəni müharibəyə sürükləməyə çalışırdılar. Bütün sahələrdə vəziyyətin stabilləşdirilməsi üçün mütləq liderlik qabiliyyəti yüksək olan böyük bir şəxsiyyətə ehtiyac duyulurdu.
Ümummilli liderimiz Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu dövrdə, 1993-cü il yanvar ayının 27-də “Nezavisimaya qazeta”nın müxbiri ondan müsahibə götürmüşdü. Müxbirin ona ünvanladığı suallardan ən maraqlısı belə idi: “Sizin rəqibləriniz deyirlər ki, keçmiş siyasi partiya rəhbərliyində olmuş bir şəxs demokrat ola bilməz. Siz bu məsələyə necə baxırsınız?” Buna Heydər Əliyev çox məntiqli və gözəl bir cavab vermişdi: “Yüksək mənəviyyat, siyasi mədəniyyət və böyük məsuliyyət olmayan yerdə hər hansı demokratiyadan danışmaq mümkün olmazdı”.
Gəncədə məlum hadisələr baş verən zaman Heydər Əliyev iyunun 7-də Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyətinin yığıncağını keçirdi və orada bəyannamə qəbul olundu. Bu bəyannamə Azərbaycanda bütün insanları təmkinli olmağa, milli birliyə və vətəndaş həmrəyliyinə çağırırdı.
Bundan iki gün sonra, iyunun 9-da xalqın təkidi və tələbi ilə Heydər Əliyev Bakı şəhərinə gəldi.
- Həmin günlərdə iğtişaş səbəbindən Heydər Əliyev yenidən Gəncəyə qayıtdı. O zaman hansı istiqamətdə addımlar atıldı?
- Sözsüz ki, həmin dövrdə hadisələr, əsasən, Gəncədə cərəyan edirdi. Ona görə də Heydər Əliyev Gəncədə vəziyyəti sabitləşdirmək üçün orada qarşılıqlı müzakirələr apardı. İyunun 15-də Milli Məclisdə iclas keçirildi. Heydər Əliyev Gəncə hadisələri ilə bağlı arayış verdi. Deputatlar onu parlamentin sədri seçdilər.
Ölkədə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaq ümummilli liderin çiyinlərinə daha böyük məsuliyyət hissi qoydu. O, dövlətçilik ənənələrinin daha da təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək xalqın ümidlərini doğrultdu.
Vətəndaş qarşıdurması aradan qaldırılandan sonra ən ağrılı problem torpaqlarımızın işğalçı ermənilərin tapdağı altında qalması idi. Erməni təcavüzünün qarşısının alınması üçün daha böyük işlər görmək lazım idi. Amma çatışmazlıqlar da çox idi.
- O dövrdə Azərbaycan Ordusu bugünkü kimi formalaşmamışdı.
- Tarixən dünyanın bütün ölkələrində ordunun vəziyyəti cəmiyyətdə gedən ictimai-siyasi proseslərlə qiymətləndirilib. Yəni cəmiyyətdə hansı vəziyyət hökm sürürsə, orduda da durum eynidir və əksinə. Qeyri-sabit ictimai-siyasi proseslər, hakimiyyət uğrunda mübarizə, separatçılıq fonunda ordu necə ola bilərdi, sizcə? Əgər ölkədə sabitlik yoxdursa, demək, onun ordusunda da hərbi nizam-intizam aşağı olacaq. Zəif dövlətin heç vaxt güclü ordusu, güclü dövlətin heç vaxt zəif ordusu ola bilməz. Paralel aparaq - səhhətində problem olan insan güclü, qüvvətli ola bilərmi?
Bu səbəbdən 1990-cı illərin əvvəllərində ölkəmizdəki müəyyən proseslər orduya da ciddi təsir eləmişdi. Nəticə olaraq torpaqlarımızı itirmişdik. Bunların qarşısını almaq üçün ümummilli lider Heydər Əliyev vacib addımlar atdı. İlk növbədə, ölkənin sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər gördü.
