Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Suriyada “absurd teatrı”: ermənilər niyə oradadır? - ŞƏRH
Yaxın günlərdə Ermənistanın Sülhməramlı qüvvələrinin humanitar kontingentinin Suriyanın Hələb bölgəsinə çatdığı və öz xidməti vəzifələrinin icrasına başladığı haqqında xəbər yayıldı. Rəsmi informasiyaya görə, 83 erməni hərbi qulluqçu minaların zərərsizləşdirilməsi və tibbi yardımın göstərilməsi ilə məşğul olacaq.
Erməni kontingentin Suriyaya yerləşdirilməsi Ermənistanın yeni lideri Nikol Paşinyan və onun komandasının təşəbbüslərindən biridir. Bu “sülhməramlı missiya” üçün icazə hələ ötən ilin sentyabr ayında Suriya kampaniyasının baş benefisiarından, yəni Rusiyadan alınmışdı. Vaşinqtonun rəsmi olaraq Ermənistanın atdığı addımları təqdir etməməsinə rəğmən, bu “missiya” ABŞ administrasiyası ilə də razılaşdırılmışdı.
“Bununla belə, biz bunun mülki şəxslərə yardım və ya hərbi məqsədlər daşıyıb-daşımamasından asılı olmayaraq, Suriya silahlı qüvvələri ilə əməkdaşlığı dəstəkləmirik. Bu missiyanın yerinə yetirilməsi ilə bağlı Ermənistanla Rusiya arasındakı əməkdaşlığa dəstək deyilik”, - deyə ABŞ dövlət departamentinin bəyanatında deyilir.
Yerevan Suriyaya hərbçilərin göndərilməsini Hələb və onun şəhərkənarında çoxminlik erməni icmasının olması ilə əsaslandırır. Guya məhz bu amil onlara Suriyada yaşayan həmvətənlərinin müdafiəsini təmin etməyə bir növ əxlaqi əsas verir; Türkiyənin Suriyanın şimalında və İraqda yaşayan türkmənlərin qayğısına qaldığı kimi. Sualın bu cür qoyuluşu, “sülhsevər” ermənilərə kollektiv olaraq Qərbin gözündə bir növ bəraət qazandırır. O Qərb ki, “yeni Ermənistanda” islahatlara vasitəçilik etməyi vəd edib.
Kremlin kuluar (qeyri-rəsmi – red.) görüşlərində də Rusiyanın KTMT üzrə müttəfiqinin yardımı haqqında söz düşüb. Ancaq burada müəyyən ziddiyyətlər ortaya çıxır. Çünki məhz Paşinyan hərbi blok çərçivəsində öz çılğın inqilabi fəaliyyəti ilə az qala bu ideyanı tamamilə etibardan salacaqdı. Yəqin ki, erməni sülhməramlılarının Suriyaya göndərilməsi Rusiya üçün “qətran çəlləyinə tökülmüş bir qaşıq bal” olacaq.
Beləcə, Ermənistan öz “Suriya manevri” ilə eyni vaxtda iki oturacaqda əyləşməyə çalışır ki, birdən “sahib”lərdən hansınınsa xətrinə dəyər. Təhlil etdikcə başqa bir sual da ortaya çıxır: Rusiyanın Suriyada cavabdehlik daşıdığı zonaya erməni sülhməramlıları göndərmək nəyinə lazım idi?
Rusiyalı politoloq, Siyasi və Hərbi Təhlillər İnstitutunun (Rusiya) direktor müavini Aleksandr Xramçixin Oxu.Az-a açıqlamasında bunun üçün heç bir zəminin olmadığını deyib.
“Suriyada heç bir sülhməramlı əməliyyat getmir – orada müharibə gedir. Çoxları bunu anti-terror əməliyyatı kimi qələmə verir, halbuki hər bir kampaniya iştirakçısının təsəvvüründə öz terrorçuları var. Ermənistanın bu addımını Rusiyaya yardım kimi anlamaq olar, ancaq Rusiyanın, əslində, ondan yardım istəyib-istəmədəyi məlum deyil”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, əhali sayına görə müsəlmanların mütləq üstünlük təşkil etdiyi bir ölkədə xristian sülhməramlıların xidmət çəkməsi düzgün deyil.
“Bunu Əfqanıstan müharibəsi ilə müqayisə etmək olar. Orada bir çox avropalılar, sadəcə sərgərdan gəzir. Bununla belə, ABŞ qarşısında öz müttəfiq öhdəliklərini imitasiya edirlər. Onlardan nə fayda? Onlar, sadəcə bir növ kütlə görüntüsü yaradırlar”, - deyə Xramçixin bildirib.
Əlbəttə ki, Suriyadakı sülhməramlılar müsəlman olsaydı, daha məntiqli olardı. Belə ki, orada artıq yerli əhaliyə mental baxımdan yaxın olan çeçen kontingenti var. Ancaq görünən odur ki, Rusiyanın KTMT-dəki müsəlman müttəfiqləri Suriya müharibəsinə qoşulmaq üçün canfəşanlıq etmir, onların yerini isə Suriyanın “absurd teatr”ında ermənilər tutur.
Ümumilikdə KTMT sülhməramlı qüvvələrinin 2015-ci ildə qaldırdığı məsələ hələ də gündəmdə qalmaqdadır. Ola bilsin, müttəfiqlərin praktikada müştərək əməliyyata, necə deyərlər, “siftə”yə ehtiyacı var.
Ötən il kütləvi şəkildə yayılan şayiələrdə belə bir “siftə”nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ola biləcəyi, təmas xəttinə KTMT-yə üzv dövlətlərin sülhməramlılarının yerləşdirilə biləcəyi deyilirdi. Amma hələlik bunlar yalnız ehtimal və güman səviyyəsində qalmaqdadır.
Aleksandr Xramçuxinin fikrincə, reallıqda KTMT sülhməramlı qüvvələri ideyası praktikada öz əksini tapmır, belə ki, təşkilat iştirakçılarının fərqli-fərqli tapşırıqları və məqsədləri var.
“Ümumiyyətlə, ancaq BMT-nin sülhməramlı əməliyyatlar keçirməyə haqqı var. Ancaq müasir dünyada hamı yaxşı başa düşür ki, belə əməliyyatları, bunun üçün istəyi və potensialı olan tərəflər həyata keçirir.
KTMT hələlik birgə təlimlərlə kifayətlənir, ancaq elə ki, iş real əməliyyat həddinə çatacaq, onda bütün iştirakçılar öz maraqlarını xatırlamağa başlayacaqlar. Təəssüflər olsun ki, Rusiya öz müttəfiqləri qarşısında hər hansı məsələni sərt şəkildə qaldıra bilmir”, - deyə politoloq qeyd edib.
O qeyd edib ki, KTMT-nin Qarabağa sülhməramlı qüvvələr göndərməsi mümkünsüz görünür. Belə ki, heç kim çox qanların tökülə biləcəyi real müharibəyə girişmək üçün əldən getmir.
Namiq Həsənov
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Rəylər