“Məşhur ailə” rubrikasının növbəti qonaqları xalq artisti Firəngiz Mütəllimova və bacısı müğənni Nərgiz Mütəllimova oldu.
Oxu.Az həmin müsahibəni sizə təqdim edir:
- Səhhətiniz necədir, müalicəniz davam edir?
- Firəngiz Mütəllimova: Ötən ayın 21-i müayinə olunmaq üçün Türkiyəyə getmişdim. Hazırda müalicəm davam edir. Şükür ki, səhhətim get-gedə yaxşılaşır. Həmişə üç aydan bir müayinə olunurdum, indi isə bu müddət altı aya qədər uzadılıb. Hələ ki, iki ildən çox müalicə qəbul edəcəyəm.
Məndən 3 ay əvvəl qardaşım ağır ürək əməliyyatı keçirmişdi. Ona görə mən əməliyyata hamıdan gizlin getdim.
Bu əməliyyatda mən həyatımı itirə də bilərdim. Mənə təsir edən bilirsiniz nə oldu? Elə insanlar var idi ki, danışırdılar ki, o, əməliyyat keçirməyib. Bunu bir kənara qoyuram. Elələri də var idi ki, mənim səhhətimlə maraqlanmaq əvəzinə “Hansı pulla əməliyyat olundu?”, “ Kim elətdirdi?” və s. kimi sualları müzakirə edirdilər.
Belə söz-söhbətlərdən o qədər bezdim ki, bir dəfə zarafatla əməliyyatın xərcini Ərdoğan ödəyib dedim (gülür).
Həmin insanlara demək istəyirəm ki, mənə dəstəyə görə dövlətimə, sənətkara qiymət verən insanlara borcluyam.
- Yaxın zamanlarda hansı film, yaxud serial təklifi almısınız?
- Firəngiz Mütəllimova: Yay aylarında, serialların çəkiliş mövsümü başlayanda təklif almışdım. Amma qəbul etmədim. Çünki bir serialda - “Bacanaqlar”da rol oynayıram. Beş ildir ki, həmin serialda çəkilirəm. İnşallah, sözügedən serialın çəkilişləri bitdikdən sonra başqa təklifləri o zaman qəbul edəcəyəm.
Eyni zamanda, Türkiyədən iki dəfə təklif almışam, sadəcə məsələyə qeyri-ciddi yanaşıldığını görüb, imtina etmişəm.
- İllər əvvəl sizi ekranlarda aparıcı kimi də gördük. Yenidən təklif gələrsə, dəyərləndirəcəksiniz?
- Firəngiz Mütəllimova: Xeyr. Bu, həm səhhətimlə, həm serial çəkilişi, həm də universitetdə dərslərimlə bağlıdır. Eyni zamanda, müxtəlif verilişlərə dəvət alıram. Bunlar hamısı mənə kifayət edir.
- Aradabir bacınız Nərgiz xanım müğənni kimi fəaliyyət göstərdi. Lakin ifasını qınayanlar çox oldu. Hətta Firəngiz xanımın bacısıdır deyə ekranlardan düşmür deyənlər də tapıldı. Buna münasibətiniz?
- Firəngiz Mütəllimova: Nərgiz oxuyanda, hamıya qəribə gəlirdi. İndisə oxumur, hamı məndən soruşur ki, niyə oxumur? Hər gün efirdə olan müğənni heç kimin yadına düşmür. Nərgiz illərdir efirdə görünmür, amma hamının yadında qalıb. Hətta biz harasa gedəndə o eynəkdən istifadə edir, buna baxmayaraq onu tanıyırlar. Qəribə bir nüans var. Oxuyanda istəmirdilər oxusun, oxumayanda isə deyirlər oxumur. Danışmağa həmişə söz tapırlar (gülür).
- Nərgiz xanım, xeyli müddətdir ki, ekranlardan uzaqsınız. Gəlin, sizi unudanların yaddaşını yeniləyək...
- Nərgiz Mütəllimova: Problemlər çox oldu deyə səhnədən uzaqlaşdım. Həm bacım Firəngiz xanımın, həm də qardaşımın səhhətində problemlər yaşandı. Bütün bunlar mənim müğənnilikdən uzaqlaşmağıma gətirib çıxardı. İndi hər ikisinin vəziyyəti yaxşıdır. Ona görə də artıq sənətimə ayırmağa vaxtım var.
Yeni mahnılar yazdırmışam. Xanım İsmayılqızıdan iki mahnım var. Biri “Həyatım” adlanır, onu ekranlaşdırmağı düşünürəm. Digəri isə kimsəsiz uşaqlara həsr olunan “Atma” adlı mahnıdır.
Vüqar Camalzadə və Baba Vəziroğludan da lirik ifa lentə aldırmışam. Gövhər Həsənzadənin bir mahnısını ifa etmişəm, istəyirəm ki, ona da klip çəkdirim. Həmin mahnını bir neçə dəfə efirlərdə səsləndirmişəm.
