Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı Ciu-citsu Federasiyasının prezidenti, əməkdar məşqçi Mirəli Seyidovdur.
- Sensey Mirəli Seyidov - illərin idmançısı! Necə bir uşaqlığınız olub?
- Mən 1956-cı ildə Bakıda anadan olmuşam, elə Bakıda da böyümüşəm. Çox fəal uşaq olmuşam, tənbəl olmamışam, müəllimlərim məndən razı idi. Ədəbiyyat dərsini sevirdim. Fənni şagirdə müəllim sevdirməlidir, ən əsası hər bir müəllim psixologiyanı bilməlidir. Şagird müəllimə baxanda müəllim o saat bilməlidir ki, o şagird nə düşünür, nə demək istəyir. Mən dərsə hazır olanda artıq müəllimim bilirdi hazıram ya yox, hazır olmayanda hiss edirdi və özümü gizlətməyə çalışırdım (gülür).
- İlk dəfə idmana neçə yaşında başlamısınız?
- İlk dəfə 1968-ci ildə başlamışam. “Dinamo”ya gəlmişdim, Sabir (Hüseynov) müəllimin yanına yaxınlaşdım. Məndən ilk nə bacardığımı soruşdu. Mən də cavabımda hər şey dedim. Sabir müəllim güldü, dedi görək nə bacaracaqsan.
Sonradan xoşuna gəldim. Mən bildiyim fəndləri göstərəndə bunları hardan öyrəndiyimi soruşdu. İdmana məktəb vaxtından həvəsim olduğunu və öyrənmək istədiyimi dedim. Onda 12 yaşım var idi. İlk dəfə sambo ilə məşğul oldum, çünki o vaxtı cüdo, karate bizdə məşhur deyildi. Bu idman növləri o vaxt (1967-68-ci illərdə) hələ o qədər inkişaf etməmişdi. O vaxtı da “Dinamo”ya elə belə uşaqları götürmürdülər, tərbiyəli, ziyalı ailənin uşaqlarını qəbul edirdilər.
1968-ci ildən 1973-cü ilədək sambo ilə məşğul oldum. Həmin ərəfələrdə sambo üzrə birinciliyim olmuşdu.
Azərbaycan Cüdo Federasiyası yarandıqdan sonra 1973-cü ildə “Dinamo” cəmiyyətində baş məşqçi Ağarza Əhmədovun rəhbərliyi ilə bu federasiyada müntəzəm olaraq məşqlərə başladım.
Mən cüdonu sevirdim, amma ilk sambodan, aykidodan, ciu-citsudan başlamışam. Ümumiyyətlə, idman növlərinin əksəriyyəti ciu-citsudan başlayır. 1976-cı ildə Krasnoyarska əsgərliyə getdim. Evdə dedim ki, mən Rusiyaya getmək istəyirəm, dedilər idmanla məşğulsan, eləmə belə. Dedim ki, xeyri yoxdu, mən istəyirəm. Orda mənimlə maraqlanırdılar, idmançı olduğum üçün xoşlarına gəlirdim. 1978-ci ildə Bakıya qayıtdım və “Dinamo”ya gəlib müəllimlərimlə görüşdüm, onlar məni görəndə sevindilər. Həmin vaxt SSRİ DİN və DTK hüquq mühafizə orqanlarının təlimatçılarının beynəlxalq seminarına göndərildim.
1979-cu ildə Karate Federasiyası yarananda baş təlimatçı olaraq fəaliyyətimə başladım.
- Sizə Alik müəllim deyə müraciət edirlər. Və əksəriyyət idmançılar sizin tələbələriniz olub!
- Bəli, mənə çox adam Alik müəllim deyə müraciət edir. Hərdən elə hallar olur ki, tələbələrimdən kimsə deyir ki, mən Alik müəllimin tələbəsiyəm, başqası da deyir mən də Mirəli müəllimin tələbəsiyəm. Şəklimi görəndən sonra aydın olur ki, eyni adamdan danışırlar (gülür).
- Federasiya nə vaxt yaranıb?
- Federasiya 1998-ci ildən fəaliyyət göstərir. Beynəlxalq Ciu-citsu Federasiyasının üzvüyəm.
- Siz həm yığma komandaya, həm güc strukturlarına təlim keçirsiniz?
- Bəli, təlimlər başqa-başqadır. Hərəsinin öz dərs proqramları var.
- Ciu-citsu nə deməkdir?
- Bu sözün düzgün tələffüzü “dzyu-dzyutsu”dur, ancaq biz bu termini rus dilində formalaşmış variantı kimi tələffüz edirik. Ciu-citsu yumşaq sənət deməkdir. Ciu - yumşaq, citsu - sənət mənasını verir. Ciu-citsu hər bir kəs üçün maraqlı olan qədim və müasir özünümüdafiə formasıdır.
- Ailəniz kimlərdən ibarətdir?
- Ailəm 3 oğlum, 2 gəlinim, 3 nəvəm və həyat yoldaşımdan ibarətdir (gülür).
- Davamçınız varmı?
- Oğlumun ikisi - Ruslan və Tehran idmanla məşğuldurlar. Ruslan Avropa çempionudur. Tehran isə beynəlxalq turnirlərin qalibidir. Balaca nəvəm Mirəli (Əlişka) da artıq məşq edir, mənim davamçım olacaq.
- Bu gün Federasiyanın inkişafı üçün əsas nə lazımdır?
- Təbii ki, biz özümüzü göstərmişik, uğurlarımız göz qabağındadı, amma bizə bir az kömək lazımdır. Hər bir Federasiya üçün sponsor dəstəyi olmalıdır, eləcə də bizim üçün.
- 2014-cü ildə “Qızıl döyüş” Oskarı mükafatına layiq görüldünüz. Mirəli Seyidovun başqa hansı nailiyyətləri var?
- Mirəli Seyidovun qazandıqları bunlardır: “Qrand Master”, Milli Ciu-citsu Federasiyasının prezidenti, UNESCO müəllimi, Azərbaycan Respublikasının əməkdar məşqçisi (8 dan ciu-citsu, 6 dan karate). 2014-cü ildə “Qızıl Döyüş” Oskarı mükafatına layiq görüldüm. Amma ən böyük qazancım tələbələrim, onların uğurudur.
- Bu gün sensey kimi kimə borclusunuz?
- Təbii ki, müəllimim, ilk tanıdığım, gördüyüm, öyrəndiyim insana - Sabir Hüseynova borcluyam. İndi də onunla maraqlanıram, yanına gedirəm, səhhəti ilə bağlı bir az narahatçılığı var. Onunla maraqlanmaq mənim borcumdur.
Nərmin Kazımova