Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat: “On səkkizinci məqsəd reallaşır”
“Bu gün münaqişələrdən əziyyət çəkən dövlətlərin dünya nizamının yenidən qurulmasında səyləri, Dördüncü Sənaye İnqilabının çağırışlarının yeni düzəndə əks olunması istiqamətində nəzərəçarpan geosiyasi mübarizə ölkələri xarici siyasətlərində daha həssas olmağa sövq edir”.
Bunu Oxu.Az-a Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
Deputat qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində tarixi ədaləti bərpa etməklə 2020-ci ildə 30 il işğal altında saxlanılan torpaqlarını azad edərək güc mərkəzləri tərəfindən ədalətsiz münasibətə son qoydu, dövlət maraqlarını təmin etdi, eyni zamanda, qeyri-qanuni fəaliyyət göstərən silahlı qruplaşmaları məhv edərək ərazi bütövlüyü və suverenliyini bərpa etdi:
“Şübhəsiz ki, Azərbaycanın hərbi uğuru və nümayiş etdirdiyi potensialına beynəlxalq müstəvidə sevinən dost dövlətlərlə yanaşı, son zamanlarda bu uğurlara maneə olmağa çalışan ölkələr də açıq-aydın özlərini göstərməyə başlayıblar. Bu gün müxtəlif vaxtlarda Azərbaycanla qarşılıqlı hörmətə əsaslanmış və gələcəyə yönəlmiş inkişaf strategiyaları olan Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına əngəl törədir və bu, Fransa iqtidarına rəhbərlik edən hökumət rəsmilərinin münasibətində də açıq-aydın görünməkdədir.
Ümumiyyətlə, Fransa-Azərbaycan münasibətləri son 30 ildə prinsip etibarı ilə yalnız inkişafa doğru köklənib. Bu münasibətlərdə Azərbaycan hər zaman Fransanı Avropanın mədəni paytaxtı olaraq bir sıra məsələlərdə, yaradılan mexanizmlərdə daha çox dəstəkləməyə çalışıb. Baxmayaraq ki, Azərbaycan postmüharibə dövründə sülh sazişinin imzalanması üçün Fransanın iştirakına, onun öz sülhməramlı missiyasını yerinə yetirməsinə imkan yaratdı, amma biz nəticədə Fransa prezidentinin həmin əldə olunmuş fürsətdən istifadə etmək əvəzinə, Azərbaycanı qaralamağının şahidi oluruq.
Azərbaycan bugünkü dünya reallıqlarını çox yaxşı görür və nəinki Avropada, Asiyada, Şimali və Cənubi Amerikada, hətta bütün dünyada sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün mövcud resurslardan maksimum dərəcədə istifadə edir”.
M.Əfəndiyev onu da əlavə edib ki, ölkənin zəngin enerji resurslarının ehtiyacı olan Avropa ölkələrinə nəql edilməsi, müsəlman ölkələri ilə ictimai-mədəni əlaqələrin daha da dərinləşdirilməsi, yoxsul, xüsusilə Afrika ölkələrinə humanitar yardımların göstərilməsi, dünya ticari əlaqələrinin möhkəmlənməsində şərqdən qərbə, şimaldan cənuba logistika potensialının genişləndirilməsi Prezident İlham Əliyevin çoxvektorlu və tarazlı xarici siyasətini ehtiva edir:
“Bu baxımdan artıq son illər kifayət qədər təşkilatlanmış və nüfuzlanan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər İclasının Bakı şəhərində keçirilməsi, bu platformanın daha da aktivləşməsi Prezident İlham Əliyevin və rəsmi Bakının sülhə doğru atdığı növbəti vacib addımlardan biridir. Azərbaycan Prezidentinin həmin toplantıda çıxışı zamanı qeyd etdiyi məqamlar, xüsusilə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən həyata keçirilən “2030 Gündəliyi”nin genişləndirilməsi istiqamətində fikirləri mövcud dünya siyasətinin yenidən formalaşan arxitekturasının möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxış nitqində təcrübədə rastlaşdığı vacib, aktual məsələyə bir daha toxundu. Bildiyimiz kimi, ərazilərimiz Ermənistanda istehsal olunan və qeyri-qanuni erməni silahlı dəstələri vasitəsilə daşınan minalarla çirkləndirilməkdədir. Bu hallar, həmçinin, Azərbaycan misalında digər münaqişə və postmünaqişə zonalarında da yaşanmaqdadır. Heç kəsə sirr deyil ki, bu gün dünyamızda müharibələrdən əziyyət çəkən xalqlar, millətlər, eyni zamanda, mina terrorunun da qurbanı olurlar.
Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürüb”.
Azərbaycan Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə yeni, 18-ci maddənin əlavə olunması təklifi, bilavasitə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi və fəaliyyət prinsiplərinə əsasən, günahsız, sivil insanların minaya düşərək həlak olmasının qarşısının alınması, onların yaşamaq hüququnun təmin olunmasına hesablanıb”.
Deputat əlavə edib ki, beləliklə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasından dünyaya səslənməsi bir daha ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövlətinin bu günə qədər sülhə doğru atdığı addımlar və səsləndirdiyi fikirlərinin bariz göstəricisidir:
“Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə yenidən ortaya əsaslandırılmış yanaşma qoyaraq özünün mövcud qlobal problemlərin həlli istiqamətində rolunu və potensialını nümayiş etdirir. Bundan öncə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk görüşü, daha sonra Gənclər Şəbəkəsinin baş tutan tədbirləri və bu gün də Nazirlər İclasının keçirilməsi deməyə əsas verir ki, bu təşkilatın institusional mərkəzinin təsis olunması da yaxın gələcəkdə reallaşa bilər”.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti