Millət vəkili Etibar Hüseynovun Flora Kərimova və İlhamə Quliyevaya müraciət edib onları barışığa çağırmasına xalq artisti İlhamə Quliyeva da reaksiya verib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya açıqlama verən İ.Quliyeva Flora Kərimovanın onun haqqında söylədiklərinə də münasibət bildirib:
“Flora Kərimova vaxtaşırı özünü mənim yadıma salmaq üçün barışıq mövzusunu müzakirə edir. İstəyirəm bu kəs birdəfəlik yadda saxlasın ki, nə mənim sənətim, nə də şəxsiyyətim haqqında söylədiyi fikirlərə əhəmiyyət vermirəm. Çünki bu kəs mənim üçün heç vaxt əhəmiyyət daşımayıb və kriteriya deyil. Həyatı boyu ac toyuq yuxuda darı görən kimi barışıq xəyallarına düşməsin. Mən barışığın nöqtəsini çoxdan qoymuşam. Mənimlə barışıq üçün yalvardığı insanlar hələ sağdırlar və bunu özü yaxşı bilir. Heç bir qüvvə məni onunla barışdıra bilməz. Çünki o kəs mənim üçün həyatda yoxdur.
Flora Kərimova üçün oxumamışam ki, mənim haqqımda fikir söyləsin. Xalqım, dövlətim üçün oxumuşam və dövlətim, xalqım tərəfindən sənətimin yüksək ödüllərini qazanmışam.
Qazandığım statusla yüksək kürsümdə əyləşmişəm. Şükür Allaha, heç vaxt xameleon olmamışam, həmişə bir amala xidmət etmişəm”.