Bu gün Xalq artisti Məleykə Əsədovanın doğum günüdür. Aktrisa ömrünün 49-cu ilinə qədəm qoyur.
Oxu.Az xəbər verir ki, Məleykə Əlifağa qızı Əsədova 1967-ci il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.

1983-cü ildə Azərbaycan Dövlət və Mədəniyyət Universitetinə (keçmiş Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu) daxil olub.
Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Aktrisa həmin teatrın səhnəsində müxtəlif illərdə Gültəkin (“Aydın”, Cəfər Cabbarlı), Nəzifə (“Dağ tikirik”, Vaqif Səmədoğlu), Tamara (“Dadaşbala əməliyyatı”, Rəhman Əlizadə), Sədəf (“Sultanqulu körpüsü”, İsi Məlikzadə), Leyli (“Leyli və Məcnun”, Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya) obrazlarını canlandırıb.

1993-cü ildə Akademik Milli Dram Teatrının truppasına daxil olan M.Əsədova burada Dilarə (“Əcəb işə düşdük”, Şıxəli Qurbanov), Zərifə (“Nişanlı qız”, Sabit Rəhman), Nübar (“Məhəbbət yaşadır”, Nahid Hacızadə) və digər obrazları ifa edib.
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalardakı Jalə (“Yad qızı”, Orxan Kamal), Əfsanə (“İtkin gəlin”, Əlibala Hacızadə) kimi müxtəlif obrazları ilə də sevilib.

1994-cü ildə 27 yaşlı gənc aktrisa “İtkin gəlin” adlı 12 seriyalı bədii televiziya filmindəki yaratdığı baş qəhrəman Əfsanə obrazından sonra daha da məşhurlaşır. Hətta həmin və daha sonrakı illərdə yeni doğulan qız uşaqlarına Əfsanə adı verilməsi geniş vüsət alır. Baxmayaraq ki, film dram janrında lentə alınıb və hadislərin mərkəzində Əfsanənin acı teleyi dayanır.
Məleykə Əsədovanın iş adamı ilə ailə qurması böyük səs-küyə səbəb olub. Xalq artistinin həyat qurduğu şəxs ondan əvvəl ailəli olub və övladları var. M.Əsədova da ailə qurarkən bundan xəbərdar olub. Çox qısa müddət davam edən bu evlilikdən M.Əsədovanın Gülər adlı bir qızı dünyaya gəlib. Aktrisa ailə həyatının sona çatmasını uzun müddət gizlətsə də, sonradan bunu təsdiqləyib.


Aktirsanın bu yaşda belə cavan və cazibədar qalmasının sirri də həmişə tamaşaçılar üçün maraq kəsb edib. Onun haqqında çoxsaylı plastik əməliyyatlar keçirildiyi deyilsə də, Xalq artisti dəfələrlə müsahibələrdə burnundan başqa heç bir yerində plastik əməliyyat etdirmədiyini bildirib. Gün ərzində beş dəfə, hətta gecə saat 12-də də yemək yediyini söyləyib. Amma xanımlara az-az yeməyi, meyvə, tərəvəzdən istifadə etmələrini, yedikdən sonra hərəkət etmələrini tövsiyə edib.

Oxu.Az kollektivi adından xalq artistini təbrik edir, ona həmişə belə cavan və şarmlı, sağlam qalmağını arzu edirik.
Aytən Sadıqzadə
www.oxu.az