Rusiyanın Xalq artisti, məşhur müğənni Valeri Leontyev ABŞ-nin Mayami bölgəsindəki malikanəsini sığortalamaq üçün 30 milyon rubldan çox (394 000 dollardan çox - red.) pul xərcləyib.
Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən məlumat verir.
"Telegram" kanalının iddiasına görə, Leontyevin evi yüksək daşqın riski zonasında yerləşir. Bunu nəzərə alaraq, 77 yaşlı müğənni bir neçə sığorta polisi (sığorta şirkəti tərəfindən verilən sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd - red.) qeydiyyatdan keçirib və bunlar 2030-cu ilə qədər qüvvədə olacaq.
Sığortanın illik dəyəri təxminən 100 000 dollar təşkil edir. Bu məbləğə evin əsas sığortası (40 000 dollar), qasırğanın fəsadlarından mühafizə (21 000 dollar), daşqınlardan sığortası (35 000 dollar) və vətəndaş məsuliyyəti polisi (4 000 dollar) daxildir.
Qeyd edilir ki, müğənni 2014-cü ildə malikanəni satın aldığı vaxtdan bəri onun təkmilləşdirilməsinə əhəmiyyətli vəsait qoyub. O, evi yenidən layihələndirib, təmir aparıb və bəzək işlərini yeniləyib. 2022-ci ildə damda "Tesla Powerwall" günəş panelləri quraşdırılıb. Lakin iki il sonra dam istifadəyə yararsız hala düşüb və Leontyev metal damı dəyişdirməli olub.
Bundan əlavə, son üç ildə Valeri Leontyevin ABŞ büdcəsinə vergi ödənişləri ildə 62 500 dollara qədər artıb. Hesablamalara görə, malikanənin bazar dəyəri bir milyard rubla (22 milyon manatdan çox) yaxınlaşır.