Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı cüdo üzrə Avropa və dünya kubokunun mükafatçısı Rüstəm Alimlidir.
- Rüstəm, idmanı sevən ailədə böyümüsən, yoxsa sənin idmanla məşğul olmağına narazı idilər?
- İlk öncə özüm haqqında məlumat vermək istərdim. Əslən dağıstanlıyam, amma Bakıda böyümüşəm. Ailəm atam, anam, mən və qardaşımdan ibarətdir. Atam bizneslə məşğuldur, qardaşım da bir müddət idmanla məşğul olurdu. Həmişə deyirdilər ki, o, məndən daha yaxşı idmançı olacaq, amma davam eləmədi. Hal-hazırda Ədliyyə Nazirliyinin əməkdaşıdır. Mən isə həm idmanla məşğulam, həm də mühəndisəm.
- İlk dəfə səni idmana kim yönləndirdi? Valideynlərinin narazılığı yox idi ki?
- Bibim oğlu – Vitalik Rəhimov (güləş üzrə Avropa çempionudur). İlk dəfə o məni 6 yaşımda güləşə yazdırdı. Amma güləşi o qədər də sevmirdim. Daha sonra bir müddət futbolla məşğul oldum. Buna baxmayaraq axtarışda idim. Sonra cüdoya getdim və dedim ki, bəli, budur. Elə o vaxtdan cüdodayam və nə yaxşı ki, bu idmanla məşğulam. Cüdo elə bir idman növüdür ki, sevirsən və ayrıla bilmirsən (gülür). Valideynlərimə qaldıqda isə ümumiyyətlə, bizim ailə, nəslin cavanları – hamısı idmanla məşğuldu. Buna görə də bizi dəstəklədilər.
- Cüdonu 3 sözlə ifadə edə bilərsən?
- Cüdo tərbiyədir, özünümüdafiədir və həyatdır.
- Adətən idmançılar çox yaxşı oxumur. Çox əksər hallarda olur ki, idmançının həm idmanda uğuru olsun, həm də oxumaq barədə. Səndə necədir?
- Mən yaxşı oxumuşam, amma bir müddətə kimi. Yaxşı oxuduğum dərslər: “Riyaziyyat”, “Ana dili”, “Tarix” olub.
- Hansı fənndən hansı dərs yadındadır?

- Tarixdən Ağqoyunlu və Qaraqoyunlu dövlətləri, Cahanşah dövrü, Qara Yusif dövrü yadımdadır.
- Yaxşı, Sultan İsgəndərin dövrü hansı illərə təsadüf edir?
- Səhv etmirəmsə 1420-1437.
- İdmançı mütləq İdman Akademiyasını bitirməlidi, yoxsa fərq etmir?
- Məncə bu, vacibdir, çünki idmandan anlayışı olmalıdır. Həm təcrübə, həm də savad – bunlar çox önəmlidir. Amma bu, o demək deyil ki, başqa universitet, ya təhsil ocağında oxuya bilməz.
- İdmançı üçün karyerasında nəyi vacib hesab etmək olar?
- Təbii ki, qalibiyyəti. Mənim üçün ən vacibi Olimpiya çempionu adıdır. Bu ad artıq bütün karyeran boyu öz sözünü deyir.
- Olimpiya çempionu olmaq üçün güc bəsdir?
- Həm güc, həm səbir, həm istək, həm həvəs, həm də şans – bunlar oldusa deməli, alınar.
- Bəyəniləsi idmançılarımız var?
- Təbii ki, var. Məsələn: Vitali Rəhimov, Toğrul Əsgərov, Elxan Məmmədov – bunlar idmanda öz sözünü demişlərdir.
- Hansı ölkələrdə yarışlarda olmusan və sənə hansı millətlə döyüşmək, yarışmaq çətindir?
- Rusiya, Avstriya, Çexiya, Almaniya, Yaponiya və s. Amma deyərdim ki, yaponlar idmanın yaradıcısı sayıldığına görə onlarla yarışmaq çətindir. Onların adi idman dərsində də cüdo keçirlər.
- Davamçının olmasını istəyərsən?

- İstəyərəm. Gələcəkdə oğlum idmanla məşğul olsa mane olmaram, çünki ailəmdən bunu görmüşəm. Seçimə hörmət etmək və dəstək olmaq lazımdır. Hal-hazırda tələbələrim var, 6-15 yaş arası uşaqlara dərs keçirəm.
- Bizim sənətçilərdən kiminlə yaxşı münasibətin var, amma oxumağını bəyənmirsən?
- Rüfət Axundov. Dostuq, münasibətimiz yaxşıdı, amma oxumağını bəyənmirəm (gülür).
- Hər bölgənin özünəməxsus yeməkləri var. Sizdə necə?
- Xingal, ətlə olan yeməklərimiz var. Bunları bizim bölgədə bişirirlər.
Nərmin Kazımova