Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Arçil Sixarulidze: "Gürcüstan Fransanın filialı deyil"
Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etdikdən sonra Gürcüstan Prezidenti Salome Zurabişvili ona veto qoyub. Daha sonra isə Venesiya Komissiyası (Hüquq yolu ilə Demokratiya üzrə Avropa Komissiyası) Gürcüstan hakimiyyətinə bu sənədi geri götürməyi tövsiyə etdi, çünki komissiyanın fikrincə, qanunun bu variantı beynəlxalq standartlara uyğun deyil.
Öz növbəsində hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" (GA) partiyasında qeyd olunub ki, prezidentin qanuna vetosu növbəti sessiya həftəsində aradan qaldırılacaq. Venesiya Komissiyasının rəyinə gəlincə, GA-nın nümayəndəsi, deputat Salome Kurasbediani deyib ki, yekun olaraq, biz çoxlu əsassız və ziddiyyətli hüquqi mülahizələrə, habelə müəyyən qrupların radikallaşmasına daha da təkan verən bir sıra kobud təhriflərə rast gəlirik. Ona görə də Venesiya Komissiyasının platformasından peşəkar mühakimə əvəzinə, qərəzli siyasi mühakimə yürütmək üçün istifadə olunması məyusedicidir və bu, Venesiya Komissiyasının reputasiyasına yenə də xələl gətirir.
Gürcü politoloq, "SIKHA foundation" Araşdırma Mərkəzinin təsisçisi Arçil Sixarulidze "Xarici təsirin şəffaflığı haqqında" qanun ətrafında yaranmış vəziyyəti Oxu.Az-a şərh edib:
- Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, qeyri-hökumət təşkilatlarının (QHT) xaricdən maliyyə axınını açıqlaması Gürcüstan Konstitusiyasının dörd maddəsinə ziddir. Söhbət sərbəst toplaşmaq azadlığından, şəxsi toxunulmazlıq və ailə həyatı hüququndan, bərabərlik hüququndan və Avropa və Avro-Atlantik strukturlara inteqrasiya hüququndan gedir. Eyni zamanda, qanuna veto qoyarkən o, sənədi konstitusiya, Gürcüstan, Avropa və demokratiya əleyhinə olduğunu bildirib və yalnız bir düzəliş təklif edib.
- Salome Zurabişvili veto qoymasını əsaslandıraraq, qanunu parlamentə qaytarmalı idi. Əgər o, sənədin bu variantı ilə razı deyilsə, yeni bir şey təklif etməyə borcludur. Əsaslandırılmış veto ilə müzakirələr və qanuna dəyişikliklər etmək imkanı yarandı. Lakin Zurabişvili Avropa yolunun radikal tərəfdarı olduğunu göstərmək qərarına gəldi və sadəcə veto qoyaraq, qeyd etdi ki, qanun ləğv edilməlidir, bu qədər. Bir çox digər ekspertlər, eləcə də sadə insanlar kimi mənə də elə gəlir ki, bu halda Gürcüstan prezidenti Konstitusiyaya məhəl qoymayıb.
Onun Gürcüstan Konstitusiyasının dörd maddəsinin pozulması ilə bağlı bəyanatı isə tamamilə cəfəngiyyatdır. "Xarici təsirin şəffaflığı haqqında" qanunda belə bir şeylər nəzərdə tutulmayıb. Yeganə real məqam, bəlkə də, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya mövzusu ola bilərdi, çünki Qərb, Avropa tərəfdaşları Gürcüstanın qanununu bəyənmirlər. Ancaq onu niyə sevmədikləri böyük bir sual doğurur. Bir çox Qərb ölkələrində artıq çoxdandır ki, oxşar qanunlar qəbul edilib, bəzi yerlərdə isə qəbul olunmaq üzrədir. Lakin Gürcüstanın Avropaya inteqrasiyasının daha da mürəkkəbləşəcəyini istisna etmək olmaz.
- Zurabişvilinin daha bir mühüm açıqlaması var. O, Fransa Prezidenti Emmanuel Makronu Gürcüstanı və ümumilikdə Qafqazı Sovet əsarətindən və Rusiyanın təsirindən azad etmək üçün Tbilisiyə gəlməyə çağırıb. Açığını desəm, bu, hətta Fransada doğulan bir qadın üçün də qeyri-adi xahişdir, çünki o, başqa ölkənin - Gürcüstanın prezidentidir.
