Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədovun başçılıq nümayəndə heyəti Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar VI Qurultayında iştirak edib.
Bu haqda Oxu.Az-a məlumat verən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, nümayəndə heyətində həmçinin parlamentin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvləri - Milli Məclisin (MM) komitə sədrləri Eldar İbrahimovla Əhliman Əmiraslanov təmsil olunublar.
Azərbaycanla Türkiyənin dost və qardaş ölkə olduğunu deyən M. İbrahimqızı, eyni zamanda, hər iki ölkənin hakim partiyalarının - YAP-la AKP-nin də dost və müttəffiq partiyalara çevrildiyini söyləyib.
Onun sözlərinə görə, artıq neçə illərdir ki, iki partiya arasında sıx əməkdaşlıq mövcuddur və hər bir siyasi təşkilat da bundan məmnunluq duyur:
“Bu günə kimi də biz onların bir neçə toplantısına qatılmşııq, onlar da bizim bir çox tədbirlərimizdə iştirak ediblər.
Budəfəki qurultayda da iştirak etməyimizdən çox mənunuq. Çox önəmli və əhəmiyyətli bir qurultay idi.
Çünki növbədənkənar 24 iyun seçkilərindən sonra keçirilən qurultayı idi. Qurultayda partiyanın qurucusu və lideri, AKP genəl başqanı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən həm partiya, həm Türkiyə, həm region, həm də dünya ilə bağlı önəmli, vacib mesajlar səsləndirildi”.
Millət vəkili hesab edir ki, son qurultay AKP-nin fəaliyyətində yeni mərhələnin başlanğıcı olacaq:
“Artıq neçə vaxt idi ki, partiyada dəyişikliklər, yenilənmələr aparılırdı.
Qurultay zamanı da dəyişikliklərin, yenilənmələrin vacibliyi bir daha vurğulandı və partiyanın rəhbər orqanlarına seçkilərdə də, bu, özünü bir daha göstərdi.
İstər AKP, istərsə də YAP hər zaman yeniliklərə, dəyişikliklərə açıq partiyalardır. Hər dəfə də bu partiyalar qurultaylardan daha güclü şəkildə çıxıblar, daha monolit olublar.
Hesab edirəm ki, hər iki partiyanın uğurlarında da bu məqam, yəni, monolitlik, lider ətrafında sıx birləşmə öz sözünü deyir.
Odur ki, bu qurultay həm də AKP ilə YAP arasında münasibətlərin gələcək dönəmində yeni mərhələ olacaq”.
M. İbrahimqızı həmçinin, Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin ilk dövlət başçısı olaraq R. T. Ərdoğanı yenidən AKP genəl başqanı seçilməsi münasibəti ilə təbrik etdiyini bildirib və bunu Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti nümunəsi kimi dəyərləndirib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az