Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı 2009-cu ildə taekvondo üzrə Dünya Kubokunun bürünc mükafatçısı, 2014-cü ildə taekvondo üzrə Avropa çempionatının bürünc mükafatçısı, 14 qat Respublika çempionu, 26 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı İlkin Şahbazovdur.
- Adətən idman aləmində olanlar uşaqlıqda sakit uşaqlar olmurlar. Valideynlər övladlarının idmana yox, məhz hansısa peşəyə yiyələnməyini istəyirlər. Çox vaxt idmanla məşğul olduqları üçün narazıçılıqlar olur. Sizdə necə olub?
- Mənim uşaqlıqdan istəyim, həvəsim olduğuna görə böyük narazıçılıq olmayıb, amma təbii ki, ailəmdə hansısa peşəyə yiyələnməyimi istəyirdilər.

Bakıda anadan olmuşam, əslən Hökməli kəndindənəm. Necə deyərlər, Sovetskidə böyümüşəm. Hansı ki o məhəllələr indi ancaq xatirəmdə qalıb. Çox davakar uşaq olmuşam. Həmişə bizə şikayətə gələrdilər. Məktəbdə məni pis nümunə göstərirdilər, yəni “oxuyur, amma nadincdir”. Oturdum düşündüm ki, belə olmaz. İdmana marağım var idi və yaxşı idmançı olmaq istəyirdim. Riyaziyyatı, İnsan və Cəmiyyət fənnlərini yaxşı oxuyurdum.
Nəticələrim olsun istəyirdim, qalibiyyətin dadını bilmək istəyirdim. Bu da qismət oldu.
- İlk idmanla tanışlığın necə olub və bu prosesdə sənə kömək edən şəxs kim olub?
- 1998-ci ildə ilk dəfə idmana getmişəm və ilk dəfə Gündüz Abdullayev və Mamed Abdullayev müəllimim olub, indiyənə kimi də onların yanında məşq edirəm. “Neftçi” idman klubunun idmançısıyam.

- İdmançıların əksəriyyətinin hansısa peşəsi olur. Sən hansısa peşəylə məşğul olursan?
- Hal-hazırda məşqçilik edirəm, idman zalımız var. Taekvondo idman növü ilə məşğul olmaq istəyən yeniyetmələr, gənclər təbii ki, bu idman növünü çox sevirlər.
- Bəzən peşəkar olmayan idmançılar deyir ki, “mən peşəkaram”. Səncə sən peşəkarsan?
- Mən zəhmət çəkmişəm, nəticələrim göz qabağındadı. Bayrağımızı fəxrlə qaldırmışam, indi mən özümə qeyri-peşəkar deyə bilmərəm axı.

- Nəticələrin və irəlidəki planların?
- 2003-cü ildə Gənclərin Avropa çempionu, 2006-cı ildə böyüklərin Avropa çempionu, 2008-ci ildə böyüklərin Avropa ikincisi, 2009-cu ildə Dünya kubokunun bürünc mükafatçısı, 2014-cü ildə Avropa çempionatının bürünc mükafatçısı, 14 qat Respublika çempionu, 26 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, son yarışım, aprel ayında Moldovada keçirilən turnirin qızıl mükafatçısı olmuşam. Planlarım isə yalnız inkişaf etməkdir.
- Yaxşı, əgər bu qədər nəticən var idisə və özünə güvənirdinsə niyə Avropa Oyunlarında çıxış etmədin, bəlkə qalibiyyət sən tərəfdən olacaqdı?!
- Çox istərdim, amma qatılmamağıma bəzi səbəblər oldu, bu, məndən asılı deyildi. Mən altı dəfə əməliyyat keçirmişəm, bu, bir idmançı üçün çox çətindir.
Mən indi sadəcə tələbələrimdən nəticələr gözləyirəm, onların üzərində çox əziyyət çəkirəm və inanıram ki, alınacaq. Təbii ki, özüm də məşqlərimi edirəm və irəlidə planlarım var.















Nərmin Kazımova
Foto: Nüsrət Abdullayev
www.oxu.az