Oxu.Az-ın suallarını Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov cavablandırır.
- Mədəni və idman xarakterli qlobal miqyaslı tədbirlər bir qayda olaraq, xarici ictimaiyyətdə tədbirə ev sahibliyi edən ölkə haqqında məlumatlılıq səviyyəsini artırır. Bu mənada Bakıda keçiriləcək Birinci Avropa Oyunlarından nə gözləmək olar?
- Son əsrdə dünya dövlətləri anlayıblar ki, beynəlxalq arenada uğur qazanmaq üçün iqtisadi və siyasi qüvvədən başqa, həm də ictimai qüvvə, cəlbedicilik labüddür. Bu ictimai cəlbetmə, sən demə dövlətə heç də az dividend gətirmir – bu həm turist, həm sərmayə axını, həm də beynəlxalq inkişaf indekslərində müxtəlif yüksək yerlərdir.
Cəlbedici və müsbət reputasiyalı dövlətə qarşı informasiya müharibəsi aparmaq, ona çirkab atmaq çətindir, biz bunun beynəlxalq səviyyədə şahidi oluruq. Əgər yaxın keçmişə nəzər salsaq buna çoxsaylı misal çəkə bilərik. Məsələn, beynəlxalq imic haqqında narahat olmayan ölkə də beynəlxalq təcridə uğraya bilər və ona qarşı, hərbi də daxil olmaqla müxtəlif sanksiyalar tətbiq edə bilərlər. İraq, Livan, Suriya buna bariz nümunədir. Başqa bir misal – Ukrayna ərazisində hadisələrdir. Mən hesab edirəm ki, Rusiyanın bugünkü beynəlxalq təcridi, onun beynəlxalq imicinə cavabdeh olan strukturların bacarıqsızlığı və savadsızlığının nəticəsidir...
- Bu gün ölkələr üçün yaxşı rakurslu mövqedən çıxış etmək vacibdir, gördüyünüz kimi bu işdə onlara qlobal miqyaslı tədbirlər yardım edir. Bakıda keçiriləcək Birinci Avropa Oyunları demək olar ki, ölkəmizi dünya ilə tanış etmək üçün ən uğurlu səbəblərdən biridir. Niyə belə düşünürəm?
- Bakıda keçiriləcək bu tədbir bir neçə göstərici üzrə maraqlıdır. İlk növbədə, bu, Birinci Avropa oyunlarıdır. İkincisi isə bu, birinci Avropa Oyunlarıdır. Yəni bu tədbir, artıq məhz buna görə tarixə düşür. Azərbaycanın isə bundan əldə etdiyi odur ki, ölkəmiz çoxları tərəfindən hələ Avropa ölkəsi kimi qəbul edilmir, amma eyni zamanda o məhz Avropa Oyunlarının təşkilatçısıdır! Və beynəlxalq siyasətdən uzaq olan istənilən sıravi fransız və ya alman, sadəcə düşünəcək ki, əgər ölkə Avropa Oyunlarını təşkil edirsə, demək o, Avropadadır.
Digər tərəfdən, bu oyunlarda çoxminlik idmançı ordusunun iştirakı gözlənilir, rəsmi strukturların verdiyi proqnoza görə, ölkəyə milyondan çox turist gələcək. Ölkə haqqında belə məlumatlandırmaya bu oyunları keçirmədən, heç bir pul ilə nail olmaq olmazdı. Bu nöqteyi-nəzərdən, mən hesab edirəm ki, Birinci Avropa Oyunları ölkəmizin Avropada və ümumiyyətlə, dünyada qəbul edilməsinin yeni mərhələyə yüksəlməsinə yardım edəcək.
- Sirr deyil ki, bir çox ölkələrdə Azərbaycanı sevməyən dairələr var, onlar bu gün Avropa Oyunlarının iştirakçı ölkələrini Qərb ölkələrinin iqnor etdikləri Moskvada keçirilən Olimpiada-80 misalı kimi boykot etməyə çağırırlar. Bu hesablamalar nə dərəcədə əsaslıdır?
- Ölkənin hamı tərəfindən yalnız sevilməsinə nail olmaq mümkün deyil. İstənilən ölkənin bədxahları və tənqidçiləri var. Götürək elə ABŞ, Rusiya, Fransa, Almaniya və s. ölkələri. Bu nöqteyi-nəzərdən, mən yumşaq desək “qeyri-dostlar”ımızın olmamasına normal yanaşıram. Mən hətta bunun bizə faydalı olduğunu da deyərdim.
