Onu görən kimi adamın ürəyi isinir. Səsində 87 illik ömrün izi, baxışlarında sənətkar qüruru, fikirlərində isə əvəzsiz təcrübə var. Söhbət Xalq artisti Arif Babayevdən gedir. Onunla danışanda hiss edirsən ki, dediyi hər bir söz həyatın süzgəcindən keçib. Arif Babayev, sadəcə, muğam ifaçısı deyil, həm də bu sənətin yaşayan yaddaşıdır.
Onunla müsahibəyə gedəndə öz-özümə düşünürdüm: görəsən, bu qədər illərin sənət yükünü daşıyan bir ustad bizi necə qarşılayacaq? Həm də xəstəliklə mübarizədən sonra… Lakin düşündüyümdən fərqli olaraq, sanki doğma bir yaxınımı görmüş kimiydim. Gülümsədi, "xoş gəlmisiniz, oğlum" dedi. Elə həmin xəfif gülüşün fonunda söz-sözə calandı, söhbətə başladıq.
Xalq artisti Arif Babayevin Oxu.Az-a müsahibəsini təqdim edirik:

- Arif müəllim, mən sizi gümrah gördüm. Bəs siz özünüzü necə hiss edirsiniz?
- Şükür Allaha, halım yaxşıdır, sağlamam. Həkimlərimizə, xalqımıza, maraqlanan hər kəsə təşəkkür edirəm.
- Sizi təbrik edirəm, dövlət başçısı tərəfindən Heydər Əliyev Mükafatına layiq görüldünüz. İllər sonra belə mükafat gözləyirdinizmi?
- Vallah, elə bir hissdir ki, ilk eşidəndə çox təsirləndim. Bu mükafat məni qürurlandırdı, sevindirdi. Allah Prezidentimizə cansağlığı versin. Hamımız çox sevindik. Bu mükafat ürəyimə su səpdi.

- Artıq sizin doğma Ağdam və işğalda olan digər torpaqlarımız azaddır...
- Hisslərimi sözlərlə ifadə etmək çətindir. Bütün səmimiyyətimlə deyirəm, illərdir ki, bu günləri gözləmişəm. Allah Silahlı Qüvvələrin Ali Baş Komandanı, dövlətimizin başçısı İlham Əliyevə cansağlığı versin. Şəhidlərimizə rəhmət, qazilərimizə isə uzun və bərəkətli ömür arzulayıram. Onlar torpaqlarımızı geri alaraq gözümüzə nur verdilər. Biz hər iki tarixin canlı şahidləriyik. Hər dəfə işğaldan azad olunan torpaqlarımıza köç edən sakinləri görəndə qürrələnirəm, duyğulanıram. Bu, əvəzsiz hissdir.
- Necə düşünürsünüz, geridə yaxşı iz qoyan sənətkar olmaq üçün nə etmək lazımdır?
- Sənətkar olmaq üçün doğruluq, saflıq və xalqa xidmət əsasdır. Gözəl səsə malik olmaq, xalqı sevindirmək və onun sevgisini qazanmaq lazımdır. Çünki xalqını sevən sənətkar özü də xalq tərəfindən sevilir və qorunur.

- Çoxsaylı tələbələriniz var, sizi yada salırlar?
- Gəlirlər, çox sağ olsunlar. Təkcə tələbələrim yox, həm də dostlarım yada salırlar. Allah hamısından razı olsun. Xoşdur, insanı axtarırlar.
- Tələbələriniz arasında ən istedadlısı kim olub?
- Biri gözəl səsə malikdir, digəri qavrayışı ilə fərqlənir. Hamısı bir-birindən qiymətlidir, onları çox istəyirəm. Ayrı-seçkilik edə bilmərəm.

- Sizə muğamı nə sevdirib?
- Muğamı uşaq yaşlarında ağacların başında oxuya-oxuya sevmişəm. Kəndimizdə harada imkan düşürdü, oxuyurdum. Deyirdilər, bu uşaqda gözəl səs var, mən də sevinirdim.
- Artıq sənət üçün etdiyinizi etmisiniz, sevənləriniz də kifayət qədərdir. Qarşınıza qoyduğunuz, amma həyata keçirmədiyiniz arzunuz varmı?

- Şükür Allaha, demək olar ki, bütün arzularımı həyata keçirmişəm.
- Bəs geriyə baxanda "kaş ki belə etməzdim" dediyiniz bir an olubmu?
- Səhvlər olub, öyrənmişəm. Peşman deyiləm. Geri baxanda görürəm ki, hər şeydən dərs çıxarmışam.
- 1966-67-ci illərdə operaya gəlmisiniz, illər keçib. Amma biz görürük ki, nə qədər yaxşı sənətkarlarımız olsa da, cəmiyyətimizdə operaya maraq azdır. Sizcə, səbəb nədir?
- Opera hamının zövqünə uyğun olmaya bilər, bu, normaldır. Hər ifaçının səsi operaya uyğun gəlmir. Gənclər operaya çox maraq göstərmirlər. Halbuki opera məktəbdir, gənclər təcrübə toplamalıdırlar.

- "Leyli və Məcnun"un personajları gənclər olsa da, indiki dövrdə belə, onları oynayanların yaşı çox zaman 50-dən yuxarı olur. Bu, nə ilə bağlıdır?
- Gənc və ya yaşlı - fərq etməz. Opera səhnəsi səs tələb edir. "Leyli" və "Məcnun" gənc obrazlardır. Amma niyə yaşlı ifaçılar oynayırlar - bu sualın cavabını bilmirəm.
- Muğama müasir elementlərin daxil edilməsi sənəti zənginləşdirir, yoxsa kökündən uzaqlaşdırır?
- Bu, fərdi yanaşmadır. Əsas odur ki, muğam öz kökü ilə yaşasın. Muğamın öz yolu var, o yolla getmək lazımdır. Əks halda itər.
- Sizcə, muğamın tədrisi yalnız səs üzərində qurulmalıdır, yoxsa mənəvi hazırlıq da önəmlidir?
- Muğamı ifa etmək üçün mənəviyyat da lazımdır. İnsan daxilən zəngin olmalıdır. Hər adam muğam oxuya bilməz. Bu, dəyər tələb edir.
- Həyatda ən çox kimə minnətdarsınız?
- Anama, atama, müəllimlərimə, ailəmə. Ən çox da həyat yoldaşıma. O olmasaydı, mən olmazdım. O, mənim dayağım oldu.

- Cəmiyyətdə hansı dəyişikliklər sizi narahat edir?
- Boşanmalar çoxalıb. Cavanlar bir az səbirsizdirlər. Bizim dövrümüzdə səbir, inam, dəyərlər var idi. İndi çox şey pul üzərində qurulub.
- Son olaraq xalqımıza nə demək istərdiniz?
- Cansağlığı arzulayıram! Gənclər muğamı yaşatsınlar. Bu, bizim kimliyimizdir.
Xalq artisti Arif Babayevdən Oxu.Az-ın izləyicilərinə mesaj#ArifBabayev pic.twitter.com/H1nAmMCNnY
— Oxu.Az (@oxuaz) May 29, 2025
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev