Elşad Məmmədli yazır...
Prezident İlham Əliyev noyabrın 12-də yeni vəzifəyə təyin etdiyi icra başçılarını qəbul edərkən çox açıq danışdı, aydın tapşırıqlar və mesajlar verdi, onların qarşısında konkret öhdəliklər qoydu.
Cənab Əliyev xüsusilə vurğuladı:
- Məmurlar təkəbbürlü olmamalı, xalqla bir yerdə olmalıdır;
- Vəzifəlilər və yaxınları həyatda, məişətdə özlərini nümunəvi aparmalıdırlar, hakimiyyətin nüfuzuna ziyan vuracaq əməllərə yol verməməlidirlər;
- Yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən problemlərin həllinə nail olmalıdırlar;
- Məsələlərin həllində əsas prinsip sosial ədalət prinsipi olmalıdır, hər bir bölgədə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir;
- Bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri olan işsizliyin aradan qaldırılması üçün dövlətin icra etdiyi proqramlarla yanaşı, yerlərdəki rəhbərlər iş yerlərinin təşkilinə çalışmalıdır, iş adamlarına şərait yaratmalıdır;
- Kənd təsərrüfatı və turizmlə bağlı dövlət xətti ilə görülən işlər genişləndirilməlidir...
İcra başçıları əslində bu tapşırıq və öhdəliklərdən sonra sözün əsl mənasında yarışa girməlidirlər.
Bu, onlar üçün böyük fürsətdir. Nümunə qoymaq, dövləti, prezidenti sevdiklərini sözdə yox, əməlləri ilə sübut etmək üçün şansları yaranıb. Əgər məmur tədbirdə, müsahibədə söz olaraq dövləti, prezidenti sevdiyini deyirsə, amma əməlləri ilə bunu göstərmirsə, yaxud əksini edirsə, deməli, səmimi deyil, danışdıqları pafosdan, özünü sığortalamaq cəhdindən başqa bir şey deyil.
Təəssüflə qeyd etməliyik ki, uzun zaman icra başçılarının normal fəaliyyət imkanı məhdud olub.
Bunun səbəbini də elə Prezident İlham Əliyev özü açıqlayıb.
Sitat: "Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər...
Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək".
Söhbətin, nədən, kimdən getdiyi aydındır və istəməzdim bu yazıda o ikrah doğuran, uzun illər göstərilmiş etimaddan sui-istifadə edib Azərbaycana, dövlətin ali rəhbərliyinə xəyanətlər etmiş adamın adını çəkim...
Fakt budur ki, Prezidentin elan etdiyi kimi, qarşıda icra başçılarına heç kim qanunsuz tapşırıqlar verməyəcək!
Məsələn, əvvəllər hansısa qanunsuzluğu edən məmur deyirdi və bir çox hallarda sübutları da vardı ki, ona bu naqis hərəkəti həyata keçirməyi filankəs tapşırıb. Bəzən özfəaliyyətlərini də belə pərdələyirdilər.
Ancaq indi bu bəhanələri də olmayacaq, çünki qanunsuz tapşırıq verilməyəcəyini, buna cəhd edənlərin ciddi cəzalandırılacağını dövlət başçımız açıq tekstlə bəyan edib. Hər kəs öz payını götürüb.
İndi icra başçıları onlara göstərilən etimadı doğrultmaq üçün dərhal hərəkətə keçməlidirlər.
Hazırda ölkəmizdə tam fərqli bir inkişaf tendensiyası var və Azərbaycanın bütövlükdə regionumuzda yaratmış olduğu reallıqlar çərçivəsində daxildə - xüsusən rayonlarımıza da yeni ab-hava gəlməlidir. Bu mütləqdir.
Sadə vətəndaşın gözündə dövlət anlayışı həm də onunla birbaşa təmasda olan və dövlət adından danışan məmurun davranışına uyğun ucala bilir. Sakinə məmur dövlət adından sevgi, qayğı ilə yanaşarsa, ondan mükəmməl bir vətəndaş olacaq. Yox, onu əzəcəksə, diqqət yetirməyəcəksə, onda vətəndaşın dövlətə inamını sarsılacaq...
Odur ki, icra başçısı problemlərin həllinə çalışmaqla, iş adamlarına dəstək olmaqla, iş yerlərinin yaranmasını təşkil etməklə həm də dövlətə, hökumətə səmimi münasibətini göstərmiş sayılır.
Çox təəssüf ki, fəaliyyət, iş prinsipləri baxımından bugünədək digərindən ciddi şəkildə fərqlənən bir icra başçısının adını çəkə bilmirik. Şablon prinsipləri təkrarlayıblar. Güman ki, bu da elə vaxtı ilə mərkəzdən verilən tapşırığın nəticəsi olub.
İndi isə icra başçıları özlərini təsdiqləmək, fərqli düşüncə, potensial sahibi olduğunu göstərmək üçün meydana atıla bilərlər. Daha yaxşı iş ortaya qoymaq üçün yarışa da bilərlər. Bəs bunu ilk kim edəcək? Edən olacaqmı? Maraqlıdır...
Bu kontekstdə bir məqam da diqqətdən qaçmamalıdır: real təsirlərə malik sağlam ictimai nəzarət!
Söhbət hansısa şura yaradıb formal işlər görməkdən getmir.
Media, ictimai fəallar, aktiv QHT rəhbərlərinin bu yöndə böyük faydaları dəyə bilər ümumi prosesə.
Bunun mükəmməl mexanizmlərinin hazırlanmasına da başlanılmalıdır.
İnkişaf üçün ciddi ictimai nəzarət başlıca şərtlərdəndir.
