Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı “Şöhrət” ordenli, “Tərəqqi” medalı mükafatçısı, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim, London Olimpiya Oyunlarının Qızıl Fit mükafatçısı, dünyanın ən yaxşı hakimi Hicran Şərifovdur.

- Hicran müəllim, idman aləmi, jurnalistlər sizi çox gözəl tanıyır, amma bu gün sizi daha yaxından tanıyacağıq! Bizə bir az məktəb illərinizdən, uşaqlığınızdan, müəllimlərinizdən məlumat verin.
- Mən - Şərifov Hicran 1965-ci ildə avqust ayının 1-də Bakı şəhərində, Əmircan qəsəbəsində anadan olmuşam. İlk olaraq 97 saylı məktəbdə təhsil almışam, bu məktəb səkkiz illik idi, sonra Əmircanda 114 saylı məktəbdə təhsilimi davam etdirmişəm. Məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kimya Akademiyasına daxil olmuşam və 1992-ci ildə oranı bitirmişəm.
Ailəm böyük ailə olub - dörd bacı, altı qardaş olmuşuq, anam, atam zəhmətkeş insanlar olublar.
- Hər birimizin sevdiyi, rəğbət bəslədiyi fənn olur və hansısa peşəni düşünərkən bir də baxırıq ki, tamam başqa sahədəyik.
- Mən deyərdim, eynən belədir. Mən fizikanı çox sevirəm, hələ məktəb illərindən də çox sevmişəm, fizikaya qarşı xüsusi məhəbbətim var. Əslində mən Fizika müəllimi olmaq istəyirdim, elə oldu ki, imtahan verən vaxt fizikayla bərabər başqa fənnlər də var idi. Belə alındı ki, konkursa düşdüm və alınmadı. İndiyənə kimi də fizikanın hər bir düsturu yadımdadır. Çoxdan oxumağıma baxmayaraq, unutmuram, mən hələ də hansısa dərs və yaxud düstur yadıma düşəndə fizika kitabını vərəqləyirəm.

- Hər bir oğlanın yolu hərbidən keçir və çox şeyi də hərbidə öyrənir! Hicran Şərifovun hərbi yolunda nələr var?
- Düzdür, hərbi hər bir oğlanın kişilik məktəbidir. 1984-cü ilin oktyabr ayından, 1986-cı ilin dekabr ayına kimi Sankt-Peterburqda N saylı hərbi hissədə xidmət etmişəm. Hərbi texnika və zirehli maşın sürücüsü vəzifəsinə keçmişəm.
Hərbidən keçən yolum maraqlı, əziyyətli olub. Tank sürməyi öyrəndim, ən maraqlısı da budur ki, artıq təcrübəli tank sürürdüm və lazım olan yerlərə çağırılırdım. Qar, boran, su, fərqi yoxdur təcrübə öz sözünü deyirdi.
- Çalışdığınız sahələr çox maraqlıdır! İlk çalışdığınız yerlərdən hansıları deyə bilərsiz?
- Məsələn, 1987-ci ildən 1993-cü ilə kimi Əmircan qəsəbəsində Suraxanı Maşınqayırma zavodunda elektrik vəzifəsində çalışmışam. 1993-cü ildən Daxili İşlər Nazirliyinin (DİN) işçisiyəm.
1994-cü ildən 2000-ci ilin avqustuna kimi Daxili İşlər Nazirliyi (DİN) Hava Nəqliyyatında Polis İdarəsində baxış bölməsi üzrə kiçik inspektor vəzifəsində çalışmışam. 2000-ci ildə Polis Leytenantı rütbəsinə layiq görülmüşəm. Və bundan sonra DİN-in Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi vəzifəsində çalışmışam. Hal-hazırda da Akademiyanın müəllimi kimi fəaliyyət göstərirəm.


- Fizika müəllimi olmasanız da müəllimlik peşəsini davam etdirdiniz!
- Bəli, müəllimlik peşəsi müqəddəsdir, əzizdir, doğmadır mənə. Mənim nə qədər tələbəm olub, var, olacaq da. Onlara nələrisə öyrətməkdən zövq alıram. Elə uşaqlar var ki, onlar mənim yanımda böyüyüblər. 1999-cu ildən indiyənə kimi Neftçi İdman Klubu İctimai Birliyində məşqçi-müəllim kimi fəaliyyət göstərirəm.
Amma 2000-ci ildə təhsilimi artırmaq fikrinə düşdüm, ona görə də DİN-in Polis Akademiyasına daxil oldum və 2005-ci ildə bitirdim. Polis polkovnik leytenantıyam.
- Müəllim, məşqçi, sistem işi, hakim - bütün bunlar Hicran Şərifov üçün çətin deyil ki?
- Yox, əsla. Zəhməti sevirəm, mən öz əziyyətimlə bu günə gəlib çıxmışam. Müəllimlik sevdiyim peşədir, öyrətməyi sevirəm, polis leytenantıyam, bu gün polis olduğum üçün fəxr edirəm.
Hakiməm, neçə-neçə sözünü demiş idmançılara ta uşaq yaşlarından hakim, müəllim, məşqçi olmuşam.
Bütün işlərimlə Vətənə, dövlətə qulluq edirəm və bununla da fəxr edirəm.


