Azərbaycana silah satan Rusiya ermənilərin yeni soyqırımını hazırlayır.
Oxu.Az xəbər verir ki, bu barədə “Karabakh-open” portalına müsahibəsində Qarabağ separatçılarının silahlı qruplaşmalarının keçmiş rəhbəri Arkadi Karapetyan Rusiyanın Azərbaycana böyük miqdarda silah satması barədə xəbərləri şərh edərək bildirib.
Onun sözlərinə görə, bu silahlar minlərlə erməninin qırılmasına yönəlib:
“Düşünmürəm ki, Azərbaycana silah satan Rusiya Cənubi Qafqazda balansı qorumağa çalışır. Əksinə, o, vəziyyətin közərən vəziyyətdə qalmasını dəstəkləyir və Ermənistana heç bir aidiyyatı olmayan hərbi bazasını gücləndirir. Məni xüsusilə də Azərbaycanın “Smerç” (şəkildəki) reaktiv yaylım atəş sistemlərini alması narahat edir. Siz təsəvvür edirsiniz bu silah Xankəndiyə yönəldilərsə nələr baş verəcək? Minlərlə insan həlak olacaq”.
Karapetyan həmçinin bəyan edib ki, Rusiya Ermənistana T-72, Azərbaycana isə T-90 tankları satır:
“Nə üçün onlar balans xatirinə bizə “Smerç” və qırıcı təyyarələr satmırlar?”.
Rusiyanın Ermənistanda “İsgəndər” əməliyyat-taktiki raketlər yerləşdirməsi barədə danışan Karapetyan qeyd edib ki, bu raketlər Ermənistandakı rus bazasının sərəncamındadır. Ermənistanın bu tipli silahları tətbiq etmək üçün mütəxəssisləri yoxdur:
“Bundan başqa, “İsgəndər” yalnız qərargah və ayrı-ayrı obyektlərə yönləndirə bilər. “Smerç” isə kütləvi qırğın silahıdır. Bir “Smerç” maşını 67 hektar sahədə hər şeyi məhv edir. Regionumuzda “Smerç” atom bombasına bərabərdir. Azərbaycanın Qarabağda “Smerç”i tətbiq etməsi ermənilərin soyqırmı deməkdir. Rusiya biznesmen və ya ciddi dövlət olduğunu ayırd etməlidir”.