"Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında işğal dövründə torpaqlarımızın yalnız fiziki olaraq deyil, eyni zamanda təbiət və təbii sərvətlər baxımından da böyük zərərə məruz qalması dəfələrlə vurğulanıb".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, xüsusilə, 2020-ci ildə Kəlbəcər və Laçın rayonlarını tərk edən Ermənistan tərəfinin evləri yandırması, ağacları kəsməsi və meşələrə ziyan vurması həmin siyasətin mahiyyətini bir daha göstərib:

"Dövlət başçısının Kəlbəcərə səfəri zamanı qeyd etdiyi kimi, ermənilər əraziləri tərk edərkən ağacları kəsib, yandırıb, binaları dağıdıblar. İşğal dövründə təbii sərvətlərimizin qanunsuz istismarı da ayrıca diqqət tələb edən məsələdir. Kəlbəcərin Söyüdlü, Zəngilanın Vejnəli qızıl yataqlarının və digər faydalı qazıntı yataqlarının qanunsuz istismar edilməsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyi dəfələrlə ifadə olunub. Bu prosesə etiraz olaraq 2022-ci ildə Laçın yolunda ekoloji aksiyanın keçirilməsi də Azərbaycanın təbii sərvətlərinin qorunması məsələsini beynəlxalq gündəmə çıxaran addımlardan biri olub. Bu məsələlərə yalnız keçmişin hadisələri kimi yanaşmaq düzgün deyil. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası, meşələrin yenidən salınması və təbii sərvətlərdən qanuni və səmərəli istifadə istiqamətində böyük işlər həyata keçirir. Bizim əsas mesajımız bundan ibarətdir ki, işğalın nəticələri yalnız dağıdılmış şəhər və kəndlərlə ölçülmür; təbiətə və sərvətlərimizə vurulmuş zərər də sənədləşdirilməli, beynəlxalq ictimaiyyətə çatdırılmalı və qanunvericiliyə uyğun şəkildə hüquqi qiymətini almalıdır".