Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Erməni soyqırımı” ilə bağlı yeni qərarlar Qarabağ məsələsinə təsir edəcək? - ŞƏRH
Birinci dəfə deyil ki, qondarma “erməni soyqırımı” ilə bağlı parlamentlər və dövlətlər səviyyəsində hansısa sənədlər qəbul olunur. Əslində, bunlara ən gözəl cavabı elə bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verdi.
Təəssüf ki, bunlar hamısı siyasiləşmiş müxtəlif lobbilərin həmin hökumətlərə, həmin hakimiyyətlərə təsir imkanlarını açıq şəkildə göstərən bir faktdır. Bu baxımdan, bunlar birinci dəfə deyil, yəqin ki, axırıncı dəfə də olmayacaq.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın dövlət başçısı Emmanuel Makronun və ATƏT-in Minsk qrupunun əsas üzvlərindəm olan İtaliyanın ali qanunverici orqanının uydurma və qondarma “ermənim soyqırımı”nın tanınması ilə bağlı qərarlarına və onların Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə münasibət bildirərkən deyib.
“Bunu bilməliyik ki, bu istiqamətdə hansısa qərarların, sənədlərin qəbulu mövcuddursa, bu, ümumi beynəlxalq birlik tərəfindən qəbul olunmuş qanun və qaydalara ziddir.
Bunların özü bir daha göstərir ki, nə dərəcədə ikili standartlar, ikili yanaşmalar mövcuddur, bu, siyasiləşmiş lobbilər nə dərəcədə böyük təsir imkanlarına malikdir”, - deyən S.Seyidov bu yerdə xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi hələ bir müddət öncə uydurma “erməni soyqırımı” ilə bağlı birmənalı qərar qəbul edərək, göstərmişdi ki, bu, tarixi araşdırmlara ehtiyacı olan bir məsələdir.
“Eyni zamanda, onu da qeyd etmişdi ki, bu, heç cür dövlətlərarası, yaxud parlamentlərdə hansısa bir qanun, qərar səviyyəsinə qaldırıla bilməz.
Bunlar, təbii ki, bir tərəfdən təəssüf doğuran hallardır, ikinci bir tərəfdən bizim üçün bəzi məsələlərlə bağlı aydın olur ki, Avropanın içərisində və dünyanın özündə ikili standartlar var və davam edir.
Elə bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasından qayıtmışıq. Orada da bu məsələlərlə, ikili standartlarla rastlaşmışdıq.
Bir tərəfdən beynəlxalq qanunlardan danışırlar, digər tərəfdən ikili standartlarla hərəkət edirlər. Ancaq bununla belə, Azərbaycanın bu gün mövqeyi kifayət qədər güclüdür və o, hər bir məsələdən məlumatlıdır.
Ümumiyyətlə, ikili standartlar içərisində mövcud olan siyasətdə mövqeyin nə qədər güclü olsa, həmçinin, nə qədər tutarlı cavab vermək qabiliyyətinə malik olsan, bir o qədər xeyirlidir.
Beynəlxalq hüquq işləmədiyi yerdə gündəmə gələn ən başlıca amil gücdür, qüdrətdir və təsir imkanlarıdır. Biz də bu istiqamətdə işlərimizi davam etdirməliyik və etdiririk”, - deyə S.Seyidov əlavə edib.
Kamil HƏMZƏOĞLU