- Müşahidə edirəm ki, hər ikiniz sosial şəbəkədə çox aktivsiniz. Hərə bir məqsədlə daxil olur. Bəs siz?
- Firəngiz Mütəllimova: Mən əməliyyat olunandan sonra həkim mənə məsləhət gördü ki, kompüterlə çox məşğul olum. Çünki bu, ağır beyin əməliyyatı idi, sağ tərəfimdə zəiflik yaranmışdı. Ona görə də mən planşet, kompüterdən tez-tez istifadə edir, müxtəlif oyunlar oynayırdım. Beləliklə, məndə İnstagrama maraq yarandı. Sosial şəbəkələrdən yalnız İnstagramdayam. Bütün dünya oradadır. Sizə bir söz deyim, məni teatrda görəndə heç demirlər ki, sizi tamaşada gördük. Amma İnstagrama bir şəkil yerləşdirən kimi hamı ondan danışır (gülür). Bu da bir dəb alıb.
- Yaşar Nurisiz Firəngiz xanım hansı hissləri keçirir?
- Firəngiz Mütəllimova: Hələ də Yaşarın ölümü mənə yuxu kimi gəlir. Hətta məni qınayanlar olur ki, Firəngiz xanım Yaşar müəllimin qəbrinə baş çəkməyib. Həkimim icazə vermirdi deyə getmirdim. Bu yaxınlarda mütləq onun qəbrini ziyarət edəcəyəm.
Yaşarın səsi, zarafatları üçün darıxıram. Mənim üçün Yaşarsız həyat mənasızdır.
- Nərgiz Mütəllimova: Yaşar müəllim komadan ayılan kimi birinci Firəngiz xanımı axtarmışdı.
- Firəngiz Mütəllimova: Mən əməliyyatdan sonra iki dəfə onu görməyə getmişəm. Sonuncu dəfə gedəndə qida qəbul edə bilmirdi. Söylədi ki, kaş bir qurtum su içə biləydim. Altı aydır nə yemək yeyə bilirəm, nə də su içə bilirəm.
- Hazırda onun ailəsi ilə əlaqələriniz var?
- Firəngiz Mütəllimova: Əlbəttə, mən həmişə onun həyat yoldaşı Rəhimə xanım və qızları ilə əlaqə saxlayıram, zəngləşirik, görüşürük. Mən Yaşarın adını telefonumdan silməmişəm. O nömrəyə zəng edib Rəhimə xanımla danışıram. Mənə həyatda ən ağır gələn hal odur ki, mən hansısa sənət dostumun adını məcbur olub, telefonumdan silirəm. Məsələn: Telman Adıgözəlov dünyasını dəyişəndə çox pis olmuşdum. Ölümündən sonra onun adını telefonumda görəndə özümə gələ bilmirdim, amma telefondan da silə bilmirdim. Gülşən Qurbanova vəfat edəndə də mənə o cür təsir etmişdi.
Həyat belədir, bir gün gələn, bir gün gedir.
- Müasir gənc aktyor və aktrisalardan kimi bəyənirsiniz?
- Firəngiz Mütəllimova: Aslan Şirin, Anar Heybətov, Məsmə Aslanqızı, Vəfa Zeynalova və adını çəkə bilmədiyim başqaları. İstedadlı aktyor və aktrislarımız çoxdur. Sadəcə, gözəl tamaşa, aktyoru yönləndirən, onun istedadını üzə çıxara bilən peşəkar rejissor və əla repertuar lazımdır.
- Son illərdə çəkilən seriallardan hansını bəyənirsiniz?
- Firəngiz Mütəllimova: “Toy gecəsi” Namiq Qaraçuxurlu orada baş rolu ifa edir. Həmin serialı izləyirəm.
- Səhv etmirəmsə, siz ilk iş yerinə sadiq çıxan aktrisalarımızdansınız. İlk addımlarınızdan bu günə kimi Azərbaycan Akademik Milli Dram Teatrında çalışırsınız...
- Firəngiz Mütəllimova: Düzdür, mənim ilk təyinatım Azərbaycan Akademik Milli Dram Teatrına olub. Hazırda orada fəaliyyətimi davam etdirirəm. Eyni zamanda, ADMİU-da çalışıram.
- Təsadüf elə gətirdi ki, görüşümüz xalq artisti Firəngiz Şərifovanın ölüm gününə düşdü. Onunla bağlı hansı xatirələriniz var?
- Firəngiz Mütəllimova: Mən onu aktrisa kimi çox sevmişəm. Ona baxanda sanki bir gülə baxırdın. Xanım-xatınlığı, oynadığı obrazları ilə hamıdan fərqlənirdi. Nümunəvi sənətkar idi. Bu sənəti seçənlər digər sənət sahiblərinə baxanda daha çox maddi çətinlik çəkirlər. Amma heç kimə pis gününü bildirmirdi.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az