Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvü Şahin Məmmədovdur.
- Şahin, deyəsən çox məşğulsunuz. Müsahibə üçün vaxt təyin etməkdə çətinlik çəkdiniz. Bu qədər çox vaxtınızı alan iş nədir?
- Mən Paşa Sığortada Xərclərə nəzarət və hesabatlılıq üzrə baş mütəxəssis olaraq çalışıram. Maliyyə və mühasibat yönümlü işdir. Bəli, işlər çoxdur və işlərin təhvili üçün qoyulan zaman dardır. Bu səbəbdən də müsahibə üçün vaxt təyin etməkdə tərəddüd edirdim.
- İxtisasınız nədir?
- Bakalavr təhsilimi Türk Dünyası Araştırmaları Vakfı və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə layihəsi olan “Türk dünyası işlətmə” fakültəsində almışam. Daha sonra iki il Şotlandiyada magistratura oxumuşam.
- Təhsilinizi məhz Şotlandiyada davam etdirmək fikri haradan yarandı?
- Əslində mən əsgərlikdən sonra magistratura təhsili almaq üçün əsgərlikdən öncə sənədlərimi İsveçrə və Almaniya universitetlərinə göndərmişdim. Ancaq bir dostum Şotlandiyaya oxumağa gedirdi. Mən də əsgərlikdən qayıtdıqdan sonra elə onunla Şotlandiyaya oxumağa getdim. İlk olaraq biznes, sosial elmlər və hüquq üzrə ümumi təhsil aldım. Bu, magistraturaya hazırlıq üçün idi. Daha sonra isə beynəlxalq mühasibat və maliyyə menecmenti üzrə magistratura oxudum.
- Dövlət proqramı ilə təhsil almısınız?
- Bəli, magistratura təhsilimi dövlət xətti ilə aldım.
- Şotlandiyada yaşadığınız dövrlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
- Şotlandiya soyuq ölkədir. İlk təəssüratım budur. Təhsili isə bizimkindən tamamilə fərqlidir. Həm metodikası, həm dərs vəsaitləri.
- Neçə müddətdir Paşa Sığortada çalışırsınız?
- İki ilə yaxındır.
- Şahin, xaricdə təhsilin hansı üstünlüklərini görürsünüz?
- Bilirsiniz, xaricdə təhsil karyera yüksəlişi üçün böyük imkanlar verir.
- Məsələn xaricdə təhsil almış şəxsə daha yüksək maaş verilir?
- Düşünmürəm ki, bu belədir. Maaş daha çox təcrübəyə əsasən müəyyənləşir. Yüksək təhsil və təcrübə artıq yaxşı karyera üçün əla imkan deməkdir. Bu gün mən təcrübəmi çoxaltmaq üçün çalışıram. Buna görə daha çox işləmək lazım gəlir. Vaxtımın çoxu işdə keçir, digər məşğuliyyətlərə vaxt qalmır. Amma nailiyyət əldə etmək üçün bu gün belə güzəştə getməliyəm.
- Uğur Sizin üçün yüksək karyera deməkdir?
- Uğur qarşına qoyduğun məqsədlərə çatmaq deməkdir. Çalışqan olmaq lazımdır ki, uğur qazanasınız. Amma bəzən tənbəllik də uğur qazanmağa kömək edir. İşi daha rahat və tez etmək üçün yollar axtarırsan.
- Yəni tənbəllik yaradıcılığa imkan yaradır?
- Elə də demək olar. Bir də əsas məsələ prioritetləri düzgün müəyyən etməkdir. Belə bir söz var, bir əldə iki qarpız tutmaq lazım deyil. Karyera qurmaq istəyirsənsə, yalnız ona fokuslanmalısan, ailə həyatı qurmaq istəyirsənsə, onda prioritet o olmalıdır.
- Biri digərinə mane olur?
- Bəli. Ailə həyatı karyera qurmağa mane olur. Məişət problemləri fikrinizi tam işinizdə cəmləməyə mane olur. Sən evdə partlayan su borusunu düşündüyün halda yaradıcı və verimli işləyə bilməzsən. Tək yaşayanda isə belə problemlər olmur.
- Bəs deyirlər axı hər uğurlu kişinin ardında bir qadın var...
- Kişi müəyyən yaşa çatandan və nailiyyət əldə edəndən sonra qadının varlığı ona dəstək ola bilər.
Sədan Bünyadova
Foto: Nüsrət Abdullayev
www.oxu.az