Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı cüdo üzrə turnirlərin mükafatçısı Ramin Qurbanovdur.

- Cüdoçular həmişə seçilirlər, bəs Ramin Qurbanov necə? Bizə bir az özündən danış.
- Mən - Ramin Qurbanov 1990-cı il 16 avqust tarixində Zaqatalada doğulmuşam, orada böyümüşəm.
İdmançılar idmana adətən elə uşaqlıqdan başlayır, mən də həmçinin uşaqlıqdan başlamışam. İlk dəfə sərbəst güləşlə, sonra cüdoyla məşğul olmuşam. Zaqatalada məşğul olurdum, sonra köçdük Bakıya və 2006-cı ildən etibarən burada məşqlərə başladım.

İlk müəllimim Əfqan Rzayev olub. Avropa ikincisi olmuşam. Universiadalar üzrə yarışın dünya 3-cüsü olmuşam. Dünya Çempionatında iştirak etmişəm.
- İnsan bir sahəni seçir, sonra düşünür ki, gərək başqa yerdə olardım və s. Belə düşüncələr olub səndə?
- Düzdür, insan hər gördüyü işi düşünür, götür-qoy edir, sonra ya peşman olur, ya da əksinə. Amma mən öz peşəmi, yəni idmanı seçdiyimə görə peşman deyiləm, ən şərəfli işlərdən biri ilə məşğulam, bu, mənim üçün fəxrdir. Bu gün də çalışacam ki, həm Avropa Oyunları, həm də Olimpiada həyatımda dönüş nöqtəsi olsun.

- Avropa Oyunlarına hər kəs yüksək səviyyədə hazırlaşır. Burda əsas rolu idmançılar tutur. Sən necə hazırlaşırsan? Ümumiyyətlə, nələr gözləyirsən layihədən?
- Biz çox yarışlarda iştirak etmişik, çox ölkələrdə olmuşuq, amma Avropa Oyunları Azərbaycan üçün, ümumiyyətlə Dünya - Avropa üçün səs-küylü layihə olacaq. Bu da ölkəmizin və bizim adımızdır .
Avropa Oyunları ilk dəfə Bakıda keçiriləcək və bu layihə ilklər siyahısında olacaq.
Doğrudur, bizim üzərimizə məsuliyyətli iş düşür. Mən öz adıma deyim ki, var gücümlə hazırlaşıram. Təbii ki, bir idmançı kimi istəyərəm qalib olum.

Həm Avropa Oyunlarında, həm də Olimpiadada yaxşı çıxış etmək istəyirəm. Amma ilk olaraq məqsədim Avropa Oyunlarıdır. Bura Avropanın bir nömrəli cüdoçuları gəlir, çətin və məsuliyyətli olacaq.
- Oyunlardan öncə hansı turnirlər keçirilib və keçiriləcək?
- Biz oyunlardan əvvəl bir neçə turnirdə olmuşuq, bu yaxınlarda Yaponiyada təlim-məşq toplanışında idik. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu, məşqlərimizi də rahat şəkildə etdik.

Səhər saat 8-dən məşq başlayırdı, bu, ilk olaraq fiziki hazırlıq idi, daha sonra qaçmaq və axşam məşqi olurdu.
Qarşıda olacaq turnirlərə gəldikdə isə 8-10 may Heydər Əliyev adına Qrand İslam Oyunları keçiriləcək. Bu yarışa komanda şəklində hazırlaşırıq, ən əsası bu yarış bizə 500 xal verəcək. Bunlar həlledici məqamlardır.
Daha sonra 12 mayda yenidən Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına gedəcəyik.
- Avropa Oyunlarından sonra yenidən yarışlar başlayır, ən əsası da 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiada! Bu barədə fikrin, məqsədin varmı?

- Bəli, bir çox yarışlar, görüşlərimiz var. Olimpiada da öz yerində, istəyərəm ki, iştirak edim, yer tutum, özümü doğru formada göstərim.
- Maraqlı yarışlardan belə bir ifadə yadımda qalıb: “İrəvanda medal qalmadı”.
- Bəli, bu, 2009-cu ildə Ermənistanın paytaxtında keçirilən yarış idi. Həmin vaxt yarışa bizim cüdoçulardan beş nəfər yollanmışdı və hərəmiz bir medal ilə qayıtmışdıq. Hərəyə bir medal (gülür).
Həmin yarışda mən, Elmar Qasımov, İlqar Müşkiyev, Fəqan Eminoğlu, Rasim Əsədullayev iştirak etmişdik.
Həmin vaxt yadımdadır: Avropa Cüdo İttifaqının prezidenti Salavekiç Azərbaycanın məhz Ermənistanda keçirilən yarışda iştirak etməsini təqdirəlayiq olduğunu qeyd eləmişdi və bizə təşəkkürünü bildirmişdi.
Azərbaycan həmişə zirvədədir, bunu nəinki Ermənistan, hətta bütün dünya bilir.
- Ramin Qurbanov.... – tamamla.
- Ramin Qurbanov Avropa Oyunlarının qalibi oldu (gülür).
Nərmin Kazımova
www.oxu.az