“Muhteşem Yüzyıl”serialındakı Sultan Süleyman Qanuni rolu ilə yadda qalan Türkiyənin tanınmış aktyoru Halit Ergenç yeni imicdə Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, aktyor Bakıda çəkilən “Əli və Nino” filmindəki rolu üçün saçlarını tamamilə qırxdırıb, saqqalını isə qısaldıb.
Qeyd edək ki, filmin çəkilişlərinə fevralın 24-dən başlanılıb. Müəllifi Qurban Səid olan “Əli və Nino” romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “Bafta” mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar. Filmdə tamaşaçılar həm də Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və Halit Ergenç kimi sevilən aktyorları da görəcəklər.