"Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yeni dünya nizamının formalaşması və onun strateji konturları barədə danışarkən Qlobal Cənubu bu prosesdə mühüm aktor kimi qiymətləndirdi. Mən düşünürəm ki, əgər biz çoxqütblü dünya nizamından danışırıqsa, burada əsas qütblərdən birinin məhz Qlobal Cənub olacağını aydın şəkildə görməliyik".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, Qlobal Cənub anlayışı dünya əhalisinin və qlobal iqtisadiyyatın böyük hissəsini özündə birləşdirir:
"Buraya Çin, Hindistan, Pakistan, İndoneziya, Malayziya və digər iri dövlətlər daxildir. Ona görə də, əgər beynəlxalq münasibətlər sistemi doğrudan da yeni dünya nizamına doğru irəliləyirsə, burada Qlobal Cənubun son dərəcə mühüm və əhəmiyyətli rolu olacaq. Bu, təkcə demoqrafik məsələ deyil, həm də iqtisadi məsələdir. Çünki bu gün dünyada istehsal olunan maddi məhsulların böyük hissəsi Qlobal Cənub ölkələrinin payına düşür.
Hikmət Hacıyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın Qlobal Cənubla münasibətlərinin strateji platformaya yüksəlməsidir. Hazırda Azərbaycan Qlobal Cənub ilə Qərb arasında mühüm körpü rolunu oynayır.
Şübhəsiz ki, yeni dünya nizamının əsas qütblərindən biri Qərb olacaq. Lakin Qərbin özü də transformasiya prosesindən keçir, mövcud ittifaqlar yeni çağırışlara uyğun şəkildə yenidən formalaşır. Bu prosesləri həm Avroatlantik məkanda, həm də digər Qərb strukturlarında müşahidə edirik.
Hikmət Hacıyevin səsləndirdiyi fikirlər dərin siyasi təhlilin nəticəsidir".
O, sözlərinə belə davam edib:
"Təəssüf ki, hazırkı mərhələdə bəzi ənənəvi imperialist dövlətlər yaranmış geosiyasi vəziyyəti strateji boşluq kimi qiymətləndirirlər. Məsələn, Fransa hesab edir ki, Cənubi Qafqazda müəyyən geosiyasi boşluq yaranıb və bu boşluğu doldurmağa çalışır. Neokolonializm meyilləri də məhz bu cür yanaşmalardan qaynaqlanır.
Halbuki Fransanın neokolonial siyasəti dünya miqyasında ciddi tənqid olunur. Azərbaycan isə müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstək verməklə öz müstəqillik və qətiyyət nümunəsini nümayiş etdirir. Əgər biz yeni dünya nizamından danışırıqsa, nəzərə almalıyıq ki, bəzi imperialist mərkəzlərin neokolonial siyasəti bu prosesə mane olur və yeni beynəlxalq münasibətlər sisteminin formalaşmasını ləngidir. Lakin XXI əsrdə bu siyasətlərin perspektivi getdikcə azalır. Azərbaycan kimi qətiyyətli dövlətlər bu cür yanaşmaları qəbul etmir və onlara qarşı prinsipial mövqe nümayiş etdirirlər".
H.Babaoğlu vurğulayıb ki, Azərbaycan formalaşmaqda olan yeni beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi çıxış edir:
"Eyni zamanda, Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda müttəfiqləri ilə birlikdə fəaliyyət göstərir. Bütün bu fəaliyyətin mərkəzində Azərbaycanın milli maraqları və Azərbaycan xalqının iradəsi dayanır. Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərindən - hüququn aliliyi, ədalətin təmin olunması və xalqların öz müqəddəratını müəyyən etməsi prinsiplərindən çıxış edir.
Yəni hər bir milli dövlət öz xalqının iradəsinin ifadəsi olaraq formalaşır və bu iradənin üzərində başqa bir iradə dayanmamalıdır.
Azərbaycan yeni dünya nizamını məhz bu prinsiplər əsasında görür. Heç bir hegemon dövlət olmamalıdır. Dünya xalqları bərabər hüquqlara malik olmalı və beynəlxalq münasibətlər də bu bərabərlik prinsipi üzərində qurulmalıdır.
Azərbaycan indiyədək həm regionda, həm də beynəlxalq münasibətlər sistemində sübut edib ki, dövlətlərin böyüklüyü onların ərazisində deyil, ədalətində, inkişafında və prinsipial mövqeyində ölçülür. Azərbaycanın yeni dünya nizamına baxışı da məhz bu yanaşmaya əsaslanır".