- Hakim olaraq nə vaxtsa haqsızlıq etmisiniz və yaxud sizə haqsızlıq olub?
- Mən o işlərlə məşğul olmamışam ki, kiməsə haqsızlıq edim, kiməsə mane olum, etmərəm də. Amma mənə qarşı haqsızlıq olub, indi də olur, elə insanlar var ki, onlar insanın uğurunu, zəhmətini həzm edə bilmir.
O insanlara yazığım gəlir. Çünki nə edirlər özləri üçün edirlər, mənə heç nə olmur (gülür).
- Bəs hakim olaraq səhv etmisiniz?
- Səhv qaçılmazdır, səhvsiz insan olmur, amma gərək bu qəbahətli səhv olmasın, cüzi bir şeyi düzəltmək olar, amma böyük qəbahəti olan bir səhvi düzəltmək çətindir.
Çalışaq ki, qəbahətimiz olmasın.
- Güləş hakimi olaraq kimin güləşini bəyənirsiz?
- Mən Namiq Abdullayevin, Fərid Mansurovun güləşində hakimlik etmişəm. Son vaxtlar Hacı Əliyevi, Rəsul Çunayevi, Xetaqı bəyənirəm. Xetaq hər zaman öz texnikasını qoruyur.
Sabah Şəriətini bəyənirəm, artıq o bir sistemlə inkişafa doğru gedir. Rəsul zəhmətkeşdir, inanıram ki, bu uşaq Olimpiadaya lisenziya da alacaq, qızılın sahibi də olacaq.
Amma bir şeyi də qeyd edim ki, bizim elə fitri istedad sahibi olan güləşçilərimiz olub ki, bu gün onlar yoxdu, təəssüf edirəm ki, onlar kimi insan hal-hazırda güləşdən uzaqdadırlar, vaxtında öz inkişafına yönəlsə idilər bu gün onlar Azərbaycanın istedadlı, güclü güləşçiləri idi.
Mütləq şəkildə ilk olaraq bir idmançı psixoloji olaraq hazır olmalıdır.

- Bəs güləşi bu qədər sevmənizə rəğmən özünüz niyə davam etmədiniz?
- Hərbiyə getməmişdən öncə klassik güləşlə məşğul olmuşam, amma Avropa, dünya çempionluğum yoxdur. O vaxtı hər bir yeniyetmə gənc kimi turnirlərdə iştirak etmişəm. Davam etmədim, çünki təhsilimə, inkişafıma yönləndim, peşman deyiləm, çünki bu gün məşqçiyəm, müəlliməm.
Dövlət başçısı öz xalqına, öz zəhmətkeş insanına dayaq, dəstək olmalıdır. Mən bunun üçün Prezidentimizə təşəkkür edirəm, onun diqqəti mənim üçün ruh yüksəkliyidir.
Bu gün əgər biz orduya çağırılsaq və vətən üçün vuruşmaq lazım olsa, mən ailəmi də, övladlarımı da unudaram, sözsüz vətəni qorumaq üçün yollanaram.
- Zəhmətlə zəfərsiz iş olur yoxsa?
- Əziyyət çəkirsənsə, zəhmət çəkirsənsə nə vaxt olur-olsun onun zəfərini görəcəksən. Kimlərsə mane ola bilər, amma zəhmətin zəfəri bir gün özünü göstərəcək. Hər zaman zəhmətlə zəfərə doğru.

- İnkişafa doğru getmək üçün ilk olaraq nə etmək lazımdır?
- Məsələn, mən daima çalışmışam. Bir günü hesablasaq mən gün ərzində 4 saat yatıram, gecə oyanıramsa qalxıb hansısa kitabı oxuyuram, Fizika kitabı varsa mütləq keçmişi vərəqləyirəm. Fəlsəfəni sevirəm.
- İnkişaf yolunda insana mane olurlarsa və yaxud nəyisə inkar edirlərsə, sadəcə susub qalırsan! Demək olar ki, sükutdan başqa əlindən heç nə gəlmir!
- Susub qalmaq bir gün danışacam deməkdir. İnkar inkişafı yox edə bilməz. İnkişaf yolunda çox inkar ediləsi şeylər olacaq, amma inkişafın qarşısını kəsə bilməz.

- Bu gün tələbələrinizdən kimin adını çəkə bilərsiz?
- Rövşən Bayramov (Olimpiya Oyunlarının gümüş mükafatçısı), Elman Muxtarov (Avropa, Dünya çempionu), Həsənov Elnur (yeniyetmələrin Dünya çempionu) və s. bu kimi uşaqları göstərmək olar, onlar mənim qürur yerimdir, onların uğuru ilə fəxr edirəm.
- Ailədə kimsə sizin hansısa peşənizi davam etdirir?
- 5 övladım var - 4 qızım, bir oğlum. Qızlarım – Aysel, Aygün, Rəhimə, Günel. İndiyənə kimi mən onlara nəyisə tənbeh etməmişəm.
Qızlarımın ikisi Ali təhsil alır, bir qızım ailəlidir, bir balaca qızım məktəbdə oxuyur, oğlum da ən kiçiyidir. Amma sırf mənim işimi hələlik heç biri davam etdirmir, qismət, yaşayarıq, görərik.

- Son olaraq, bu yaxınlarda yeni kitabınızın təqdimatını etdiniz. Kitabda nələrdən danışmısınız?
- Kitabın adı “Zəhmətlə zəfərə doğru”dur. Kitabda ailəmin keçmişi, yaşadığım qəsəbə Əmircandan tutmuş, güləş tarixi, müəllimlərim, dostlarım və s. - hamısı haqqında geniş yazılıb. Kitab tarixdir, qoy, tariximiz yaşasın. Bir gün mən olmasam da adım olacaq və o adı hər bir gənc, yeniyetmə biləcək.
Çəkilişdə göstərdiyi dəstəyə görə “Şıkıdım” restoranına, Emin Muxtarova təşəkkür edirik.
Nərmin Kazımova
Foto: Müslüm Mikayılov
www.oxu.az