Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri başa çatıb
Milli Məclisdə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransının iştirakçıları dekabrın 8-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Polad Bülbüloğlu, Əhliman Əmiraslanov, Səməd Seyidov, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Qonaqları qarşılayan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara hava limanı barədə məlumat veriblər. Sonra Füzuli şəhərinə gələn Beynəlxalq Parlament Konfransının iştirakçıları burada erməni barbarlığının izləri ilə tanış olublar. Qonaqlara Füzulidə görülən və görüləcək işlər, Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi barədə də məlumat verilib.
Bildirilib ki, artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəlləsində məskunlaşırlar.
Şuşaya gələn qonaqları burada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb. Xüsusi nümayəndə qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.
Qonaqların Şuşa ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanından başlayıb. Nümayəndə heyəti sonra Bülbülün ev-muzeyi, qala divarları ilə tanış olublar.
Parlamentarilər "İsa Bulağı"na və "Xan qızı" bulağına da baş çəkiblər.
Sonra qonaqlar Xankəndi şəhərinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib. Qonaqlar Xankəndi şəhəri, Xankəndi şəhər meydanı və buradakı Qarabağ Universiteti ilə tanış olublar.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq bildirib ki, universitetdə tədrisin və elmi araşdırmaların həyata keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.
Qonaqlar universitetin auditoriyalarını, laboratoriya və kitabxanasını gəzərək yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.
Xocalı şəhərində gələn səfər iştirakçılarına ermənilərin burada törətdikləri vəhşiliklər, Xocalı soyqırımı, işğaldan azad edildikdən sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.
Səfər zamanı qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər, səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Bununla da səfər başa çatıb.
"Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndi şəhərindən sonra Xocalıya gəliblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlar şəhər mərkəzində olublar.
Burada qonaqlara ermənilərin törətdikləri vəhşiliklər, şəhərin 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra azad edilmiş Xocalıda aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.
Həmçinin bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb.
Qeyd edilib ki, Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalıda da böyük bərpa-quruculuq işləri həyata keçirilir. Artıq Xocalı sakinləri doğma şəhərlərinə qayıdıblar.
Səfər zamanı nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
"Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhəri ilə tanış olublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.
Qonaqlar sonra Qarabağ Universitetinə gəliblər. Universitetin rektoru Şahin Bayramov onlara təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb. Bütün tədris binalarında əsaslı təmir işləri həyata keçirilib, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.
Qonaqlar universitetin auditoriyaları, laboratoriya və kitabxanasını gəzib, yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.
Milli Məclisdə keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətinin Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkənin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb.
Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. 32 il köçkünlük həyatı yaşayan Şuşa sakinlərinin də doğma yurdlarına qayıdışı reallaşıb. Qonaqlara Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə də məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra heykəllər əvvəlki yerlərinə qaytarılıb. Sonra Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları və Bülbülün ev muzeyi ilə tanışlıq olub.
Nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Nümayəndə heyəti sonra Xankəndi şəhərinə yola düşüb.
Milli Məclisdə keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
Regionun qonaqlara tanıdılması Füzuli aeroportundan başlanıb. Burada qonaqlara hava limanı ərazisinin minalardan təmizlənməsi və qısa müddətdə yaradılmış şərait barədə ətraflı məlumat verilib.
Qonaqlar Füzuli rayonuna səfərləri çərçivəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Füzuli ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa, Xankəndi və Xocalıya səfər edəcək.