1993-cü il noyabrın 2-də Heydər Əliyevin Azərbaycan xalqına televiziya və radio vasitəsilə tarixi müraciəti oldu. Bu müraciət vətəndaşlarımızın torpaqlarımızı düşməndən geri qaytarmaq əzmini artırdı. 1994-cü ilin yanvar ayından başlayaraq ümummilli lider Heydər Əliyevin komandanlığı altında torpaqlarımızın geri qaytarılması istiqamətində müvafiq tədbirlər görülməyə başladı. Belə ki, Horadiz-Hadrut istiqamətində, eləcə də Beyləqan-Xocavənd istiqamətində döyüş əməliyyatları həyata keçirildi. Yanvarın 4-dən 5-nə keçən gecə Heydər Əliyevin komandanlığı altında əks-hücum əməliyyatı müsbət nəticə verdi. Döyüş əməliyyatı uğurlu alındı. Belə ki, düşmən 30 kilometrə qədər ərazini boşaltdı. Həmin dövrdə bir qəsəbə, Horadiz şəhəri və 30-a yaxın kənd düşmən işğalından azad edildi.
Beləliklə, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması nəticəsində Azərbaycan xalqı yaranmış ən ağır, böhranlı vəziyyətdən qurtuldu. Təsadüfi deyil ki, bu məsələ Milli Məclisdə müzakirə olundu və 15 iyun təqvimə Milli Qurtuluş Günü kimi daxil edildi.
- Ordunun möhkəmləndirilməsi üçün hansı keyfiyyətlərə nəzər yetirilirdi?
- Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi-elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində göstəriş verdi. Heydər Əliyevin Ali Baş Komandan kimi Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində qoyduğu tapşırıqlar böyük müvəffəqiyyətlə həyata keçirildi.
1994-cü ilin yanvar-may aylarında torpaqlarımızın düşmən işğalından azad olunması yönündə aparılan tədbirlər ermənilərə ağır zərbə idi. Qarşı tərəf artıq mayın 12-də atəşkəsin imzalanması üçün müraciət etdi. Atəşkəsin əldə olunması ilə qazanılmış vaxtda isə Azərbaycan Silahlı Qüvvələri möhkəmlənməyə başladı.
Müxtəlif tipli - gecə atışları, komanda-qərargah, döyüş və s. - təlimləri, maddi-texniki təminat bazasının daha da gücləndirilməsi istiqamətində tədbirlərin təşkili bu istiqamətdə vacib addımlar oldu.
Horadiz, o cümlədən Tərtər istiqamətində uğurlu döyüş əməliyyatlarından sonra Azərbaycan dövlətinin bir sıra ölkələrlə qonşuluq, dostluq əlaqələri möhkəmləndi. Bunun nəticəsində 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Burada dünyanın səkkiz ölkəsinin 13 məşhur neft şirkəti iştirak edirdi. Bu, dünyanın ən böyük dövlətlərinin Azərbaycan Respublikasına olan inamının göstəricisi idi ki, bunu da həmin o döyüş əməliyyatlarında əldə etdiyimiz uğurlara borcluyuq. Ümummilli lider Heydər Əliyev həmin o çətin dövrdə bax bu cür böyük uğurlara imza atdı. İqtisadiyyatda inkişafın nəticəsində Azərbaycanda insanların maddi rifah halı yaxşılaşdırıldı. Eyni zamanda, Silahlı Qüvvələrin maddi-texniki təminat bazasının möhkəmləndirilməsinə təsir etdi. Cəbbəxananın yenilənməsinə, yeni silah və texnikaların alınmasına şərait yarandı. Hərbi qulluqçuların sosial durumu yaxşılaşdırıldı. Bu ən vacib məsələlərdən biri idi.
Qeyd edim ki, bunlar Silahlı Qüvvələrimizin formalaşması üçün Heydər Əliyevin əsasını qoyduğu güclü zəmin idi. Çünki ordumuzun sonrakı güclənməsini artıq Ali Baş Komandan İlham Əliyevə borcluyuq. İnkişafa təkan verən əsas amillərdən biri 2013-cü ildə Azərbaycanla Türkiyə arasında imzalanan Memorandum oldu. Bu sənədə əsasən, iki ölkənin silahlı qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsinə başlanıldı.
- O dövrdə poliqonlar da kifayət qədər deyildi. Ordunun təlimləri, hazırlıqlar harada keçirilirdi?
- 2013-cü ildən etibarən Naxçıvanda, Bakıda, digər ərazilərimizdə bu birgə təlimlərin həyata keçirilməsi təmin edilirdi. Sonradan hərbçilərimiz Türkiyədəki, eləcə də digər ölkələrdə keçirilən təlimlərə dəvət aldılar.
