Britaniyalı müğənni Bonni Tayler Portuqaliyada keçirdiyi təcili əməliyyatdan sonra süni komadan çıxıb. İfaçının huşu özündədir, lakin vəziyyəti ağır olaraq qalır.
Oxu.Az bu barədə "The Sun" qəzetinə istinadən xəbər verir.
Sənətçinin nümayəndəsi bildirib ki, onun səhhətində yaxşılaşma olmasına baxmayaraq, bərpa prosesi yavaş gedir. Müğənni ölkənin cənubundakı Faru dairəsində yerləşən xəstəxananın intensiv terapiya şöbəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, 74 yaşlı ulduz may ayında yaşadığı Faru şəhərində bağırsaq perforasiyasına səbəb olan ağır infeksiya ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat zamanı deşilmə aradan qaldırılsa da, infeksiyanın qarşısını hələ də almaq mümkün olmayıb. Məhz bu səbəbdən həkimlər xəstəni süni komaya salmaq qərarına gəliblər.