Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir. Əgər dövlət o məsuliyyəti onun üzərinə qoyursa, yaxud da ki, prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün bir nümunə olmalıdır.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Bərdədə məcburi köçkün, şəhid ailəsi ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Prezidentin sözlərinə görə, rəhbər kadrlar nümunə olmalıdırlar.
“Hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar”.
İlham Əliyev vəzifəli şəxslərin təmtəraqlı tədbirlər keçirmələrinə də münasibət bildirib.
“Bilirsiniz, bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm. Ona görə, hesab edirəm ki, bu da dərs oldu. Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür.
Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları vardır. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olubdur. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar”.