Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan-Türkiyə müttəfiqliyini heç kim poza bilməyəcək - ŞƏRH
Qardaş və dost Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi tarixi bir hadisədir. Bu, Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin daha bir əyani nümunəsidir. İki dövlət, iki ölkə rəhbəri daha bir tarix yazdı və bu, daim hafizələrdə yaşayacaq, yaddaşlardan silinməyəcək.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
O qeyd edib ki, bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının və tərəfdaşlığının əbədiliyinə, dönməzliyinə şahidlik etdi:
“Dünyada, yerləşdiyimiz coğrafiyada, regionumuzda çox böyük təlatümlər, qlobal siyasi, iqtisadi, diplomatik, hərbi kataklizmlər, qarşıdurmalar, terror aktları, müharibələr yaşanır.
Özü də bunların biri həllini tapmamış, yenisi əlavə olunur. Ölüm, aclıq, yoxsulluq, səfalət baş alıb-gedir. Amma bunların fonunda həm Azərbaycanımız, həm Türkiyəmiz günü-gündən inkişaf edir, dünyadakı yerlərini və nüfuzlarını daha da artırırlar.
Hər iki dövlət bu gün yerləşdiyi coğrafi məkanın təhlükəsizlik, sabitlik və inkişaf adasıdır. Bunlar da, təbii ki, hər iki dövlətin uzaqgörən və müdrik liderlərinin çox düşünülmüş, balanslaşdırılmış, praqmatik və realist daxili və xarici siyasət kursu ilə bağlıdır.
Məhz onların müdrikliyi, uzaqgörənliyi sayəsində ölkələrimiz, dövlətlərimiz qan-qadalardan, çalxantılardan kənarda qala bilib, inkişaf və tərəqqi yolu ilə addımlamaqdadır. Bu baxımdan, dünən qardaş ölkədə yeddi il öncə təməli, özülü atılmış “Star”ın açılışı, işə düşməsi həm əlaqələrimizin inkişafında, həm də iqtisadi inkişafımızda mühüm rol oynayacaq, öz müsbət töhfələrini verəcək.
Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq:
“Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır”.
Elə hesab edirəm ki, artıq şərhə ehtiyac yoxdur. Münasibətlərin səviyyəsini və gələcək perspektivlərini görmək, müəyyənləşdirmək üçün, elə bilirəm ki, bundan artıq, bundan yüksək fikir səslənə, ifadə edilə bilməz”.
Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq qrupunun üzvü Sona Əliyeva dünənki hadisəni, açılışı tarixi və unudulması mümkün olmayan bir hadisə adlandırıb. Bildirib ki, bununla Azərbaycan və Türkiyə qardaşlığı, tərəfdaşlığı bir daha möhkəmləndirilmiş oldu:
“Bu münasibətlə həm qardaş ölkəni, həm də Azərbaycanımızı təbrik etmək istəyirəm. Hesab edirəm ki, bundan bizi həm sevənlər, həm də sevməyənlər ciddi nəticə çıxarmalıdırlar. Azərbaycan-Türkiyə qardaşlığı və mütəffiqliyini pozmaq, əngəlləmək üçün gecə-gündüz dəridən-qabıqdan çıxanlar bilməlidirlər ki, cəhdləri, səyləri faydasızdır, bu günə kimi fiaskoya uğrayıb, bundan sonra da belə olacaq.
Çünki bu iki dövlət biri-birinə sıx, qopmaz tellərlə, tarixi köklərlə, ruhla bağlıdırlar. Bir sözlə, Azərbaycan-Türkiyə müttəfiqliyini, qardaşlığını pozmaq, əngəlləmək kimsəyə, heç bir gücə nəsib, qismət olmayacaq”.
Millət vəkili sonra bildirib ki, “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək:
“Verilən məlumatlara görə, zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq.
Həmçinin, zavod “Petkim” neft-kimya kompleksinin nefta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Onu da deyək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir.
Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla, ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq. Bundan gözəl nə ola bilər?!
Hesab edirəm ki, bu zavod çox qısa zamanda öz sözünü deyəcək, əlaqələrimizin, iqtisadiyyatlarımızın inkişafına öz mühüm töhfələrini verəcək”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az