ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının (PA) yaradılması təklifi ilə çıxış edib.
Oxu.Az-ın xəbərinə görə, ATƏT PA-nın Bişkekdə keçirilən 17-ci payız sessiyası çərçivəsində “Mərkəzi Asiya və ondan kənarda təhlükəsizlik sahəsində qarşılıqlı dialoq” mövzusunda təşkil edilən konfransda çıxış edən qurumun vitse-prezidenti A.Quliyev deyib ki, payız sessiyası region və bütövlükdə ATƏT-in əhatə etdiyi ərazi üçün mühüm olan məsələlərə həsr olunub:

“Bugünkü müzakirələr ortaq tarixə, coğrafi xüsusiyyətlərə və mədəniyyətə malik olan Mərkəzi Asiya dövlətləri arasında dialoqun gücləndirilməsi və etimadın möhkəmləndirilməsi prosesinə töhfə verməyə, eləcə də, regional əməkdaşlığın tam gücü ilə inkişaf etməsinə dəstək göstərmək üçün parlamentarilərə mövcud mexanizmlərdən yararlanmağa imkan yaradır”.
A.Quliyev konfransda etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq vasitəsilə Mərkəzi Asiya ölkələrinin sərhədlərində mövcud olan problemlər və təhdidləri aradan qaldırmaq, onlara qarşı mübarizə yolları axtarmağın vacibliyini bildirib:
“Çıxışımda sərhədlərdəki problemlərin detallarına enmək istəməsəm də, məlumdur ki, bu problemlərin arasında ən çox narahatlıq doğuranları narkotik və silah alveri, qeyri-qanuni miqrasiya, dini ekstremizm və terrorizmin yayılmasıdır.
Bunlar yalnız Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün ATƏT regionunda sülh və təhlükəsizliyə birbaşa təhdiddir. Bu səbəbdən, bütün bu məsələlərin qarşılıqlı əməkdaşlıq şəraitində və vaxtında həlli ümumi maraq obyekti olmalıdır. Səylərimizi birləşdirsək, böyük nəticələr əldə edə bilərik”.
A.Quliyev bildirib ki, assambleya üzvləri buraya mövcud olan problemlərin effektiv həllində parlamentarilərin rolunu müzakirə, eləcə də, dialoqun və əməkdaşlığın möhkəmlənməsi üçün bütün potensialdan istifadə etməyə yardım edəcək mövcud alətləri müəyyən etmək üçün toplaşıb.
O deyib ki, Mərkəzi Asiya ölkələri üçün regional parlamentlərarası dialoq və əməkdaşlıq üçün yeni bir platformanın yaradılmasına ehtiyac duyulur:
“Bu zərurəti nəzərə alaraq Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılması təklifini irəli sürmək istərdim. Belə bir platforma regional əməkdaşlığı əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, eləcə də, istənilən potensial problemin qarşısının vaxtında alınması və ən önəmlisi də, qarşılıqlı maraq və anlaşma əsasında mövcud problemlərin həll edilməsi istiqamətlərində parlament diplomatiyası üçün birləşdirici amil olacaq.
Hesab edirəm ki, prezident Georgi Tsereteli və assambleyamızın bütün dəyərli üzvləri mənimlə razılaşacaq ki, ATƏT Parlament Assambleyası belə bir ideyanın həyata keçirilməsində dəstək verə və Parlament Assambleyasının işinə lazımi kömək göstərə bilər”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az