Azərbaycan mətbuatı özünü 44 günlük Vətən müharibəsi zamanı təsdiqlədi.
Oxu.Az "Report"-a istinadən xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Qlobal informasiya mühiti və media trendləri" konfransı - "MEDİAFEST-2025" çərçivəsində jurnalistlərə açıqlamasında "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.
O bildirib ki, Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə əlaqədar tədbirlərə Naxçıvanda start verilib:
"Tədbir olduqca yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə Naxçıvan səlahiyyətli nümayəndəliyinə və "Şərq qapısı" qəzetinə öz təşəkkürümü bildirirəm. Digər tərəfdən, Naxçıvan hər zaman Azərbaycan mətbuatında, ədəbiyyatında xüsusi bir rol oynayıb. Tədbirlərin də sırf Naxçıvanda başlaması rəmzi məna daşıyır".
F.Hüseynəliyev bildirib ki, aktual məsələlər barədə panel müzakirələr aparılıb:
"Azərbaycan mətbuatının keçdiyi yol və gələcəkdə bizim qarşımızda duran məqsədlərimizə çatmaq üçün vasitələrdən danışıldı. Düşünürəm ki, növbəti illərdə Azərbaycan mətbuatının daha da inkişaf etməsi üçün yeni texniki vasitələr, çağırışlar var. Azərbaycan mətbuatı özünü 44 günlük Vətən müharibəsi zamanı təsdiqlədi. Mətbuatın fəaliyyəti göstərdi ki, biz istənilən düşmənlə mübarizə apararaq qalib çıxa bilərik".