Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində növbəti seminar dekabrın 4-də Masallı rayonunda keçirilib.
Mərkəzdən Oxu.Az-a verilən xəbərə görə, budəfəki seminar “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunu əhatə edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov 2014-cü ildən etibarən keçirilən elmi-praktik seminarlar layihəsi çərçivəsində bir sıra maraqlı mühazirələrin oxunduğunu, ölkəmizin tanınmış ziyalılarının, alimlərinin ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti haqqında danışaraq ictimaiyyəti, xüsusilə də gəncləri ulu öndərin xidmətləri haqqında yeni faktlarla tanış etdiklərini bildirib.
Anar Ələkbərov Heydər Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 2015-ci ildən etibarən Heydər Əliyev Mərkəzi tərəfindən müxtəlif qurumların tərkibində Heydər Əliyev məktəblərinin yaradıldığını da qeyd edib.
Ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeritetində “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”, Masallı rayonunda “ASAN Həyat” kompleksinin nəzdində “Heydər Əliyev İncəsənət Məktəbi” yaradılıb. Bugünkü məşğələnin də canlı telekörpü vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində ümumilikdə 800-dən çox iştirakçı tərəfindən izlənildiyini deyib.
“Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik illərində iqtisadiyyatın inkişafına böyük önəm verirdi. Ümummilli liderin fikrincə, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir və istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”, - deyən Anar Ələkbərov Heydər Əliyevin bu sahədəki xidmətləri barədə ümummilli lider Heydər Əliyevlə uzun illər çiyin-çiyinə çalışmış iqtisadçı-alim, akademik Ziyad Səmədzadənin mühazirəsinin əhəmiyyətli olacağını bildirib.
Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə mühazirəsində Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb.
Akademikin sözlərinə görə, Heydər Əliyev sübut etdi ki, Azərbaycan suveren dövlət kimi öz təbii sərvətlərinin sahibidir və tarixin ona verdiyi bu şansdan xalqının mənafeyi naminə uğurla istifadə edilməlidir. O, neft siyasətini ümumi inkişaf strategiyası, hüquqi demokratik cəmiyyətin prinsipləri ilə əlaqələndirib, milli mənafelər, investisiya mühitinin yaxşılaşması üçün zəruri tədbirlər həyata keçirdi, Amerika və Avropanı Azərbaycanın maraqlarına cəlb edib.
Ziyad Səmədzadə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyini təsis etməsinin əhəmiyyətli addım olduğunu bildirib.
Elmi-praktik seminar iştirakçıların sualları ətrafında müzakirələrlə davam edib. Bu müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindəki dinləyicilər də iştirak edib.
A.S.
www.oxu.az