ABŞ-dən olan məşhur rep ifaçısı P.Diddinin (əsl adı Şon Kombs) cəza çəkmə müddəti yenidən azaldılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ penitensiar sisteminin məlumat bazasına istinadən "RİA Novosti" agentliyi məlumat yayıb.
Məlumata əsasən, ifaçı 2028-ci il fevralın 23-də deyil, həmin ayın 8-də azadlığa çıxacaq. Qeyd edək ki, cəzanın başa çatma vaxtı əvvəlcə 2028-ci il mayın 8-i kimi müəyyənləşdirilmişdi.
Xatırladaq ki, ötən ilin oktyabrında Nyu-York məhkəməsi repçini 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Andlı iclasçılar heyəti onu insanların fahişəliyə cəlb edilməsi məqsədilə daşınması ilə bağlı iki epizod üzrə təqsirli bilib. Bununla belə, ifaçı reketlik və cinsi istismar məqsədilə zorakılıqla yerdəyişmə ilə bağlı irəli sürülən iki epizod üzrə ittihamlara görə bəraət qazanıb.
Musiqiçinin vəkilləri andlı iclasçıların bəzi ciddi epizodlar üzrə bəraət qərarı verməsinə baxmayaraq, təyin olunan cəzanın həddindən artıq ağır olduğunu bildirirlər. Müdafiə tərəfi qadınların fahişəlik məqsədilə daşınması ittihamını məhkəmə prosesində sadəcə ziyafətlərdə çəkilən "adi həvəskar pornoqrafik materiallar" kimi təqdim etməyə çalışır.