Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Ermənilər Azərbaycanla müharibədə məğlub oldular, indi isə bir-birləri ilə vuruşurlar” – ŞƏRH + FOTO
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə səslənib. Dövlətimizin başçısı deyib: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.
Ermənilərin bu xəbərdarlıqlardan sonra hansı siyasətə üstünlük verəcəyi haqqında təhlillərini Oxu.Az-la bölüşən politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan və ermənilər paradoksal tərzdə özünü ifadə edirlər. Politoloqun sözlərinə görə, onlar bəyanat veriblər ki, guya Azərbaycan ermənilərə təhdidlər törədir:
“Ermənilər iddia edirlər ki, prezidentin Laçın səfəri onları qorxudub. Guya Azərbaycan etnik təmizləməyə hazırlaşır. Ermənilər nə isə yaratmağa qadir olmasalar da, başqalarının qurub-yaratdıqlarına təhdid törədirlər. Ərazilərimizi viran qoydular, daşı daş üstündə buraxmadılar. Bütün dünya o kadrları görüb. Biz yenidən öz cibimizdən xərcləyərək, torpaqlarımıza həyatı qaytarırıq. İnsanlar öz doğma yurdlarına qayıtsınlar, yaşasınlar. Amma Ermənistanın xarici işlər naziri boş dayanmır, demoqoqluq edərək, populist fikirlərlə dünyanın diqqətini cəlb etməyə çalışır. Əgər bu dövlətin milli qeyrəti olsaydı, yaşadıqları torpaqları viran qoymazdı. Ölkənin bütün ərazisi, şəhərləri, kəndləri viran haldadır.
Prezident İlham Əliyev onlara qətiyyətlə bildirib ki, ermənilər düzgün yolu tutmalıdırlar. Prezidentin fikirləri günün kontekstinə uyğundur. Prezidentimiz Müstəqillik Gününü azad olunmuş ərazilərimizə qaytarılan əhali ilə birlikdə qeyd etdi. Bu da onlara ciddi mesaj olmalıdır.
Ermənilər anlamalıdır ki, dövlət rəhbəri necə olmalıdır. Onlara xəbərdarlıq edirik, təxribata əl atmağı ağıllarına belə gətirməsinlər. Heç kəs düşünməsin ki, ermənilər böyük məğlubiyyətdən sonra dinc oturacaqlar. Bu belə deyil. Həmişə bizə mane olmağa çalışacaqlar və cavablarını alacaqlar.
Ermənilərin uydurmalarından artıq dünya da bezir. Azərbaycanla müharibədə məğlub oldular, indi isə bir-birləri ilə vuruşurlar. Onlara düşmən lazım deyil. Biz onların çirkin addımlarını öz torpaqlarımızdan uzaqlaşdırdıq. İndi öz aralarında nə edirlər, etsinlər”.
Aysel Aslan
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti