İspaniyanın Şimali Afrikadakı muxtariyyəti olan Seuta şəhərindəki həkimlər kollegiyasının sədri Enrike Roviralta bildirib ki, miqrant axınından sonra İspaniya anklavının əhalisi arasında psixi pozuntular epidemiyası müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti məlumat yayıb.
"Seuta sakinləri arasında səssiz bir psixi pozuntu epidemiyası ilə üzləşmişik. Şəhərdə getdikcə daha çox insan təşviş və depressiya problemlərindən əziyyət çəkir", - deyə Roviralta vurğulayıb.
O qeyd edib ki, İspaniya anklavında qorxu hissinə görə evdən çıxmaq istəməyən və ya çıxa bilməyən insanlar var.
Onun sözlərinə görə, imkanı olan ailələr övladlarını şəhərdən çıxararaq materikdəki qohumlarının yanına göndəriblər.
O həmçinin əlavə edib ki, xroniki xəstəlikləri olan yaşlı vətəndaşlar qorxu səbəbindən artıq xəstəxanalara həkim qəbuluna getməkdən imtina edirlər.
İyulun sonunda onminlərlə qanunsuz miqrant Mərakeşdən Seutaya daxil ola bilib. Yaranmış böhranla əlaqədar rəsmi Madrid yaşayış məntəqəsində təhlükəsizliyin təmin olunmasına kömək etmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib. Qeyri-qanuni miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı ehtimal edilsə də, İspaniya rəsmilərinin məlumatına görə, şəhərdə hələ də 5 minə yaxın miqrant qala bilər.