Biz bu gün ordumuz haqqında böyük ruh yüksəkliyi ilə danışırıqsa, bu, ulu öndərin və onun layiqli davamçısı olan İlham Əliyevin apardığı siyasətin nəticəsidir.
- Azərbaycan Silahlı Qüvvələrində xidmətdə olduğunuz dövrdə ölkə başçısı ilə görüşmüsünüzmü?
- Əlbəttə. Mən ölkə başçısı ilə 13 dəfə görüşmüşəm. Azərbaycan Ordusunda xidmət etdiyim dövrdə döyüş əməliyyatlarında fəal iştirak etmişəm. İlk dəfə 1994-cü il aprelin 9-da ulu öndər Füzulidə döyüş bölgəsində olarkən görüşmüşük. 1995-ci il mayın 9-da faşizm üzərində Qələbənin 50 illiyində ulu öndər Azərbaycan Ali Hərbi Məktəbində keçirilən təntənəli tədbirdə iştirak etmişdi. Orada da bizimlə görüşüb, müəyyən vəziyyətlərlə bağlı tapşırıqlarını vermişdi. Sonrakı illərdə də Naxçıvanda Heydər Əliyevin iştirakı ilə keçirilən rəsmi tədbirlərdə onunla görüşmək imkanım olub.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevlə də dəfələrlə rəsmi tədbirlərdə görüşmüşük.
- Cənab polkovnik, bildiyim qədərilə, Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində də iştirak etmisiniz. İstərdim, döyüş tapşırıqlarının icrası zamanı açıqlanması məqbul hesab edilən bir neçə məqama toxunasınız.
- 2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə düşmənin təxribatçı silahlı dəstələri şimalda - Murovdağ silsiləsindən cənubda - Araz çayına qədər olan coğrafi ərazilərdə yerləşən yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriya qurğularından atəşə tutdular. Ali Baş Komandan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heyətinə düşmən təxribatlarının qarşısının alınması və əks-hücum əməliyyatının həyata keçirilməsi haqqında müvafiq döyüş əmri verildi.
Qoşun hissələrimiz fənd işlədib ilkin həmləsini Murovdağ, Suqovuşan və Ağdam istiqamətinə yönəldərək düşmən hərbçilərinin həmin hissəyə cəmləşməsinə nail oldu. Ermənilər bizi Ağdamda gözləyirdilər, lakin qoşunlarımız uğurlu manevr edərək düşmən ordusuna əsas zərbəni Füzuli istiqamətindən endirdilər. Düşmən bunu gözləmirdi və çaş-baş qalaraq döyüşün ilk günlərindən cənubda, Araz çayı boyunca olan müdafiə mövqelərini tərk edərək qaçdı. Beləcə, düşmənin döyüş əzmi ordumuz tərəfindən ilk anlarda qırıldı. Vəziyyəti düzgün qiymətləndirən Azərbaycan Ordusu bölmələrini dərhal Cəbrayıl şəhəri istiqamətindən Hadrut qəsəbəsinə yönəltdi. Nəticədə düşmən bütün gücünü bu istiqamətlərdə gedən döyüşlərə cəmlədi.
Eyni zamanda, döyüş bölgəsinin şimalında - Suqovuşan istiqamətində - Ordumuz düşməni ağır zərbələrə məruz qoydu. İkinci dəfə ordumuzun işlətdiyi fəndə aldanan düşmən ordusu Suqovuşandan geri çəkilməyə məcbur oldu. Beləliklə, avtomatik olaraq Hadruta təminat-təxliyə yolları bağlandı. Mühasirə vəziyyətində qalan düşmən ordusu Hadrutda xeyli canlı qüvvəsini və texnikasını itirdi.
Ermənilər müharibədə onlar üçün ən vacib dayaq nöqtəsi olan Füzuli şəhərində mövqelərini itirərək oranı tərk etdilər. Bu, Ermənistan Silahlı Qüvvələrinin şah damarının kəsilməsi demək idi. Beləliklə, düşmən məğlub olduğunu anladı. Bundan sonra Füzuli və Tuğ yaşayış məntəqələrindən Azərbaycan Ordusunun qoşun hissələri meşə və dağlıq ərazilərlə irəliləyərək Şuşa şəhərini düşmənlərdən təmizlədilər. 44 günlük Vətən müharibəsi Azərbaycanın dillərə dastan qələbəsi, zəfəri ilə yekunlaşdı.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
Rəylər