Bəli, bizim, 25 ilə yaxın müstəqillik dövründə fiziki olaraq aradan qaldırılması mümkün olmayan həll edilməmiş problemlərimiz var. Bu baxımdan tənqidçilər bizi tez bir zamanda bu məsələləri həll etməyə sövq edirlər. Daha bir an: açıq tənqidçilərin və hətta düşmənlərin olması – ölkəmizin birbaşa olaraq diqqət mərkəzində olmasının göstəricisidir. Diqqət mərkəzinə isə o, boş yerə düşməyib – bu, ölkəmizin inkişaf edərək fəal beynəlxalq oyunçuya çevrilməsinin nəticəsidir.
Mən Birinci Avropa Oyunlarının boykotuna skeptik yanaşıram – bu, Azərbaycan tənqidçilərinin tutunduqları saman çöpüdür. Yuxarıda qeyd etdiyim kimi Birinci Avropa Oyunları ölkəmizin Avropada və ümumiyyətlə, dünyada qəbul edilməsinin yeni mərhələyə yüksəlməsinə yardım edəcək. Anti-Azərbaycan isteriyasının əsas səbəbi də budur, burada da təbii ki, erməni lobbisinin rolu olub. İstənilən halda Azərbaycan belə hücumlara qarşı durmaq üçün imkanlara malikdir. Eyni zamanda dövlətimiz həmçinin tədricən, düşmənlərimizin hücum strategiyası qurduqları amilləri neytrallaşdırmağa məcburdur.
- Azərbaycan hələ də xaricdə neft və qaz ölkəsi kimi tanınır. Qarşıdan gələn Avropa Oyunları respublika haqqında yeni assosiasiyaların, milli brendlərin yaranmasına gətirib çıxara bilərmi?
- Mən belə qətiyyətlə Azərbaycanın dünya üçün yalnız neft və qaz ölkəsi olduğunu iddia etməzdim. Bu, 20-ci əsrdə aktual idi. 21-ci əsrin əvvəlindən Azərbaycan bir qədər başqa obrazlarda mövqe tutur, bu, həm islam dünyasında Avropa adası, həm sırf coğrafi, eləcə də siyasi nöqteyi-nəzərdən Avropa və Asiya arasında körpüdür. Azərbaycanı bu gün həm də velosiped turlarının, yarışların, çempionatların keçirildiyi idman ölkəsi kimi tanıyırlar. Demək istərdim ki, yeni assosiasiyalar artıq var, qarşıdan gələn oyunlar isə onları bir qədər də möhkəmləndirəcək.
- Qarşıdan gələn, sırf idman tədbiri olan Avropa Oyunlarının, indiyə qədər xaricdə az diqqət ayrılan Azərbaycan problemlərinə dolayı yolla beynəlxalq diqqətin yüksəlməsinə gətirib çıxarmasının ehtimalı nə dərəcədədir? İlk olaraq, mən respublika ərazisinin beşdə birinin işğal olunmasını nəzərdə tuturam.
- Əgər diqqətlə baxsaq, dünyada çoxdan qlobal miqyaslı sırf idman tədbirlərinin olmadığı çıxarışına gəlmək olar... Hər yerdə siyasətdir, sadəcə hardasa o incə şəkildə gizlədilib, bəzi yerdə isə gözəçarpandır. Və ətrafda bəzilərinin bu oyunları boykot etmək cəhdləri, bu oyunların sırf siyasi nöqteyi-nəzərdən Azərbaycana nə verə biləcəyini anlamaları ilə əlaqədardır.
Bəli, Azərbaycan iyun ayı ərzində xarici mətbuatın diqqət mərkəzində olacaq. Azərbaycana milyonlarla turist gələcək. Hər birimizin borcu onları məlumatlandırmalı, onlara yalnız uğurlarımızı deyil, həm də işğal edilmiş torpaqlar haqqında da həqiqəti çatdırmalıyıq. Əminəm ki, bu oyunların təşkilatçıları da bu məqamı nəzərə alıblar və Azərbaycana gələcək hər bir xarici vətəndaş ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi barədə ətraflı məlumat alacaq.
L.H.
www.oxu.az