Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Murad “Altın Kelebek”dən imtina, Elçin isə şərtlərə etiraz etdi - AÇIQLAMA
Türkiyənin sayca 46-cı “Altın Kelebek” müsabiqəsində azərbaycanlı namizədlərin səsverməsi davam edir.
Ötən illərdən fərqli olaraq, bu il ulduzlarımız yalnız bir kateqoriya - “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaqlar.
Siyahıda Xalq artist Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova var.
Mükafatlandırma mərasiminə 2 həftədən az vaxt qalır.
Türkiyədə olduğu kimi Azərbaycanda da “Altın Kelebek” və onun namizədləri sosial media əhli arasında müzakirə olunur.
Oxu.Az-ın əməkdaşı bir sıra azərbaycanlı namizədlərlə əlaqə yaradıb.
Müğənni Nura Suri mükafatlandırmada azərbaycanlı namizədlər arasında rəqabətin kifayət qədər yüksək olduğunu bildirsə də, Röya Ayxanın, Pərvin Abıyevanın və Oksana Rəsulovanın şanslarının daha çox olduğunu deyib:
“Təklif özlərindən gəldi. “Altın Kelebek” elə bir mükafatlandırmadır ki, oraya gedib adını elə belə havadan yazdıra bilmərsən. Bəy ifaçıları deyə bilmərəm, amma xanım sənətçilərin hamısı gecəyə qatılacaq. Çünki hamı qalib olmaq və mükafatlandırma da iştirak etmək istəyir. Öz ölkəmizdə yox, Türkiyədə keçirilir. Türkiyə isə xarici ölkə və dövlətdir. Oradan bizə təklif gəlməyi olduqca qürürvericidir. Dostlarımdan biri deyir ki, çox riskli bir addım atmısız. Çünki orada Xalq artisti Röya Ayxanla yarışacaqsız. Onun isə şansları digər xanım sənətçilərdən qat-qat üstündür. Bunu danmaq qeyri-mümkündür. “Altın Kelebey”in siyahısına düşmək belə bir uğurdur.
Aramızda ən çox iş görən və Türkiyədə tanınan müğənnilərdən Röya, aktrisalardan isə Pərvindir. Oksana Rəsulovanın da şansları yetərincədir. Çünki o, Hindistanda keçirilən genişmiqyaslı yarışmanın qalibi olub. Səsvermə ilə “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası müəyyən olacaqsa, daha çox tanınan və səs toplaya bilən müğənnilərlə yarışırıq.
Açıq danışaq, Türkiyədə nə mən, nə Sevda Yəhyayeva, nə də ki Gülay Zeynallı tanınmırıq. Ora ilə bağlı biz heç bir iş görmürük. Rəqabət isə daha çox Röya, Pərvin və Oksana arasındadır. Ən vacib məqam isə səs toplamaq və tanınmaqdır. Rəqabət çox güclüdür. Mənim üçün bu, rəqabət deyil, Azərbaycandan birimizin qalibiyyəti hamımızın uğurudur. Əgər bu gün bizim bu nominasiya üzrə namizədliyimiz irəli sürülübsə, deməli diqqət cəlb edə bilmişik. Bir sözlə bəyənilib və sevilmişik.”
“Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparanlar sırasında bəstəkar-müğənni Murad Arif də var. O, redaksiyamızın əməkdaşı ilə söhbətində “Altın Kelebek”də iştirak edə bilməyəcəyini açıqlayıb:
“Mən “Altın Kelebek”də ola bilməyəcəm. Çünki bildiyiniz kimi mən “Səs Azərbaycan” yarışmasının münsif heyətinin üzvü seçilmişəm. Yarışmanın çəkilişləri “Altın Kelebek”lə üst-üstə düşdüyü üçün orda çıxış edə bilməyəcəm. Çatdıra bilmirəm.
Sağolsunlar, seçib, bəyənib, mənim adımı 10 yerli ulduzun arasına əlavə ediblər. Məni tanıyanlar da bilir ki, Murad Arif heç vaxt belə şeylərin havasında olmur. Kim qazanacaqsa, xeyirli olsun. Mən də 100 faiz “Altın Kelebey”ə getmək və iştirak etmək alınmayacaq. Bu il mükafatlanma mərasimi ilə maraqlanmamışam”.
Siyahıda olan daha bir məşhur isə müğənni Xəyyam Nisanovdur. Sənətçi, mükafatlandırma ilə bağlı fikirlərini bu cür şərh edib:
“Hər şey səsvermənin nəticələrindən aslıdır. Burada biz mahnı ifa etməyəcəyik ki, kim yaxşı oxudu o da “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib gəlsin. Bizim ifamızı heç kim yoxlamayacaq. Kim səs toplayacaq, o da mükafatı qazanacaq. Siyahıda yer alan sənətçilərin hamısı dostlarımızdır. Kim qalib gəlsə, hamımızın, dostlarımızın, Azərbaycanın uğurudur. Dost kollektividir. Əsas odur ki “Altın Kelebek”də də birliyimizi nümayiş etdirək”.
Müğənni Elçin Cəfərov isə “Altın Kelebek” haqqında qalmaqallı açıqlamalar verib. Elçin Oxu.Az-a özəl açıqlamasında, “xanım sənətçilərə biletlər alınıb, bəylərə isə yox” deyərək, mükafantlanmanın bəzi şərtlərinə öz etirazını bildirib:
“Müsabiqəni çox yüksən dəyərləndirirəm. On nəfər sənətçinin içində mən də varamsa, nə xoş mənə. Məqsəd sırf o deyil ki, mütləq birinci olmalıyam. Düşünürəm ki, xanımlardan biri mükafatı qazanacaq. Amma hər şey ola bilər. Yəqin ki, iştirak edəcəm. Açığı deyim ki, “Altın Kelebey”in şərtləri məni qanə etmir.
Önəm daha çox xanımlara verilib. Əslində isə bu, düzgün deyil. Hamıya cinsindən aslı olmayaraq, eyni diqqət göstərilməlidir. Özləri dəvət ediblərsə, demək ki, ayrı-seçkilik olmamalıdır. Bir sözlə, xanım sənətçilərə biletlər alınıb, bizə isə yox. Bizə deyiblər ki, biletləri özünüz almalısız. Burada xırda məsələlər var. Bilet almaq bizim üçün problem deyil, sadəcə az diqqət ayırmaları düzgün deyil. Ümümilikdə hamımız Azərbaycanın sənətçiləriyik. Bu kimi şeylər məni həvəsdən salıb. Amma mən onların özləri ilə yenə danışacağam. Əgər bu səpkidə davam etsə, mən iştirakımı dayandıracam. Nə olsun ki, adımı yazıblar. Düşünürəm ki, bəylər arasında mənim şansım onlara baxanda daha çoxdur. Hərənin öz tamaşaçıları var. “Altın Kelebek”də lider və qalib özümü görürəm”.
Gənc və istedadlı ifaçı Azad Şabanov isə “Altın Kelebek”də öz şanslarını bu cür dəyərləndirib:
“Təklif gəldi. Mən də iştiraka razılıq verdim. Qismətə bağlayıram. Qismətdən çox yeyə bilmərik. Mənim üçün əsas iştirak etməkdir, qalib olmasam da olar. Başım digər işlərə qarışdığından tam olaraq “Altın Kelebek” haqda informasiyam yoxdur. İşlərimin çoxluğundan heç telefon zənglərinə belə cavab vermirəm. Mənimlə bağlı çəkilişlər oldu, bitdi. Daha sonra onlara şəkillərimi yolladım. Ondan sonra mükafatlandırma ətrafında gedən söhbətlərdən xəbərim yoxdur. Ola bilsin onlar mənə zəng ediblər bu ərəfədə, mən isə telefonu götürməmişəm”.
Sosial şəbəkə izləyiciləri “Altın Kelebey”in siyahısına düşmək üçün yerli məşhurlar yüksək məbləğdə qonorar ödəyiblər” kimi iddialar irəli sürüblər.
Mükafatlanmada iştirak etmək üçün nə qədər məbləğdə pul ödəmisiz sualına ulduzlar belə cavab verdi:
Müğənni Nura Suri :
“Bu kimi fikirlərin hamısı yanlışdır. Onlar pul xərcləyirlər. Mənim nəyimə lazımdır ki, iştirak üçün pul xərcləyim. Bizdə bir-birimizin uğuruna sevinməyi heç kim bacarmır. Bu isə ən böyük mənfi xüsusiyyətlərimizdəndir. Mənim üçün təklif almaq çox xoş oldu. Bütün çəkilişləri və reklamları şirkət özü edir. Özü də yüksək səviyyədə. Onu da bildirim ki, onlar bizim bütün xərclərimizi çəkəcəklər. “Biznes klass”a təyyarə biletim alınıb. Həmçinin ən bahalı hotellərin birində “lüks” nömrələr ayrılıb. Bir qəpik belə cibimdən pul xərcləməmişəm. Siyahıda elə belə insan yoxdur. Hamısı öz sahəsində yetərincə sevilir və tanınır, işləri də göz önündədir. Hərə öz arşını ilə ölçür”.
Müğənni Xəyyam Nisanov:
“Tarkan kimi bir “meqastar” “Altın Kelebek”də iştirak edirsə, burada puldan söhbət gedə bilməz. Təşkilatçılardan təklif gəldi. Mən də sevə-sevə qəbul etdim. Pul verib, iştirak etmək kimi fikirlər doğru deyil, yalnışdır”.
Müğənni Elçin Cəfərov:
“Ümümiyyətlə, pul haqqında heç bir şey danışılmayıb. Əgər pul barədə məsələlər olsaydı, mən dərhal rədd cavabı verərdim. İnanmıram ki, burada pul keçsin”.
Qeyd edək ki, Azərbaycan “Altın Kelebek” mükafatlandırma gecəsində iki dəfə iştirak edib. 2017-ci ildə “Altın kelebey”i Xalq artisti Röya Ayxan, 2018-ci ildə isə Xalq artisti Aygün Kazımova qazanıb. Onlar hər ikisi “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında qalib gəliblər.
Rəşad Əliyev
Rəylər