Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Flora Kərimova həkimi məhkəməyə verdi: Gözlərində problem yaranıb - AÇIQLAMA
Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib.
Müğənni bu dəfə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəmədə iddia qaldırıb.
Məhkəmə işlərinə hazırlıq iclası ötən gün Nəsimi Rayon Məhkəməsində baş tutub.
F.Kərimovanın bu addımı atmasına səbəb S.Heydərovanın onu uğursuz əməliyyat etməsi iddiasıdır. Xalq artisti həkimin əməliyyatından sonra gözlərində problem yarandığını bildirib.
Məhkəmə prosesi ilə bağlı Oxu.Az-a Xalq artistinin köməkçisi açıqlama verib.
O bildirib ki, əməliyyatdan sonra Flora Kərimovanın gözlərində assimmetriya yaranıb:
“Həmçinin uğursuz əməliyyyatdan sonra ptoz, yəni yuxarı göz qapağının sallanması yaranıb. Tikişdən sonra göz qapaqlarının bir tərəfi sallanıb. Bunlar sonradan başqa problemlərə gətirib çıxarır. Məsələn, gözlər tez-tez sulanır”.
Məsələ ilə bağlı qarşı tərəfin, həkim Sevinc Heydərovanın mövqeyini öyrənmək istəsək də, bu mümkün olmadı. Həkimin köməkçisi onun əməliyyatda olduğunu, daha sonra bizimlə əlaqə saxlayacağını söz versə də, telefon bağlantısı yaradılmayıb.
Qeyd edək ki, F.Kərimovanın qarşılaşdığı ptoz problemi tibdə yuxarı göz qapaqlarının sallanması və ya düşməsi kimi izah olunur. Sözügedən problemdən əziyyət çəkən xəstələr çəpgözlük, ikigörmə, gözün qıcıqlanması, gözün tam qapana bilməməsi, göz qapaqlarını açıq saxlamaq üçün daim gərginlikdən yorulma kimi çətinliklərlə üzləşirlər. Anadəngəlmə ptoza səbəb göz qapağını qaldıran əzələnin olmaması və ya inkişafdan geri qalmasıdır. Qazanılmış ptoza səbəb isə göz qapağını qaldıran əzələni innervasiya (bədənin və ya toxumanın qeyri- bərabər elementlərlə təchizi - red.) edən sinir liflərinin, gözün hərəki sinirinin insult, ensefalit, Horner sindromu nəticəsində iflicidir.
Şəlalə Babayeva
Rəylər