Məşhur türkiyəli sənətçi Yusuf Güney İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətdə böyük səs-küy yaradan narkotik istintaqı çərçivəsində sağlamlıq müayinəsindən keçib. Cəmiyyət arasında sürətlə yayılan şayiələrdən və yaranan suallardan sonra Yusuf Güney sosial media hesabında paylaşdığı video ilə iddialara aydınlıq gətirib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müğənni son vaxtlar ictimaiyyət qarşısında görünməməsinin əsas səbəbinin ciddi sağlamlıq problemləri ilə bağlı olduğunu bildirib. O, təxminən 10 gündür ağır xəstəliklə mübarizə apardığını qeyd edib və buna görə də istirahət etmək üçün telefonlarını söndürərək özünü təcrid etdiyini və barəsində ortaya atılan iddiaların həqiqəti əks etdirmədiyini ifadə edib.
"Bir nəfərin adımı çəkməsindən sonra istintaqda adım hallanıb. Barəmdə hər hansı saxlanılma qərarı yoxdur", - deyə Yusuf Güney açıqlamasında qeyd edib.
Sənətçi iddiaları eşidən kimi könüllü olaraq prokurorluğa müraciət etdiyini, ifadəsini verdiyini, qan, sidik və saç nümunələrinin götürüldüyünü və hazırda nəticələrini gözlədiyini bildirib.
Yusuf Güney açıqlamasının sonunda İstanbul Vilayət Jandarm Komandanlığına göstərdikləri nəzakətə və apardıqları dəqiq işlərə görə xüsusi təşəkkür edib, dövlətin narkotik başda olmaqla, qumar oyunları, fahişəlik, uşaq istismarı və fırıldaqçılıq kimi sosial cinayətlərə qarşı eyni qətiyyətlə mübarizəni davam etdirəcəyinə səmimi qəlbdən inandığını dilə gətirib.
Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və şou-biznes dünyasını dərindən sarsıdan istintaq çərçivəsində bütün diqqətlər məşhur müğənni Yusuf Güneyə yönəlib.
Bu barədə Oxu.Az "Sabah" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, sənətçi İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində tibbi müayinədən keçirilib.
Bir həftədir telefonuna zəng çatmayan və harada olduğu böyük suallar doğuran Yusuf Güneyin bu gün (dekabrın 22-də - red.) məhkəmə binasına gəlməsi və prokuror qarşısına çıxması gözlənilir.
Sənətçinin vəkilindən əldə edilən ən son məlumatına görə, Güney günortadan sonra şübhəli qismində ifadə vermək üçün məhkəmə binasında olacaq.
Xatırladaq ki, Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilib. Bir çox məşhur barəsində saxlanılma qərarı verilib və evlərində axtarış aparılıb. Barəsində saxlanılma qərarı verilən Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında olmayıblar.
Həmçinin Türkiyədə tanınmış şəxslərdən olan və hazırda ölkə xaricində olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barələrində də saxlanılma qərarı verilib.