Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Elnur Məmmədov: Mənə kiminsə narazılığı maraqlı deyil – MÜSAHİBƏ + FOTOSESSİYA
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı K1 üzrə Avropa çempionu, K1-in Azərbaycanda nümayəndəsi Elnur Məmmədovdur.
- Elnur, əksəriyyət insan səni bir müddət əvvəl K1 döyüşünün Azərbaycanda nümayəndəsi kimi tanıdı. İlk olaraq başlayaq harda yaşayıb böyüməyindən. Daha sonra K1 döyüşü haqda danışaq.
- Mən 1985-ci ildə Rusiyada anadan olmuşam. 6 yaşına kimi orda olmuşam, bu da atamın işi ilə əlaqədar idi. Atam orada İdman Kompleksinin direktoru idi. Daha sonra Bakıya gəldik, burda məktəbə başladım. 251 və 82 nömrəli məktəblərdə oxumuşam. Demək olar ki, hər kəslə yola gedirdim, mehriban uşaq olmuşam. (gülür)
- Məktəb vaxtı dava etməmiş olmazsan. Davaların ən çox kimlərlə olub?
- Məktəb davasız olmur. Arada olurdu, başqa siniflərlə dava edirdik. Məsələn, “bizim sinfin qızına niyə söz dediniz?” kimi davalarımız olurdu. Sonra bizim dostlarımızla kimsə dava edirdisə biz də mütləq orda olmalıydıq. Qardaşım məndən balacadı, ona kimsə nəsə deyəndə o, mənə deyirdi və gedib dava edirdim (gülür). Amma davaya meyilli olmamışam. Müəllimlərim məni çox istəyirdi, mən də onlara qarşı hörmətsizlik etməmişəm, həmişə hörmətlə sözlərini dinləmişəm.
- İdmanın hansı növü ilə başlamısan və hansı növü ilə davam etmisən?
- İlk dəfə karate ilə məşğul olmuşam. 4-cü sinifdə oxuyurdum, onda idmana həvəsim çox idi. O vaxt “Xalqlar Dostluğu” metrosu tərəfdə qalırdıq, elə orda da idman zalı var idi. Azər müəllimin yanına gedirdim, bir müddət sonra isə futbola getdim. “U-15”-də oynayırdım, onda milli komandaya düşmüşdüm. Daha sonra boksa yazıldım, Şamil müəllimin yanına getdim. Daha sonra dinamoya getdim, Rauf müəllimin yanında məşqlərə başladım, amma daha çox döyüşə həvəsim vardı. 17 yaşım olanda kikboksinqə başladım, sevdiyim idmanı tapmışdım.
Bu sahədə nailiyyətlərim var. Sonuncu dəfə 2010-cu ildə Bolqarıstanda keçirilən yarışda Avropa çempionu oldum. Həmin gün qızdırmam var idi, xəstə halda çıxdım, amma qalib gəldim. Bir müddətdir ki, sadəcə özüm üçün məşğul oluram, amma yenidən qayıdacam.
- K1 döyüşünü Bakıda keçirmək kimin layihəsi idi?
- Əslində biz bu oyunu 2012-ci ildə bir dəfə keçirmişik. Bu isə ikinci idi. Bizim keçirdiyimiz çox böyük bir layihə idi və çox da yüksək səviyyədə keçdi. K1 döyüşünün yaradıcısı ilə Avropada olanda görüşdük və belə qərara gəldik ki, Bakıda da keçirək. Belə bir layihənin davamlı olması Azərbaycan üçün uğurdur. Biz K-1 döyüşünün rəsmi olaraq işlərini həll etdik, yəni lisenziya aldıq və işlərə başladıq. Hər şey yüksək səviyyədə keçirildi, amma bircə işıqları bəyənməmişdim. Daha yaxşı ola bilərdi. Avropa, Rusiya kanalları bu yarış haqda danışdı, bir müddət reklamı getdi, yəni hər şey yüksək səviyyədə keçirildi.
- Bu yarışın keçirilməsi ilə bağlı narazılıqlar olmuşdu?
- Mən işimi görürəm və düşünürəm ki, belə işlərdə bir-birimizə dəstək olmalıyıq. Mənə kiminsə narazılığı maraqlı deyil, hər kəs öz işini görsün. Mən kiminsə işini əlindən almamışam, hər kəsə hörmətim var, amma işimə kimsə qarışmasın.
- Badrın gəlişi nə ilə bağlı idi?
- Badr fəxri qonaq kimi gəlmişdi. Belə bir idmançının Azərbaycana gəlməyi sevindirici haldır. Bakı onun çox xoşuna gəldi.
- Badrın döyüşü olacaq? Bu, çoxları üçün maraqlıdır.
- Badr sözünü demiş idmançıdır. Planımız var ki, Bakıda döyüşü keçirilsin.
- K1-lə məşğul olan idmançılarımızdan kimi bəyənirsən?
- Yaxşı idmançılarımız var. Ziya Bayramov, Tural Bayramov kimi idmançılarımız var ki, onlar Azərbaycanı layiqincə təmsil edirlər və yeni-yeni yarışlara hazırlaşırlar, inanırıq ki, qələbə olacaq.
- Bax, çox ölkədə olmusan. Onların idmanda, ümumiyyətlə, fərqli tərəfləri nədədir?
- Onlarda şəxsi maraq deyilən bir şey yoxdu. Bir işi görürlərsə deməli, onlara ölkənin adı önəmlidi. Bizdə isə birinci şəxsi maraqları güdürlər, ancaq ciblərini düşünürlər. Təəssüf ki, bizdə belədir. Həm də onlar çox inkişaf ediblər. Bizdə isə son illərdir ki, inkişaf edir. İnanıram ki, hər bir ölkəni inkişafda keçəcəyik.
- Bizim yazıçılardan sənə daha çox kimlər maraqlıdır və kimləri oxumusan?
- M.Ə.Sabiri, Mikayıl Müşfiqi oxumuşam. Məktəb vaxtı ən çox tarix dərsini sevirdim. Səfəvilər, Şah İsmayıl Xətai mənə həmişə maraqlı olub.
- Hansı məmurumuzu bəyənmirsən, hansını bəyənirsən?
- Bəyənmədiklərim var, amma məndə qalsın (gülür). Bəyəndiklərim isə cənab Ziya Məmmədov, Zakir Həsənov, Ramil Usubov – bu insanlar biz gənclərə həmişə örnəkdir.
- Əcnəbi sevgilin olub heç?
- Yox, olmayıb (gülür). Məncə, ən gözəl qızlar bizim qızlardır. Amma bizim qızlar markaya çox fikir verirlər, bunu bəyənmirəm. Avropada isə qızlar sadədir.
- Ən xoş hədiyyən?
- Saat, bir də atamın hədiyyəsini bəyənmişdim, çox xoş olmuşdu mənə.
- Bəs özün necə? Nə hədiyyə etməyi sevirsən?
- Xətrini istədiyim insan üçün hər şey edə bilərəm.
Nərmin Kazımova
Foto: Asif Əliyev
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