Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, fərman ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə imzalanıb.
Sənəddə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə və İqtisadiyyat nazirliklərinə hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat verəcək.
Nazirlər Kabineti isə bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.