Xalq artisti Brilyant Dadaşova yeni albomuna daxil olacaq mahnılarından birini təqdim edib.
Oxu.Az xəbər verir ki, sözləri Teymur Elçinə, musiqisi Fikrət Əmirova aid olan “De görüm, neyləmişəm” adlı mahnını müğənni yeni versiyada ifa edib.
Qeyd edək ki, xalq artistinin yaxın günlərdə işıq üzü görəcək yeni albomunun digər mahnıları kimi bu musiqi də Türkiyədə hazırlanıb. Musiqinin səsyazma prosesində balaban ifaçısı Əlixan Səmədov da iştirak edib.
Hazırda Türkiyədə albomun son tamamlanma işlərini görən müğənninin Birinci Avropa Oyunları ərəfəsində vətənə qayıtması nəzərdə tutulur. Belə ki, Avropa Oyunlarının məşəlinin Azərbaycan üzrə səyahətinin yekun günündə xalq artisti Brilyant Dadaşova Bakının mərkəzi hissəsində məşəl daşıyıcısı qismində beynəlxalq yarışa dəstək olacaq.
Aytən Sadıqzadə
www.oxu.az