- Gürcüstanda Avropa İttifaqı, Fransa, ABŞ ilə çox sıx bağlı olan müəyyən təbəqə var. Onlar hesab edirlər ki, ölkəmiz strateji baxımdan xarici qüvvələrə tabe olmalıdır, çünki bunun nəticəsində Gürcüstan müəyyən üstünlüklər əldə edəcək. Son etiraz mitinqlərinin birində İslandiya və üç Baltikyanı ölkənin rəsmi nümayəndələri çıxış ediblər. Etirazçıların bir hissəsi onları mehribanlıqla qarşılayıblar, lakin əhalinin əksəriyyəti buna qəzəbləndi, bunun sadəcə olaraq xoşagəlməz bir hal olduğu bir yana qalsın, bu növ müdaxilə ölkəmizin suverenliyinin birbaşa pozulmasıdır.
Salome Zurabişvilinin Emmanuel Makrona müraciəti gülüncdür. Gürcüstan Fransanın filialı deyil, Parisin törəmə şirkəti deyil. İstənilən halda, Makron necə nə isə edə bilər? Gürcüstanda qərar qəbul edən qanuni hökumət var.
"Xarici təsirin şəffaflığı haqqında" qanun ətrafında etirazların gərginləşməsi isə artıq səngimişdi, bu, məktəblilərin aksiyalara cəlb olunmasından sonra bəlli oldu. Etirazlarda Gürcüstanın orta təbəqəsi iştirak etməyib. Başqa bir mexanizm var - seçkilər, onlar isə bizdə oktyabrda olacaq.
- Bu arada ABŞ Konqresində aktivləri donduran və "Xarici təsirin şəffaflığı haqqında" qanunu dəstəkləyən Gürcüstan rəsmilərinə viza verilməsini əngəlləyən qanun layihəsini müzakirə edilir.
- "Politico" nəşri isə bildirir ki, amerikalı senatorlar belə bir təşəbbüs irəli sürməyə hazırlaşırlar ki, əgər Gürcüstan hakimiyyəti "normal seçkilər" keçirsə və qanundan imtina etsə, ABŞ ölkəmizə böyük üstünlüklər verəcək: hərbi yardımdan strateji ticarətin liberallaşdırılmasına qədər. Bu, uzun illərdir ki, Gürcüstana verilməyən bir şeydir. Bəs amerikalıların üzərində bu qədər "can yandırdığı" bu qanunda nə var? Orada bildirilir ki, maliyyənin 20%-dən çoxunu xaricdən alan QHT-lər ildə bir dəfə bəyannamə doldurmalı və bu vəsaitlərin hansı siyasi məqsədlərə xərcləndiyini göstərməlidirlər. Bu qədər. Amerikalılar yəqin ki, hər kəsin bu maliyyə yardımının həcmini və onu alanları bilməsini istəmirlər.
Sanksiyalara gəlincə, mənə elə gəlir ki, ən azı seçkilərə qədər sanksiyalar olmayacaq. Seçkilərdə qalib gəlmək şansı ən yüksək olan "Gürcü arzusu"nun nümayəndələrinə qarşı sanksiyaların tətbiqi məntiqsiz olardı, bunu sosial sorğular da göstərir. Bəs onda Vaşinqton Gürcüstan hakimiyyəti ilə necə işləyə bilər? Gürcüstan ABŞ-nin strateji tərəfdaşıdır, yeganə həqiqi qərbyönlü qüvvədir (Cənubi Qafqazda - red.).
Nair Əliyev
"Salome Zurabişvili" teqi üzrə xəbərlər
- Kobaxidze Zurabişvilinin AP-dəki bəyanatlarını absurd adlandırdı: "İlk dəfədir belə bir şey görürəm"
- İrakli Kobaxidze: "Bir ölkədə de-fakto üç prezident ola bilməz"
- Makron Fransası Gürcüstanı xaosa sürükləyir
- Kobaxidze: "Zurabişvili prezident sarayından getməlidir"
- Zurabişvili prezident sarayını tərk etməkdən imtina edib