Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin bugünkü qonağı Azərbaycan – Britaniya Məzunlar Birliyinin (Azerbaijan - UK Alumni association - AUKAA) üzvü Şəfəq Həsənəlizadədir. Şəfəq xanımla Dənizkənarı Parkda görüşdük. Elə söhbətimiz də Bulvarın mənzərəsindən başladı.
- Burda gözəl mənzərə var, fotoaparatım yanımda olsa idi, maraqlı kadrlar çəkmək olardı.
- Deməli, fotoqraflığa marağınız var?
- İndi hər Canon və Nikon-dan fotoaparatı olan özünü fotoqraf hesab edir. Lakin mənim belə bir iddiam yoxdur. Sadəcə foto çəkmək mənə rahatlıq gətirir. Bu məşğuliyyətə başlayanda ilk bloq yazmaq istədim. Yazdım da. İngiltərədə olduğum bir çox məkan haqqında bloqumda yazdım. Amma bu iş çox vaxtımı aldı. Çünki mən gördüyüm işi yüksək səviyyədə təqdim etməyi sevirəm. Bilirsiniz, məncə foto insana bir şəhəri, məkanı, hər hansı görüntünü necə gördüyünü çatdırmaq imkanı verir. Əsəbi olanda fotoaparatımı götürüb, evdən çıxıram və başlayıram çəkməyə. Bu, məni sakitləşdirir. Fotoaparat və mən iki çox yaxın dostuq. AUKAA ilə birgə foto işlərimin sərgisini keçirmək istəyirdik. Lakin mənim işlərimin çoxluğu bu sərgini reallaşdırmağa imkan vermir.
- Harada çalışırsınız ki, belə çox vaxtınızı alır?
- İş yerimi açıqlamaq istəməzdim. Bir onu deyim ki, dövlət qulluqçusuyam və Azərbaycana xidmət edirəm.
- O zaman İngiltərə təhsilinizdən danışaq...
- 2012-2013-cü illərdə İngiltərənin Kingston Universitetinin maliyyə və mühasibat fakültəsinə daxil oldum və magistratura təhsili aldım. Mən xaricdə təhsil üzrə dövlət proqramı xətti ilə gedib təhsil almışam. Bakalavr təhsilimi isə Qafqaz Universitetində almışdım. Qırmızı diplomla oranı bitirmişəm. Göstəricilərim hər zaman uğurlu və yüksək olub.
Onu deyim ki, mən bundan öncə də dəfələrlə İngiltərədə olmuşdum. Dil kursları və turist kimi səfər etmişəm. Yəni İngiltərə həyatına adaptasiya uzun zamanımı almadı.
- Qafqaz Universitetində aldığınız təhsil İngiltərədə köməyinizə çatdımı?
- Bəli. Bu sual yerinə düşdü. Qafqaz Universiteti məndə elə bir baza yaratdı ki, İngiltərədə təhsil almaq mənə çox ağır gəlmədi. Sizə onu deyim ki, mən yüksək balla İqtisad Universitetinə daxil olmuşdum. Lakin oradakı təhsil məni qane etmədiyindən 1 il sonra şəxsi istəyimlə Qafqaz Universitetində təhsilimi davam etdirdim. Həyatımda çox addımlarıma görə Allaha şükür edirəm. Onlardan biri də məhz Qafqaz Universitetində təhsilimi davam etdirməyi seçməyimdir. Digəri isə Londonda yaşamağımdır. Mən Avropanın bir çox ölkəsində olmuşam, demək olar ki, əksəriyyətində olmuşam. Lakin London Avropa və Asiya şəhərlərindən fərqlənir. Məsələn bir şəhərdə bir fəsil gözəl olur, amma Londonda hər fəsil bir başqa gözəldir. Həm ingilislər də çox kübar və səmimi insanlardır. Yəni düşüncələrini birbaşa deməyi bacaran və şəhərlərini sevən insanlardır. Orada əcnəbilər də çoxdur. Lakin ingilislərlə ünsiyyət daha fərqlidir. Yəni məsələn, biz Bakıda yaşayırıq, bura bizim vətənimizdir. Biz yerə zibil atmırıq, çünki vətənimizi çirkləndirmək istəmirik. Eləcə bir ingilis Londona orada yaşayan əcnəbilərdən daha fərqli yanaşır və təmsil edir.
- Şəfəq, etiraf edim ki, misalınız bir qədər qüsurludur. Çünki azərbaycanlılar məhz zibili yerə atır. Amma misalınızı bir azərbaycanlının evinə olan münasibətlə əvəz edə bilərsiniz.
- Təəssüflə deməliyəm ki, siz haqlısınız. Və bu fakt özülüyündə insanı məyus edir.
- Təhsiliniz iqtisadiyyat olub. Sizdə iqtisadi maraqlar hardan yaranıb?
- Orta məktəbdən riyaziyyatı sevməyim sonda məni rəqəmlər aləminə gətirib saldı. Hesab edirəm ki, belə olmağı çox yaxşı da oldu. Məncə ən böyük uğurları məhz bu sahədə qazana bilərəm.
- Uğur sözünə tez-tez müraciət edirsiniz. Maraqlıdır, uğur sizin üçün nədir və ya nədədir?
- Uğur nisbi anlayışdır. Mənim üçün uğur bəlkə də kimsə üçün adi həyat tərzidir və ya əksinə. Bu səbəbdən də hər kəsin şəxsi uğur anlayışı var. Mənim üçün isə uğur qarşıma qoyduğum hədəflərə çatmaqdır. İndi deyəcəklərim şablon səslənə bilər, lakin mən istərdim ki, cəmiyyətə yararlı olum. Bu günə kimi hədəflərimin 90 faizinə çatmışam. Məncə bunu hər kəs edə bilər. Yəni hədəflərini əlçatan edə bilər. Əsas olan iradədir. Sənin iradən nə qədər böyükdürsə, hədəflərinə gedən yol o qədər qısa olacaq. İngiltərədə təhsil alan hər kəs iradəsini ortaya qoyub və hədəfinə çatıb. Bu arada AUKAA həmin gənclərlə görüş yeridir. Mən bu təşkilat haqqında ilk məlumatı İnstagram səhifələrindən aldım və daha sonra üzv oldum. Bilirsinizmi, AUKAA-nın Prezident yanında Gənclər Fondunun qrant qazanmış layihəsi var.
- Mümkünsə, layihə haqda məlumat verin...
- Bu layihənin məqsədi kimsəsiz uşaqların şəxsi inkişafına nail olmaqdır. Hesab edirəm ki, bu addımı çox yüksək qiymətləndirmək lazımdır.
- Ümid edək...
- Bilirsiniz, hər kəs yüksək təhsil alıb, uğurlu karyera qura bilər. Amma məncə bu proses zamanı hər birimiz başqa insanlara verə biləcəyimiz xeyri düşünməli və dəstəyimizi əsirgəməməliyik.
Sədan Bünyadova
Foto: Nüsrət Abdullayev
www.oxu.az