“Ədalətli həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə gətirib çıxaracaq dinamika yaratmaq ümidi ilə fəal çalışacağam”.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Mediamax” nəşrinə müsahibəsində ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti deyib.
“Qafqaz regionu ilə çoxdan tanışam. Ermənistan, Azərbaycan və Gürcüstana ilk səfərimi 1999-cu ildə - tələbə olarkən səyahətə çıxdığım zaman etmişəm. Regionun zəngin və qeyri-sabit tarixini araşdırmışam və burada yaşayan bütün xalqlara qarşı heyranlıq və yaxınlıq hiss edirəm”, - deyə həmsədr deyib.
O əlavə edib ki, 1997-2002-ci illərdə Fransanın baş naziri Lionel Jospenin beynəlxalq məsələlər üzrə müşaviri olan zaman ATƏT-in Minsk qrupunun işi ilə təmasda olub.
S.Viskonti eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin dəqiq tarixinin hələ bilinmədiyini vurğulayıb:
“Çox güman, həmsədrlər tərəflərlə məsləhətləşmələr aparmaq üçün yazda regiona səfər edəcək”.
A.S.
www.oxu.az